“Bu məsələdə Moskva ilə rəqabət aparmırıq” – ABŞ-dan Qarabağdakı gərginliyə reaksiya

“ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək niyyətində deyil, tərəflər məsələləri özləri həll etməlidirlər”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib. O, fikirlərini bu cür davam etdirib:
“Vaşinqton həm sözdə, həm də əməldə iki ölkəni yaxınlaşdıra biləcəyini, o cümlədən Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə irəliləyiş əldə etməyə hazır və istəkli olduğunu göstərdi. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu 5 mart tarixindəki insidentdə olduğu kimi itkilərlə müşahidə edilən münaqişənin həlli üçün edirik. ABŞ sadəcə sülh və təhlükəsizliklə maraqlanır. Bu isə Ermənistan və Azərbaycan xalqlarının marağındadır”.
Prays həmçinin, martın 5-də təxribat zamanı həlak olanların ailələrinə başsağlığı verib. O, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını, gücdən istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd edib.
Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Günay Rəsulqızı
sfera.az