Manşet

Azərbaycanda dollar həyacanı: Əhali kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutub

Azərbaycanda dollar həyacanı: Əhali kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutubMərkəzi Bank kommersiya banklarına vəziyyəti düzəltmək üçün tapşırıq verib

Dünən Azərbaycan Milli Bankının təsdiq etdiyi rəsmi məzənnəyə görə 1 ABŞ dolları 1,0486 AZN olub. Valyutadəyişmə məntəqələrində səhər saatlarında 1 ABŞ dollarını əhalidən 1,0423 – 1,0427 kursu ilə alsalar da, axşamüstü dollara tələbatın artması ilə əlaqədar olaraq saat 17 radələrindən sonra satış kursuna kəskin korrektə ediblər.

Caspian Barrelin bazar iştirakçılarına istinadən verdiyi xəbərə görə, axşama doğru əhalidən 1,0439 kursu ilə almağa başlayıblar. Satış isə 1,0520 – 1,0530 aralığında həyata keçirilib. Hətta bəzi valyutadəyişmə məntəqələri dollar satışını dayandırıblar. Bildirilənə görə, bu sadəcə həmin məntəqələrdə yetərincə dolların olmaması ilə əlaqədar olub.

Dünən paytaxtın Yasamal rayonunda yerləşən bir neçə valyutadəyişmə məntəqəsinə baş çəkib durumu araşdırmağa çalışdıq. Fotolardan göründüyü kimi, əksər məntəqələrdə qələbəlik hökm sürürdü, pullarını dəyişməyə gələnlər növbə yaratmışdılar. Məntəqəyə gələn bir neçə paytaxt sakini ilə söhbətləşdik, məlum oldu ki, onlar bankların birində saxladıqları depozitləri geri alıb indi dollara dəyişməyə gətiriblər: \”Banklarda dəyişə bilmədik, dolların olmadığını bildirdilər\”-deyə həmsöhbətimiz vurğuladı.

Digər valyutadəyişmə məntəqəsinə gələnlərin də əlində iri bükülülər vardı. Söhbətləşdik, dediklərinə görə neftin qiymətinin ucuzlaşması, başqa ölkələrdə Milli valyutaların dəyərdən düşməsi onlarda narahatlıq yaradıb. Ona görə evdə, qohumda nə varsa yığıb dəyişməyə gətiriblər.
Baş çəkdiyimiz digər məntəqələrdə isə dollar satışı dayandırılmışdı. Məntəqənin əməkdaşı bunun səbəbini gün ərzində ABŞ valyutasına tələbatın çox olması ilə izah etdi. \”Gözləyək, görək səhər nə olur. Ola bilər ki, Mərkəzi Bank valyuta məzənnəsində müəyyən dəyişikliklər etdi\”.
Həmsöhbət olduğumuz bir məntəqə işçisi isə bu tendensiyanın 21 fevralda baş verən devalvasiyanın təkrarlanacağına səbəb olacağını dedi. \”Rəsmi şəxslər də deyirlər ki, manatın kursu neftə bağlıdır, ucuzlaşsa, milli pul da dəyərini itirəcək. Bilirsiz ki, bazarda neftin qiyməti 46 dollardır və qiymət üzüaşağı gedir. Ona görə camaat əlindəki manatdan xilas olmağa çalışır. Yəqin ki, yaxın günlərdə pul dəyişməyə gələnlərin sayı daha çox olacaq\”.

Reportajdan göründüyü kimi əhalidə dollara maraq yenidən yüksəlib. Bu da neft qiymətlərinin ucuzlaşması, Rusiyada rublun bu fonda ucuzlaşması və nəhayət, Qazaxıstan milli valyutası – tengenin bu gün yeni devalvasiyası xəbərlərindən qaynaqlanır. Artıq sosial şəbəkələrdə informasiyalara rast gəlmək olur ki, yaxın günlərdə Azərbaycanda da qiymətlərin artması qaçılmaz olacaq, çünki neft hasil edən qonşu MDB ölkələrində bu proses baş verdi.
Ancaq məsələ bundadır ki, Azərbaycanda qiymətlərin bahalaşması neft qiymətlərinin 60 dollardan aşağı düşməsindən əvvəl başlayıb və hökumət bu prosesi hazırda \”yumşaq şəkildə\” aparmağa çalışır ki, hər hansı bir şəkildə ajiotaja səbəb olmasın.

Azərbaycan Mərkəzi Bankı (AMB) isə valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib.

AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. \”Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün\” – deyə məlumatda vurğulanıb.
Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir (APA).

\”Bloomberg\” agentliyinin ekspertləri isə hesab edirlər ki, Qazaxıstanın milli valyutası – tengenin devalvasiyasının ardından, keçmiş SSRİ ölkələri də daxil olmaqla, daha 10 dünya valyutasını analoji aqibət gözləyir.

\”Report\” xəbər verir ki, analitiklərin fikrincə, Rusiya rublunun ucuzlaşması RF ilə sıx ticarət əlaqələri olan postsovet ölkələrinə xüsusi təsir göstərir. Belə ki, mütəxəssislər Ermənistan dramının mümkün devalvasiyasını proqnozlaşdırırlar. Son bir ildə rubl 46% dəyərdən düşsə də, dram yalnız dəyərini 15% itirib.

Bundan başqa, Qazaxıstanın milli valyutasının devalvasiyası Tacikistan və Türkmənistan valyutalarına da mənfi təsir göstərə bilər. Türkmənistan manatının yaxın yarım ildə 20% dəyərdən düşməsi ehtimal olunur. Tacikistan somonisi isə 10-20% ucuzlaşa bilər. Ekspertlər Qırğızıstan somunun da devalvasiyaya uğrayacağını proqnozlaşdırırlar.

Səudiyyə Ərəbistanında rialın dəyərdən düşəcəyi də istisna edilmir. Analitiklər qeyd edirlər ki, bu ölkə hökumətinin valyutanın məzənnəsini sabit saxlamaq üçün kifayət qədər ehtiyatları var. Lakin spekulyativ əməliyyatlar həyata keçirən treyderlər neftin qiymətinin düşməsindən istifadə edə bilərlər. Bu səbəb həmçinin Nigeriya nayrının 20%-lik devalvasiyasına gətirib çıxara bilər.
Ümumilikdə, ekspertlər bir sıra ölkələrdə devalvasiyanı siyasi səbəblərlə əlaqələndirirlər. Belə ki, Misirdə davam edən sabitsizlik yaxın 12 ayda funtun məzənnəsinin 22% düşməsinə səbəb ola bilər. Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal edilən Türkiyədə də lirəni problemlər gözləyəcəyi proqnozlaşdırılır.

Çinlə sıx xarici ticarət əlaqələri olan Zambiyanın milli valyutası (kvaç) üçün də bədbin proqnozlar verilir. Valyuta ehtiyatları son 17 ildə ən minimal həddə düşən Malayziya rinqqitinə də mənfi təsir göstərəcək.

Müşahidəçilər Qana valyutası – sedinin də devalvasiya gözləyənlər sırasına daxil edib. Səbəb qismində isə neftin ucuzlaşması, kəsin inflyasiya, habelə xarici borcun artması amilləri qeyd olunur.

Ramid İbrahimov

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button