Manşet

Beynəlxalq Bank işi – məşhurların yaxınlarından kimlər həbsdədir?

Beynəlxalq Bank işi - məşhurların yaxınlarından kimlər həbsdədir?Sabiq vitse-primyerin qardaşı Nadir Abbasov, “Qara polkovnik”in oğlu Adil Hüseynov, bankın İdarə Heyətinin sabiq rəhbərinin bacanağı…

51 faizi dövlətə məxsus olan Beynəlxalq Bankın çöküşü illərlə dartışılan problemli kreditlər məsələsini ən ağrılı şəkildə ortaya çıxardı. Belə bir vəziyyətdə ümidsiz kreditlərin administrativ üsullarla geri qaytarılması qərarı verildi. Mart ayından başladılan prosesə, bəzi məlumatlara görə, 200-dən artıq iş adamı cəlb olunub. Bankın qarşısında öhdəlikləri olan yüzlərlə kreditorun həbsi haqda məlumatlar var. Amma tutulanların çox az qismi haqda dəqiqləşdirilmiş məlumatlar mövcuddur.

Həbsləri Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirir. Lakin tutulanlar haqda ictimaiyyətə rəsmi məlumat verilmir.

Bu gün iş üzrə həbsdə olan şəxslər sırasında baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov, “Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov, Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin Kamal adlı qardaşı, bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə kimi tanınmışlar da var.

Mətbuatda yer alan məlumatlara əsasən, Nadir Abbasov bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürüb. Kreditin 10 milyon manat olduğu və son ödəmə müddətinin 2018-ci il olduğu bildirilir. İddiaya görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub. Krediti geri qaytara bilməyən N.Abbasov həbs olunub. Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovu isə kreditləri aldatma yolu ilə mənimsəməkdə ittiham edirlər. İttihama görə, A.Hüseynov Cahangir Hacıyevi və onun 1-ci müavini olmuş Emil Mustafayevi aldadaraq 317 milyon manat mənimsəyib.

Səfirin Kamal adlı qardaşını da Beynəlxalq Bankdan 32 milyon manat kredit götürüb qaytarmamaqda suçlayırlar. Bu şəxsin krediti geri ödəməsində son tarixin 2018-ci il olduğu bildirilir. Cahangir Hacıyevin bacanağı İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

İş üzrə tutulan şəxslər bir qayda olaraq CM-in 178.3.2-ci -külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə ittiham olunurlar.

Yayılan məlumatlara görə, Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan onlarla sahibkar həbs olunub, onlardan 43 nəfəri kredit borclarını ödədikdən sonra sərbəst buraxılıb. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Son rəsmi məlumata görə, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir ki, bu da Beynəlxalq Banka olan borcun heç minimum həddi də deyil. Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iyulun 15-də imzaladığı fərman borclu oliqarxlar, eləcə də bankda kredit məsələlərinə məsul olan rəhbər şəxslərin üzərinə böyük məsuliyyət qoyur.

Məlumdur ki, prezidentin fərmanında kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırmaq, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb. Kreditlərin geri qaytarılması üçün bir-birinin ardınca atılan addımlar onu deməyə əsas verir ki, iqtidar Beynəlxalq Bankdan götürülən kreditlərin son qəpiyinə qədər qaytarılmasında israrlıdır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button