Manşet

“Putin döyülmüş məktəbli kimi şikayətlənirdi…” – Donbas separatizminin banisi QİYAMA QALXDI

“Bir ayda bütün Əfqanıstan müharibəsindəki qədər itki veririk”

“O, şikayət edirdi. Məndə belə təəssürat yarandı ki, ilk 20 dəqiqəni o, yalnız “pis tərəfdaşlardan” şikayət etdi. Sonda yenidən həmin mövzuya qayıtdı və şikayət etdi ki, onu aldadıblar. Bircə o qaldı desin ki, onu burnundan tutub doladılar. Ancaq yəqin, imicmeykerləri ona başa salıblar ki, əgər bir insanı 8 il burnundan tutub dolaşdırırlarsa, bu, təkcə “tərəfdaşların” bicliyindən yox, həm də aldadılanın “iş bacarığı” və əqli keyfiyyətlərindən xəbər verir”.

Bunu Donbasdakı separatizmin banilərindən biri, sabiq FTX polkovniki İqor Qirkin(Strelkov) Vladimir Putinin Federal Məclisə müraciətini şərh edərkən bildirib.

Öz kanalında danışan Qirkin beləliklə, ilk dəfə Putini bu dərəcədə açıq və kobud şəkildə tənqid edib: “Ümumilikdə bu, miskin mənzərə idi. Sanki şagird məktəbdən evə gəlir və onu döyən, qarət edən, dəfələrlə aldadan məktəbli yoldaşlarından ailəsinə şikayət edir, bunun necə baş verdiyini danışır. Ən başlıcası isə o(Putin-red.), bütün bunları danışır və bundan heç bir praktiki nəticə çıxarılmır. O, deyə bilmədi ki, məni döysələr də, aldatsalar da, ciblərimi soysalar da, mən də cavab olaraq onlara nəsə edə bildim”.

Qirkin Çeçenistandakı və Əfqanıstandakı müharibələrlə Ukrayna savaşını müqayisə edərək bildirib ki, indiki müharibədə itkilər dəhşətli dərəcədə çoxdur: “Burada böyük müharibə gedir, Çeçenistan müharibəsindən çox böyük. Həm itkilər, həm də bütün başqa məsələlər baxımından. Biz təkcə ölən və yaralananların sayına görə bir ayda Əfqanıstan müharibəsinin bütün dövründəki qədər itkilər veririk…Miqyas hər ay minlərlə ölçülür. Bizdə isə nəyisə ört-basdır etməyə çalışırlar. İndi insanlar bilmirlər ki, nə uğrunda döyüşürlər, qələbənin kriteriyaları nədir. Ümumiyyətlə, Prezident bu müharibə ilə nə etmək istəyir? Bəli, “tərəfdaşlar” pisdirlər, onlar “bədbəxt” Rusiya Prezidentini aldadıblar, soyublar və s. İndi isə belə çıxır ki, əhalinin ona yazığı gəlməlidir. Bəs, sən(Putin-red.) nə etməyə hazırlaşırsan? Hər gün Belqorod, Bryansk, Kursk vilayətlərində dinc sakinlər ölür. Hər gün çoxlu sayda Donetsk sakini həlak olur… Qaz kəmərlərini partladırlar. “Şimal axını”nı partlatdılar. Axmağa da məlumdur ki, onu kim patrlatdı… Bəs, sən nə etməyə hazırlaşırsan? Siz hamınız nə etməyə hazırlaşırsınız? Niyə bizim 8 ildir burnundan tutub dolaşdırılan prezidentimizə yazığımız gəlməlidir, onun dolandırıldığı üçün hazırda çoxlu sayda həlak olan vətəndaşlarımıza yox? Hanı heç olmasa, səhvlər üzərində aparılan hansısa iş? “

Qirkin Putinin bütün çıxışının yalanlar üzərində qurulduğunu deyərək, rus ordusunun acınacaqlı durumda olduğunu xüsusi qeyd edib: “Mən eşitdim ki, (Putinin çıxışında) sən demə, bizdə hər şey yaxşıdır. Bizim hərbi iqtisadiyyatımız gözəldir, artır, bizdə hər şey var, yenidən silahlanma yüksək sürətlə davam edir, bizdə hər şey əladır və xüsusi hərbi əməliyyat da əla gedir. 1 saat 40 dəqiqədə Prezident bir dənə də olsun uğursuzluqdan, problemdən, məğlubiyətdən danışmadı… 2014-cü ilin aprelindən başlayaraq, Kreml ard-arda səhvlər edir. Belə təsəvvür yarandı ki, bir il əvvəl bu seriyanı dayandırmaq qərarına gəliblər. Lakin indi əsl axmaqlıq seriyasını görürük. Həm hərbi sahədə, həm mülki sahədə, həm diplomatiyada – hər şeydə”.

Qirkin etiraf edib ki, Rusiya ordusu Ukraynaya qalib gəlmək iqtidarında deyil və yalnız Çinin böyük və sistemli hərbi yardımı ilə nəyəsə nail olmaq mümkündür: “Rusiya qoşunları indiki vəziyyətləri ilə Ukrayna Silahlı Qüvvələrini məğlub etmək gücündə deyillər və silah idxalı ilə bağlı perspektivlər olduqca qaranlıqdır. Əgər Rusiya geniş miqyaslı “lend-liz” almasa, Ukrayna hətta NATO-dan nisbətən böyük olmayan sayda silah almaqla belə, getdikcə bizim üzərimizdə əsas hərbi vasitələrdə daha böyük texniki üstünlük qazanacaq. Hazırda onlar onsuz da rabitə vasitələri, PUA-lar və ən əsası da kəşfiyyatda olduqca böyük üstünlüyə malikdirlər”.

Beləliklə, əvvəllər də ümumilikdə Putin hakimiyyətini və daha çox hərbi rəhbərliyi tənqid edən Qirkin, artıq açıq şəkildə Putinin özünü tənqid etməyə başlayıb. O, son bir neçə çıxışında artıq bu rəhbərliklə Ukraynada müharibəni davam etdirməyin mənasız olduğunu və bunun fəlakətlərə səbəb olacağını bildirib.

Əksər təhlilçilər Rusiyadakı qatı millətçi, şovinist və imperiyaçı kəsimin mövqeyini ifadə edən layihə kimi tanınan Qirkinin getdikcə aqressivləşməsini Putinin hakimiyyətə nəzarəti itirməsi və Rusiyada saray daxili mübarizənin qızışmağa başlamasının ifadəsi kimi qəbul edirlər.

C.Məmmədov

“AzPolitika.info” 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button