Manşet

Qərbin Azərbaycanla \”diplomat oyunu: \”Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə…\”

Qərbin Azərbaycanla "diplomat oyunu: "Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə..."“Qoca qitə”Azərbaycan iqtidarına qarşı…; XİN sistemindəki qalmaqalları artıq Elmar Məmmədyarovun səriştəsizliyi ilə əlaqələndirmək olmur; bu, dövlətə və iqtidara qarşı bir prosesə çevrilməkdədir; qapalı rejim olan sovetlər birliyində də Qərb daha çox diplomatlara “qarmaq” atırdı…

Xarici İşlər Nazirliyində daha bir diplomatik skandal baş verib. Avropa Oyunları ərəfəsi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında artıq sabiq hesab edilən daimi nümayəndəsi Arif Məmmədovla başlamış bu müəmmalı proses ötən həftə yenidən qızışıb.

Bu dəfə Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar və korrupsiya faktları barədə açıqlama yaydıqdan sonra XİN hadisəyə münasibət bildirib və şikayət edən şəxsin fəaliyyət müddətində xidmətdə yol verdiyi qüsurlara görə işdən qovulduğunu açıqlayıb. Ölkə rəhbərliyinə müraciət edən diplomat isə ölkəyə qayıdacağı təqdirdə həbs ediləcəyini və bu səbəbdən də Avstraliyada qalmağa məcbur olduğunu deyib.

Bundan sonra, nəhayət, xarici işlər naziri Elmar Məmmədyarov ilk dəfə baş verənlərə münasibət bildirib. Nazir Qazaxıstanda bu qalmaqallarla bağlı suala cavab olaraq deyib ki, bütün dövlət qurumlarında olduğu kimi, XİN-də də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görüləcək.

Amma nazirin açıqlamasından sonra Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluq əməkdaşı Nahid Cəfərovun da Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi barədə məlumat yayılıb. Aznews.az saytının məlumatında bildirilib ki, diplomat vəzifədən uzaqlaşdırılıb və Azərbaycana çağırılıb. Lakin o, Niderlandda qalmağa qərar verib.

Maraqlıdır ki, Nahid Cəfərovun adı XİN-in rəsmi saytında Niderlanddakı səfirliyimizin attaşesi kimi qeyd olunsa da, XİN-in mətbuat xidmətindən APA-ya bildiriblər: XİN sistemində belə bir adam işləmir\”.

(http://www.mfa.gov.az/files/file/The_Diplomatic_Missions_of_the_Republic_of_Azerbaijan_abroad..pdf)
***

XİN-də korrupsiya və diplomatların seçimində peşəkarlıqdan daha çox iqtidarda yüksək vəzifə tutanların qohumluq əlaqələrinə üstünlük verildiyi yeni fakt deyil. Bu cür məlumatlar əvvəllər də mediada öz əksini tapıb. Amma son qalmaqalları təkcə Elmar Məmmədyarovun səriştəsizliyi ilə bağlamaq da olmur. Bu, artıq dövlətə və iqtidara qarşı ciddi bir prosesə çevrilməkdədir. Qeyd edək ki, A.Məmmədov qalmaqalından sonra mətbuatda XİN daxilində hakimiyyətə qarşı “güclü müxalifətin” yaranması haqda da iddialar dərc olunub. “Ərəb baharı”nın baş verdiyi ölkələrin iqtidarlarına qarşı ilk çıxanların məhz xaricdə işləyən diplomatlar olduğu yada salınıb, XİN sistemindəki “qiyam” da Qərbin Azərbaycanla bağlı gizli planlarına bağlanıb.

Yada salaq ki, A.Məmmədov müxalifətə keçdiyini bəyan etsə də, sonra bu proses müəmmalı şəkildə tormozlandı. Avstraliyadakı səfirliyin əməkdaşı da verdiyi açıqlamada heç bir siyasi iddiasının olmadığını bəyan etdi. Güman ki, Niderlandakı “qiyamçı” da belə bir bəyanat verəcək. Bunun özü də “asi diplomatların” vahid bir mərkəzdən idarə edilməsi təəssüratı yaradır. Çünki Arif Məmmədovun yanan bina ilə bağlı məmurları tənqid edən məşhur facebook statusu Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin kəskinləşdiyi dövrə – Avropa Oyunları ərəfəsinə təsadüf etdi. Son iki diplomatın xarici ölkələrdən sığınacaq istəməsi də rəsmi Baklı ilə əlaqədar Avropa Parlamentinin sərt qətnaməsi ilə demək olar ki, eyni vaxta təsadüf edir. Bu qədər “təsadüfün” özü belə beyinlərdə haqlı suallar və şübhələr yaratmaya bilməz.

***
Necə olur ki, bu iqtidarın qurduğu və sadiqlik-qohumluq prinsipi ilə formalaşdırdığı bir sistemə bu cür diplomatlar “sızıb”? Müqayisə bəlkə də uğursuz olsa da, Türkiyəni hələ də çalxalayan “paralel dövlət” qalmaqalını yada salmamaq olmur. Türkiyədə hüquq sistemində Ərdoğana və onun yaxın çevrəsinə qarşı başlayan proses dövlətin bütün dəngələrini dəyişdi, sistemi silkələdi, miqyaslı “təmizləmə” başladı. İndi XİN sistemində də təmizləmə başlayıb və belə görünür ki, Qərbdən sığınacaq istəyənlərin sayı arta da bilər.

İqtidar üçün bu o qədər də təhlükəli proses deyil, çünki təkcə XİN sistemində deyil, dövlət aparatının içərisində də bu cür “qərbmeyilli” və “rusmeyilli” qüvvələr mövcuddur və bunlara nəzarət də güclüdür. Amma xüsusilə daxildə, iqtidarın “5-ci kolon” kimi damğalayıb həbslər həyata keçirəndən sonra, Qərbin müəyyən dairələri “diplomatlarla işləməyə” həvəslənə bilərdi. Qeyd edək ki, qapalı rejim olan sovetlər birliyində də Qərb diplomatlara daha çox “qarmaq” atırdı.

Ötən həftə “Yeni Müsavat”a açıqlamasında sabiq səfir Hikmət Hacızadə XİN sistemindəki qalmaqalla bağlı danışarkən məhz o dövrü xatırladıb.

Sitat: “Diplomatlar bütün ölkələrdə belədir, gah o tərəfə, gah bu tərəfə keçirlər. Belə şeylər çox olub, xüsusən də sovet dönəmində belə faktlar olub ki, bir neçə diplomat Amerikaya, Britaniyaya qaçıb”.

Təcrübəli diplomat və politoloq daha sonra əlavə edib: “Düşünürəm ki, burdakı rəzalət davam eləsə, bu proses də davam edəcək”. Aydındır ki, “rəzalət” dedikdə politoloq Azərbaycandakı siyasi vəziyyəti nəzərdə tutur. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin də mövzuya dair facebook statusu maraqlıdır. Müxalifət lideri iddia edir ki, “hakimiyyət XİN sistemindən sökülür…”

“Azadlıq-2015\”ə daxil olan siyasi partiyalar da həftəsonu XİN-dəki qalmaqala münasibət bildirib. Partiyaların qəbul etdiyi bəyanatda əsas vurğu hakimiyyətin daxili və xarici siyasi kursunun yanlış olduğuna vurulsa da, Qərbdə kifayət qədər antiazərbaycan qüvvələrinin mövcudluğu da qeyd olunur.

”Müzakirə edilən məsələlərdə onların məkrli planlarının da rol oynadığının real fakt olduğunu və onlara qarşı mübarizə aparılması zərurətini qəbul edərək, bununla birlikdə hesab edirlər ki, antiqərb, antiavropa isteriyası çıxış yolu olmayıb strateji maraqlarımıza ziyan vurur\”, deyə bəyanatda qeyd olunur.

Beləliklə, bu proses daha çox o mənzərəni ortaya çıxarır ki, Avropa Azərbaycan iqtidarına qarşı tam gücü ilə işləyir. “Qoca qitə”nin “diplomat qiyamı” Azərbaycanın mövcud hakimiyyət quruluşunu sarsıtmağa yönəlib. Avropa Parlamentinin qətnaməsindən sonra ayrı-ayrı Azərbaycan məmurlarına qarşı sanksiyalar da tətbiq olunarsa – hansı ki bu ehtimal böyükdür – vəziyyət daha da qəlizləşəcək.

Üstəlik, Azərbaycanda siyasi və gizli müxalifət bu cür addımlardan sonra, heç şübhəsiz, ürəklənəcək, xüsusilə də seçkini boykot edən qüvvələr. Onların da radikal xarakterini nəzərə alsaq, yaxın zamanlarda ölkənin siyasi səhnəsinin kifayət qədər gərginləşəcəyi qaçılmazdır.
Bütün bunlar qarşıdakı 1 noyabr seçkisinin Azərbaycan iqtidarı üçün kritik olacağını bəri başdan ortaya qoyur.

Bir sıra ölkələrdə “məxməri inqilablar” məhz parlament seçkiləri dövründə baş verib. Bu baxımdan, müxalif düşərgə artıq sosial şəbəkələrdə yaxınlaşan inqilabdan bəhs etməkdədir. Özünün heç bir elektoral və real gücü qalmayan siyasi müxalifət illərdir ki, mövcud hakimiyyəti xarici faktorla təhdid edir, öz azsaylı tərəfdarlarını da məhz bu faktorla ətrafında saxlamağa çalışır.

Obyektivlik naminə demək lazımdır ki, indi bu texnoloji fənd üçün kifayət qədər əlverişli şərait yaranıb.

Lakin Azərbaycan iqtidarının Avropadan gələn ciddi təhdidlərə qarşı davranış və manevrləri də proseslərə ciddi təsir edəcək.

Bu davranış və manevrlər də günü bu gündən başlayır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button