Manşet

Ziya Məmmədovun oğluna ağır zərbə: Amerika yolu bağlanır…

Ziya Məmmədovun oğluna ağır zərbə: Amerika yolu bağlanır...Mənimsənilən milyonlara görə hesab zamanı gəldi; İqtidar Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansının fəaliyyətinə son verir; SOCAR ABŞ-da lobbi təşkilatları ilə müqavilə bağladı; hakimiyyət lobbi adına xərclənən pulların hesabını sormağa başladı…

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika-Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun lobbiçilik fəaliyyətindən uzaqlaşdırılmasına qərar verilib. Bu barədə qəzetimizə mötəbər qaynaqlardan informasiya daxil olub. 2011-ci ildə Amerikada Azərbaycanın lobbi işinin aparılması məqsədilə A.Məmmədovun rəhbərliyi ilə yaradılan qurumun fəaliyyətsizliyindən iqtidarda çoxdan narazılıq var idi.

Vaxtilə geniş piar-propoqandası aparılan Alyansın son aylar, ümumiyyətlə, fəaliyyəti barədə hər hansı məlumat yoxdur. Hər il 28 mayda Vaşinqtonda ənənəvi tədbir düzənləyən, daha doğrusu, ziyafət verən, lobbi təşkilatları rəhbərləri, senator və konqresmenlərlə fotolarını paylaşan A.Məmmədov bu il səssiz qaldı, Respublika Günü Azərbaycanın ABŞ-dakı səfirliyi səviyyəsində qeyd edildi.

Prezidentliyə sabiq namizəd Hafiz Hacıyev hələ bir müddət əvvəl Amerikadan Azərbaycan hakimiyyətinə artan təzyiqlərdən danışarkən sensasion sayıla biləcək açıqlama vermişdi: “Mən Azərbaycanın düşdüyü bu vəziyyətdən çıxmaq üçün yalnız bir yol görürəm. Dövlətə, prezidentə xəyanət edən adamların hamısı istefaya getməli və həbs edilməlidir. Siyahıda bir neçə nazir var. Hansı ki, övladları Vaşinqtonda 10 milyona qədər vəsait xərcləyib, dədələrinin təbliği ilə məşğuldurlar. Xaricdən stenoqramlar gəlməlidir, Konqres, Senat üzvlərinə ”kifayət qədər pulumuz var, dədəmi müdafiə edin\”, – deyə o bildirmişdi.

H.Hacıyev ad çəkməsə də, “daşı kimin bostanına atdığı” aydın idi.

Xəbərlərə görə, bir neçə gün əvvəl nəqliyyat naziri Anar Məmmədov təsisçisi olduğu Azərbaycan-Amerika Alyansının yarıtmaz fəaliyyətinə görə Prezident Administrasiyasında sorğu-suala çəkilib, təşkilata ayrılan pulların hesabı sorulub (“Azadlıq”qəzeti). “Bəzi məlumatlara görə, təşkilata ayda təxminən 3 milyon dotasiya ayrılır” – xəbərdə iddia olunur. Təşkilatın büdcəsi ilə bağlı hələ indiyədək heç bir rəsmi məlumat verilməyib. Bəzi iddialara görə, yarandığı ilkin dövrdə Alyansın maliyyəsini hakimiyyətdə geniş maddi sərvətlərə sahiblənmiş Məmmədovlar klanı öz üzərinə götürübmüş. Amma bu, heç də o demək deyil ki, bu pullar Məmmədovların öz şəxsi büdcəsindən xərclənib və iqtidar bunun hesabını aparmayıb. Belə görünür ki, iqtidar Məmmədovların fiaskosunun səbəbləri ilə yanaşı, Alyansın maliyyə pripiskasını da araşdırır.

ABŞ Ədliyyə Nazirliyi təkcə 2013-cü ildə A. Məmmədovun “Fabiani & Company” lobbi şirkətinə son illərdə üst-üstə 5 milyon dollar ödədiyini açıqlamışdı. Buraya qeyri-rəsmi ödənişləri də əlavə etsək, iqtidarın xərclənən milyonların hesabını aparmaqda heç də xırdaçılıq etmədiyi aydın olar.

Yeri gəlmişkən, ötən ayın sonunda Amerikanın “Mother Jones” online jurnalı “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma yazısında nazir oğlunun sərvəti barədə də yazmışdı. Məqalədə bildirilirdi ki, Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in dəyəri 1 milyard dollardan çoxdur və o, “Tramp Hotel” brendi üçün ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trampa 2.5 milyon dollar ödəyib. Yəni ortaya çıxan mənzərə budur ki, iqtidar bu təbliğatdan xeyir görməsə də, Məmmədovlar daha da varlanıb, hətta ABŞ prezidentliyinə milyarder namizədlə şərikli biznes qurmaqla siyasi və iqtisadi güclərini də artırmağa nail olublar.

SOCAR-ın ötən həftə Amerikanın lobbi təşkilatları ilə iki müqavilə imzalaması A.Məmmədovun lobbi fəaliyyətindən uzaqlaşdırılması barədə xəbərləri təsdiqləyir. “The Hill” qəzeti xəbər verir ki, SOCAR “Global Policy İnitiatives” və “30 Point Strategies” adlı lobbi firmaları ilə ötən ay müqavilə bağlayıb (virtualaz.org).

Müqavilələr barədə məlumat Amerika qanunvericiliyinə uyğun olaraq Ədliyyə Departamentinin məlumat bazasında yerləşdirilib. Bildirilir ki, SOCAR Amerika lobbi firmaları ilə iyulun 22-də müqavilə imzalayıb. Müqavilələrdən birinə əsasən “30 Point Strategies” KİV, Birləşmiş Ştatlar hökuməti və Konqresi qarşısında meydana çıxan məsələlər və ictimai işlərlə bağlı SOCAR-a məsləhətlər verəcək. Bu xidmətin əvəzində firma ayda 17500 dollar alacaq.

“Global Policy İnitiatives” firması isə həmin xidmətlərə görə SOCAR-dan ayda 7500 dollar alacaq. Firmalar SOCAR-ın maliyyə dəstəyi hesabına bir qrup Konqres üzvünün Bakıya səfəri ətrafında xüsusilə erməni lobbisinin ABŞ-da qızışdırdığı qalmaqalla da məşğul olacaq. İlk baxışdan burada A.Məmmədova toxunacaq bir məsələ olduğu görünmür.

Çünki SOCAR varlı bir şirkətdir və istədiyi lobbi təşkilatı ilə əməkdaşlıq edə bilər. Amma bizim mənbənin məlumatına görə, Alyans bir neçə ildir ki, Amerikada Azərbaycan xeyrinə lobbi fəaliyyətini “monopoliyaya” alıbmış. Alyans hər cür lobbi fəaliyyətini öz üzərinə götürərək, Azərbaycanın bütün maraqlarını qoruyacağına vəd veribmiş. Məmmədovların indi bu qədər sorumlu tutulmasının əsas səbəblərindən biri də sonucda öhdəsindən gələ bilmədikləri həmin vəd olub. SOCAR-ın indi özünü erməni lobbisinin hücumlarından qorumaq üçün həm də çox az miqdarda pul müqabilində müqavilə imzalaması Alyansa inamın tam itdiyinə işarədir.

Bu baxımdan SOCAR-ın Amerikada ona edilən hücumlara görə özünü müdafiə etmək üçün lobbi firmalarına sifariş verməsi başadüşüləndir. İqtidarın Beynəlxalq Banka kredit borcu olan oliqarxlarla bağlı sərt mövqeyi onu deməyə əsas verir ki, neft pullarının tükəndiyi bir vaxtda mənimsənilmiş hər dolların hesabını aparacaq və kimsəyə aman olmayacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button