Manşet

DYP rəsmisi jurnalistin sualına əsəbləşdi: “İcra başçısı kimdir, toxunulmazdır?”

DYP rəsmisi jurnalistin sualına əsəbləşdi: “İcra başçısı kimdir, toxunulmazdır?”Mətbuatda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobilinin cərimə meydançasına aparılması haqda xəbərlər yayılıb.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov icra başçısının avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirərkən deyib ki, kimliyindən asılı olmayaraq yol hərəkət qaydalarını pozan şəxs barəsində mütləq tədbir görülür: “İstər icra başçısı olsun, istərsə də başqa sahənin əməkdaşı, mütləq cərimələnir”.

Polis rəisi məsələ ilə maraqlanan jurnalistlərə qəzəbini də gizlətməyib: “Dediyiniz adam hərəkət iştirakçısı, sürücü deyil?! İcra başçısı kimdir, toxunulmazdır?! Deyirsiniz, qayda pozubsa, cərimələməyək?! Bundan başqa, mən hər cərimə meydançasına aparılan avtomobilin sahibinin kimliyi ilə maraqlansam, onda gərək işləməyəm. Hansı qanuna əsasən cərimə olunan şəxsin kimliyi barədə məlumat verilməlidir?!”

Vaqif Əsədov jurnalistləri sensasiya axtarmaqda ittiham edib: “Dünən bütün günümü teleaparıcı Nanə Ağamalıyevanın ölüb-qalmasını öyrənməyə sərf etmişəm. Nanə ölüb, ya ölməyib – sizə nə?! Jurnalistlər niyə bununla maraqlanır? İndi jurnalistlərin hamısı sensasiya marağındadır”.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da xidməti avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirib.

X.İsgəndərov axar.az-a verdiyi açıqlamasında sözügedən avtomobilin ona məxsus olmadığını deyib: “Mən bu xəbəri mətbuatda oxudum. Həmin avtomobil cərimə meydançasına aparılarkən mənim avtomobilim avtodayanacaqda olub. Əgər belə bir hal baş versəydi, bunu deyərdim. Amma belə bir şey birmənalı şəkildə olmayıb”.

Xatırladaq ki, dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobilin saxlanıldığı barədə məlumat yayılıb. Avtomobilin saxlanılmasına səbəb kimi üzərində qadağan olunmuş “FiFA” siqnalı və sayrışın işıqların olması göstərilir. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Avtosfer.az saytı 10 AA 812 dövlət nömrə nişanlı avtomobilin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti maşını olduğunu yazıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button