Manşet

“Erməni tanışıma yazmışam, amma ondan səs çıxmır” – Zərdüşt Əlizadə

Hazırda Cənubi Qafqaz ətrafında siyasi oyun gedir. Burada hədəf də, əməl də var. Hətta tərəflərin bir-birinə sataşması, geri çəkilməsi də mümkündür. İndiki halda isə tərəflərin qızışdırıcı mövqeyinə baxmayaraq Ermənistanın genişmiqyaslı müharibəyə başlamaq imkanları məhduddur.

Bunu politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, əslində erməni tərəfinin müharibə istəyi də yoxdur:

“Azərbaycanın isə genişmiqyaslı müharibəyə başlamaq imkanları var. Amma Azərbaycan tərəfi bunun mümkün qiymətləndirməsini aparır. Burada siyasi ziyanlar və hədələr mütləq ki, gözdən keçirilir. Sadəcə olaraq Azərbaycan indiki halda Ermənistandan sülh və müharibə variantı arasında seçim etməyi tələb edir. Ermənistanın da səfeh rəhbərliyi prosesi sadəcə olaraq ləngitmək, uzatmaq niyyətindədir. Ona görə də, Ermənistan rəhbərliyi müharibə vəziyyətini bitirəcək sənədi təsdiqləməlidir”.

Politoloq hesab edir ki, burada ABŞ-ın sərgilədiyi mövqe də birmənalıdır:

“Onların istəyi odur ki, münaqişə vəziyyəti tam olmasa da, müəyyən mənada bitmiş olsun. Məqsəd Rusiyanın məhz bu cür münaqişələr vasitəsi ilə bölgəni nəzarətdə saxlamaq mexanizmini əlindən almaqdır. ABŞ-ın daha çox istəyi də bu mexanizmi özünün əlində saxlaması ilə bağlıdır. Yaxın və Orta Şərqdə olduğu kimi ABŞ bu regionda da prosesləri öz kurasiyasında saxlamağa can atır”.

Zərdüşt Əlizadə Qarabağda məhdud hərbi əməliyyatların icrasını da istisna etməyib:

“Separatçılara qarşı bu cür addımların atılması mümkündür. Sadəcə olaraq Qarabağda yaşayan erməni icması reallığı tam dərk etməlidir. Qarabağda yaşayan erməni icması real vəziyyəti düzgün analiz etməlidir. Bu gün orada yaşayan ermənilər rus kəşfiyyatının və özlərinin cinayətkar separatçı rəhbərlərinin sərt nəzarəti altındadırlar. Onlar bir addım atdıqda dərhal sərt addımlar atılır, həbs edilirlər. Erməni tanışıma yazmışam ki, gəl, yutub kanalında və yaxud hər hansı bir sosial şəbəkədə sizin Qarabağda yaşamaq şərtlərinizi müzakirə edək. Mənim və dostlarımın ideyalarını ona yazıb göndərmişəm. Amma indi ondan səs çıxmır. Görünür, o çox qorxur. Çünki Qarabağda separaçıların rəhbərləri gəlib onu orada öldürsələr heç kəsin xəbəri olmayacaq. Oradakı vəziyyət haqında bizim müfəssəl bilgimiz yoxdur. Sadəcə olaraq dolayı məlumatlar var. Məsələn, Roman Boqdasaryan yazır ki, Qarabağda erməni əhalisi ciddi nəzarət və basqı altındadır. Çünki onun buralarla əlaqəsi var”.

teleqraf.com

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button