Manşet

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu incik salıb? – “Xırda detaldır, küsməyə…”

Yoldaşlıq oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Qalatasaray” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Savash.org xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi. Bütün təşkilatçılara da təşəkkür edirəm, əla şərait yaratmışdılar. Oyundan çox razı qaldım. Fanatlar üçün baxımlı oyun oldu. Belə görüşlər həm futbola sevgini çoxaldır, həm də bizə böyük təcrübə verir. Bu oyundan işimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirdik, yardım məqsədilə keçirilmişdi. “Qalatasaray”a uğurlar arzu edirəm. Son vaxtlar böyük işlər görürlər. Qarşıdakı oyunlarda onlara uğurlar arzu edirəm.

– “Qalatasaray” oyun üçün Bakıya daha tez gələ bilə, sizlə görüşə bilərdi. Matçdan sonra belə futbolçuları jurnalistlərə açıqlama vermədi. Tələsdiklərini söyləyirdilər. Buna münasibətiniz necədir?

– Məncə, burada inciyəcək bir şey yoxdur. Bəzən belə nüanslar olur. Xırda detallara görə incimək bizə düşməz. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə fikirlər olmamalıdır. Oyunun mahiyyəti hər kəsə aydındır.

– Penalti epizodundan dördüncü hakimə sanki nəsə dediz. Əliyar Ağayevin sizə bir penlati borcu olduğunu düşünmürsüz?

– Biz kiməsə borclu qalmaq, kimdənsə borc almaq istəmərik. Heç nəyə ehtiyacımız yoxdur. VAR-a baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün deyil. Yoldaşlıq oyunu olsa da, idarə etmək asan deyil. İlk hissədə narazılıqlar oldu. Rəqib sərt oynadığımızı deyirdi. Onların dəyərli, bahalı futbolçuları var. İstəməzdilər kimsə zədələnsin, biz də. Hakimlər səhv etməkdən narahat idi.

– “Qarabağ”ın heyətində neçə oyunçu var “Qalatasaray”da oynaya biləcək?

– Cavab verə bilməyəcəm. Fərqli çempionatlar, fərqli oyun üslubları var. Futbolçularım burada oynayır. Hər bir oyunçumu “Qalatasaray”da görmək istəyərəm. Bəlkə, kimlərsə daha tez uyğunlaşar. “Qalatasaray”ın futbolçularının keyfiyyətinə söz yoxdur. Onların topla rəftarı, düşüncəsi bunları göstərdi. Həqiqətən, qiymətlərinə, dəyərlərinə layiq oyunçulardır.

– İlk dəqiqələrdə sanki diqqətsiz idiz. Sonradan daha balanslı bir komanda gördük. Ümumilikdə, oyunu necə dəyərləndirirsiz?

– Dostluq oyunu idi. Daha sakit və aqressiv olmayan tərzdə oyun başladı. Futbol elə bir oyundur ki, oynadıqca aqressiya artır, istək çoxalır. Həm də, “Qalatasaray”ın gücünü nəzərə almaq lazımdır. İlk dəqiqələrdən sürətli idilər. Sadəcə standart vəziyyətdən qol buraxdıq. Böyük komandalara qarşı oynayanda ilk dəqiqələrdə həyəcan olur. Sonradan oyunu ələ aldıq, hücumlar etdik. Komandamın oyunundan razı qaldım. Tam heyət olsaydıq, bəlkə, daha baxımlı alınardı.

– “Qalatasaray”a bizimlə oynamağa razılıq verdikləri üçün təşəkkür edirəm. İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin, bir liqamız olsun. Qarşıda iki ölkə klublarının oyunları keçirilə bilər. Bu, bir başlanğıc oldu. Bu cür atmosfer tək Bakıda yox, digər bölgələrdə, hətta Türkiyədə də olar. Futbolumuzun inkişafı üçün belə oyunların daha çox keçirilməsi lazımdır. Bu cür görüşlər futbolu daha çox sevdirir. Bizim çempionatla onların liqası arasında fərq böyükdür. Çox istərdim ki, belə görüşlərin sayı çox olsun. Mənim narahatlıq keçirdiyim şey dostların bir-birinə qarşı oyunlarıdır. Çünki bəzən narazılıqlar olur və bu da futbolun prinsiplərindəndir. Bugünkü oyundan çox razı qaldım. Türkiyə futboluna uğurlar arzu edirəm. Hər zaman bir-birimizin yanındayıq.

– Geryeni yenidən komandanızda görmək istərdiz?

– O, “Zirə”nin futbolçusudur. Hazırda bu haqda fikir bildirə bilməyəcəm.

– Gənc qapıçı Amin Ramazanovun çıxışını necə dəyərləndirirsiz?

– Amin özünü yaxşı tərəfdən göstərdi. İlk dəqiqələrdən həyəcanlı olduğu hiss olundu. Futbolçuya böyümək üçün belə oyunlar lazımdır. Amin sona qədər soyuqqanlı, rahat və inamlı çıxış etdi. Digər tərəfdən, yoldaşlıq oyunu olması ona kömək etdi.

– Yoldaşlıq oyunu olsa da, nəticə də maraqlı idi. Millidə olan futbolçular heyətdə olsaydı, hesab fərqli ola bilərdi?

– Daha baxımlı oyun olardı. Bəlkə sona qədər dinamikanı saxlaya bilərdik. Digər tərəfədən, “Qalatasaray” da tam heyətlə deyildi. Tam heyətlə daha yaxşı oyun sərgiləyə bilərdik.

– Növbəti avrokuboklar mövsümünə çox qalmayıb. Heyəti daha da komplektləşdirmək adına hansı addımlar atılır?

– Biz ilk növbədə çempionatı uğurlu başa vurmalıyıq. Çalışmalıyıq ki, qrup mərhələlərinə düşək. 1/8 finalla qədər minimum vəzifəni yerinə yetirməliyik. Uğurlu nəticə üçün şanslarımız olub. Bəzən layiq olduğumuz halda, qələbə qazana bilməmişik. Əvvəlcədən nəticə ilə bağlı nəsə deyə bilmərik. Yaxşı komanda, heyət formalaşdırmalıyıq. Bunun üçün ilboyu çalışırıq. Daima gələcək üçün axtarışlarımız olur. Rəhbərlik deyir ki, hansı oyunçunu istəyirsiz, gətirəcəyik. Amma reallığa baxmalıyıq. O qədər futbolçu olub ki, razılaşmışıq, sonra alınmayıb. Bəzən bizdən az məbləğə başqa çempionata gediblər, Bakıya gəlmək istəməyiblər. Bizdən asılı olmayan nüanslar var. Düşünməyin ki, bu haqda fikirləşmir, gələcək planlara hazızrlıq görmürük. Oyunçularımız getsə də, komandanın stabilliyini saxlaya bilmişik. Minimum işimiz olduğumuz yerdə qalmaqdır. Hər il eyni uğuru əldə etmək çətindir. İnanın ki, bizim üçün istədiyimiz oyunçunu əldə etmək asan deyil. Hazırlığımız gedir. Maya qədər bir neçə oyunçu əldə etməyə çalışacağıq. Bu işlərə ciddi yanaşırıq.

– Klub rəhbərliyi sanki pul xərcləmək istəmir…

– Xeyr. Narahatlıq doğuran məqam yoxdur.

– Stadionda “Qalatasaray” azarkeşlərinin çox olması sizi narahat etmədi?

– Rəsmi oyun olsaydı, məncə, bizim fanatlarımız üstünlük təşkil edər. Hər şeydən razı qaldım.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button