Ərdoğan Sinan Oğanı nazir postuna gətirir – U DÖNÜŞÜNÜN MÜKAFATI

Türkiyədəki prezident seçkilərində gözlənilmədən Rəcəb Tayib Ərdoğanı dəstəkləyən “ATA İttifaqı”nın prezidentliyə keçmiş namizədi Sinan Oğan nazir vəzifəsinə təyinat ala bilər.
Savash.org xatırladır ki, nazirlərin böyük əksəriyyətini millət vəkilliyinə namizəd göstərmiş və parlament çoxluğunu qazanmış AKP indi kadr defisiti ilə üz-üzədir. Bir çox analitiklər deputat mandatı qazanmış və yaxın keçmişdə vəzifə tutmuş bəzi AKP mənsublarının əvvəlki nazir postunu qorumaq üçün mandatdan imtina edəcəyini proqnozlaşdırır.
Bu ehtimal nə qədər mümkün görünsə də, AKP-nin bəzi şəxslər istisna olmaqla, bu varianta gedəcəyi inandırıcı görünmür. Çünki bu halda AKP-nin parlamentdəki millət vəkili sayında azalma olacaq. Odur ki, Türkiyədə deputat seçilmiş bir çox nazirlərin istefaya göndərilməsi gözlənilir.
Yeni nazir namizədləri arasında Sinan Oğanın da olacağı haqda isə ilk siqnallar daxil olmaqdadır. Sinan Oğanın Ərdoğandan heç bir vəzifə istəmədiyini deməsinə rəğmən, ona yeni kabinetdə post veriləcəyi istisna deyil.
Onun konkret olaraq hansı posta gətiriləcəyinə isə yaxın günlərdə qərar veriləcək.
Orxan
Savash.org