Manşet

Facebook “terrorçuları” iş başında: Gərgin günə sözardı

Facebook “terrorçuları” iş başında: Gərgin günə sözardıGün gərgin, çox gərgin keçdi. Bu sətirlərin müəllifinin də içində olduğu bir qrup jurnalistin ölkə başçısına müraciət edərək repartyor Rasim Əliyevin ölüm işi ilə bağlı barəsində həbs qəti imkan tədbiri seçilmiş “Qəbələ” futbolçusu Cavid Hüseynovun zaminə buraxılmasına yardımçı olmasını xahiş etməsi günün əsas mövzusu, bizlərin isə başağrısı oldu.
Biz sözügedən müraciətdə jurnalistin ölümünün araşdırılmasının istintaqın işi olmasını vurğulamış, Cavid Hüseynovun zaminə buraxılmasını istəmişdik. Zatən, Cavid Hüseynovun ittiham olunduğu suç cinayəti bilib, xəbər verməməkdi. Amma bu da hələ təsdiqlənməyib, sadəcə adamı buna görə həbs ediblər. Bu məqamı ona görə xatırlatdıq ki, istintaq mərhum jurnalistin Cavid Hüseynov tərəfindən döyüldüyünü, öldürüldüyünü nəzərdə tutmur. Sübuta yetirilərsə onun məlum cinayətdə iştirakı qohumlarının Rasimi döymək niyyətini bilib, tədbir görməməsidir. Odur ki, Cavid Hüseynov zaminə buraxılarsa, bunun istintaqa hansı zərəri dəyə bilər ki…Adam qaçası deyil, cinayətdə iştirakı sübut olunacaqsa onu cəzadan heç nə və heç kim qurtara bilməz.
Şəxsən mən onun zaminə buraxılmasını Cavid Hüseynovun “Qəbələ”- “Panatinaikos” matçında azarkeşlər sırasında olmasına görə istəmişəm. Adamın Kiprdə yunanların Azərbaycan bayrağını təhqir etməsinə cavab olaraq önəmli və vacib jestlər nümayiş etdirməsi çox qürurvericiydi və bütün bunları yalandan, nəyinsə xatirinə etmək olmur. Cavidin içində böyük bayraq sevgisi var, hər halda mən belə hesab edirəm. Odur ki, sevincə tamarzı qaldığımız bu günlərdə bizə qol sevinci və qürurlu anlar yaşadan istedadlı futbolçunun məhkəməyə qədər azadlıqda olmasını istəməkdən təbii nə ola bilər?
Çox, amma lap çox vacib məqam: Sosial şəbəkə fürsətçiləri, facebook “terrorçu”ları qəti belə düşünməyə çalışmasın ki, guya bu təşəbbüs mərhum həmkarımız Rasim Əliyevin qatillərinin cinayət məsuliyyətindən yayınmasına hesablanıb. Gün ərzində bu sözləri facebook-da o qədər yazmışam ki, artıq eyni fikri daha hansı formada və fərqli şəkildə yaza biləcəyimi belə bilmirəm: Əgər, Tanrıya inanırsınızsa ona and olsun, Tanrıya da inanmırsınızsa İNANDIĞINIZA and olsun ki, cinayətkarın və ya cinayətkarların cəzalandırılmasını ən azından sizlər qədər istəyirik. Adamı qova-qova namərd eləməzlər….
Sosial şəbəkələrdə nələr yazmadılar: Bu hakimiyyətin sifarişidir, məqsədsə guya Rasim Əliyevin qatillərini cəzadan yayındırmaqdır. Guya həmin müraciəti imzalayanlar bunun qarşılığında pul alıblar…Sifarişçi Kamaləddin Heydərovdur və s…
Hə, indi sağlam məntiqlə düşünək. Axı gün ərzində bu kateqoriyadan olan çoxsaylı cinayət hadisələri olur və Rasim Əliyev də jurnalist fəaliyyətinə, hansısa yazısına görə öldürülməyib. Tərəflər arasında “facebook atışması” olub, daha doğrusu mərhum jurnalist Cavid Hüseynovun yunan jurnalistinin “meydanda niyə türk bayrağı dalğalandırdınız?” sualına yumruqlarını bir-birinə vurmaqla cavab verib. Mərhum jurnalist isə özünün facebook hesabında bunu böyük tərbiyyəsizlik adlandırıb və tərəflər arasında söz ixtilafı yaşanıb. Sonradan tərəflər anlaşıb, hətta Rasim Əliyev onun jestini səhv anladığını deyərək Cavid Hüseynovdan üzr istəyib. Təəssüf ki, məsələ bununla bağlanmayıb və sonradan artıq hamımızın bildiyi kimi Cavid Hüseynovun bibisi oğlu Rasim Əliyevi çay içməyə dəvət edib və onların görüşməsi faciəyə səbəb olub. Ölümcül döyülən Rasim Əliyev çox sağlam görünməsinə rəğmən xəstəxanada dünyasını dəyişib.
Çoxlarına bəlli olan bu təfərrüatı bilirsiniz niyə yazdım? Çünki bugünkü gərgin facebook müzakirələrində təəssüf hissiylə başa düşdüm ki, hələ çoxları ümumiyyətlə hadisənin necə baş verməsindən xəbərsizdir. Xatırlatmamın bir səbəbi isə Rasim Əliyevin jurnalist fəaliyyətinə görə döyülməməsini yada salmaq cəhdidir. Tutaq ki, o mühəndis də olsaydı və məlum statusu yazsaydı eyni reaksiya ilə üzləşəcəkdi.
Yaxşı, indi məsələnin ikinci tərəfini araşdıraq. Hakimiyyətin nəyinə lazımdır ki, sıradan bir cinayət hadisəsini ört-basdır eləsin? Axı, Rasim Əliyev siyasət yazarı da deyil ki, düşünək: Onu aradan götürmək hakimiyyətə lazım ola bilərdi? Əksinə, bu günə qədər bir neçə jurnalist qətlini açmayan ya da qəsdən açmaq istəməyən hakimiyyətə çox lazımdır ki, bu işdə əli olan hər kəs cəzalandırılsın: sonra desinlər ki, baxın, səs-küy salmışdınız, amma biz jurnalistin qatillərini qısa müddətdə tapdıq da, onları cəzalandırdıq da. Bu daxili auditoriyaya hesablanmış piar kampaniyası üçün hakimiyyətin işinə yarayar.
Cavid Hüseynovun zaminə buraxılması ideyasının Kamaləddin Heydərovun sifarişi olmasına gəlincə isə bundan gülməli nəsə tapmaq bəlkə də mümkün deyildi. Cavid Hüseynov Kamaləddin Heydərov üçün nə qədər əziz və doğma oldu ki, ona görə jurnalistin qanını batırmaq kimi təhlükəli bir işə qol qoysun? Yaxşı, təsəvvür edək ki, bu Kamaləddin Heydərovun sifarişidir, belə olan halda o bu işə birbaşa onun maliyyəsi ilə qidalanan çox nüfuzlu media quruluşlarını niyə cəlb etmir? Açığa çıxacağından qorxur? Bəs, eyni sifarişi bizə veribsə və bəlkə heç normal təhsil görməyən facebook fəalı belə “bu Kamaləddin Heydərovun işidir” deyə bağırırsa, bunu lazımı dairələr bilməyəcəkdi?
Görürsünüzmü, əks düşərgənin heç bir arqumenti zəif tənqidə belə davam gətirmək gücündə deyil. Amma bizim də cavabını almaq istədiyimiz suallar da var, “haqq-ədalət keşikçisi” olan facebook fəalları buna cavab versə pis olmazdı: Görəsən, bəzi qüvvələr niyə Rasim Əliyev mövzusunun gündəmdə qalması üçün əllərindən gəlməyəni də edir? Bilə-bilə ki, Rasimin ölümü hakimiyyətə lazım deyildi, əksinə ona gözlənilməz problemlər yaratdı – yazırlar ki, hakimiyyət daha bir jurnalistin qanını batırır?
Vaxt olanda bu haqda da düşünməyə dəyər. Hə, yadımdan çıxmamış bunu da yazım: Şəxsən mən, Kamaləddin Heydərov qarışıq bu rejimin hakimiyyətdən getməsini istəyənlərdənəm. Həm də səmimi şəkildə istəyənlərdən…
Zülfüqar SAVAŞ

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button