“Günay Bank”da olan əmanətlər batacaq? – “1 ay ərzində qaytarılmasa…”

“Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır”.
Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli “Günay Bank”-ın bağlanmasından danışarkən bildirib:
“”Günay Bank”-ın Azərbaycan Bank bazarına yenidən daxil olması zatən müəmmalarla, suallarla dolu idi. Hətta 2018-də sədr müavini 100 milyon manat, 2021-də isə filial rəhbərlərindən biri 53 milyon manat mənimsəmə iddiası ilə saxlanılmışdı. Ümumiyyətlə, 90-ların biznes və siyasi elitası ciddi problemdir, amma indi “Günay Bank” ləğv edildisə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir – Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır”.
Ekspert iddia edir ki, vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu bütün bank sektoruna başağrısı gətirəcək:
“Ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq olan sahədir. Bizim banklar hələ də 19-cu əsrin Bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar. 21-ci əsrin bankları başqa cür işləyirlər, onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə investisiya bankçılığı yoxdur”.
İnci