Manşet

Kreml tələsir, Putin niyə təlaşlıdır? – Peskovdan üçtərəfli görüşlə bağlı AÇIQLAMA

Kreml sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ehtimal edilən görüşü ilə bağlı növbəti açıqlama verib. O bildirib ki, Rusiya belə bir görüşün baş tutacağına inanır. Daha əvvəl də Putinin azərbaycanlı həmkarı İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı görüşə dəvət etməsinə dair məlumat yayılmışdı.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Moskvanın təlaşlandığı və tələsdiyi göz önündədir və bu, təsadüfi deyil:

“Qərbin Cənubi Qafqazda artan fəallığı, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqının təşəbbüskarlığı Kremli narahat edir. Rusiya regionda onilliklər boyu qoruduğu təsir dairəsinin zəifləməsi ilə barışa bilmir. Əvvəllər Rusiyanı düşündürən məsələ bölgədə sabitliyin təmin olunmaması idi. İndi isə bu, şimal qonşumuz üçün vacibliyini itirib. Moskva Bakı ilə İrəvan arasında səmimi vasitəçi olmağa hazırdır. Yetər ki, proseslər öz nəzarətində olsun və Qərbin regiondakı rolu artmasın”.

Müsahibimiz qeyd edib ki,  Rusiya artıq sivil dünyadan təcrid olunur:

“Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Dünən Polşa senatı da oxşar məzmunlu qətnamə qəbul etdi. Belə bir şəraitdə qonşuları ilə münasibət Kreml üçün həyati əhəmiyyətlidir. Bir müddət əvvəl Prezident İlham Əliyev demişdi ki, bu ilin sonuna qədər Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər. Ermənistandan da oxşar məzmunlu siqnallar gəlib. Bu, Rusiyanı tələsdirən əsas məqamlardandır. Çünki Moskva tərəflər arasında yekun sülh müqaviləsinin moderatoru olmasa, Cənubi Qafqazdakı nüfuzunu tamamilə və əbədi itirə bilər. Fikrimcə, bu ayın sonu və ya gələn ayın əvvəli Rusiyada üçtərəfli formatda görüş baş tuta bilər. Moskva regionda yenə də aparıcı dövlət olmaq istəyirsə, nəhayət, indi səmimi olmalı və sülh istiqamətində ciddi addımlar atmalıdır. Bu, bəlkə də, Kremlin son şansıdır”.

Günay Rəsulqızı

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button