Manşet

2 yaşlı körpəni öldürmək istədilər, amma… – “SAVAŞ”a “kriminal” yubiley təbriki

2 yaşlı körpəni öldürmək istədilər, amma... – “SAVAŞ”a “kriminal” yubiley təbrikiHə, deməli belə. Əziz oxucu, sən başlığa aldanıb indi kriminal bir olayın təfərrüatlarını oxuyacağını zənn edirsən. Bəribaşdan bildirim ki, elə deyil, yazı əslində Savash.org saytının iki illik yubileyi ilə bağlıdır. Sadəcə olaraq, oxucunun bu qəbildən olan yazılara həvəssiz olduğunu bildiyimdən, qəsdən başlığı belə qoydum. Seks və kriminal xəbər asılısı olan Azərbaycan oxucusu ilə başqa cür rəftar etmək getdikcə daha da çətinləşir. Nə isə…

Daha başlığa aldanıb yazıya onsuz da girmisən, bəlkə axıra kimi oxuyasan? Deməli, “kriminal olay” əslində belə olub…

Düz iki il bundan öncə bir “körpə” doğuldu, adını SAVAŞ qoyduq. Rəqabətin kifayət qədər ciddi və amansız olacağını o zaman da bilirdik. “Qoca”ların bu “körpə”ni ayaqlarının altına salıb əzmək istəyəcəyini də, işlərin ümumiyyətlə çox çətin olacağını da hesablamışdıq. Reklam bazarının tamamilə inhisara alındığı, medianın müxalifət və iqtidar düşərgələri tərəfindən bölündüyü ziddiyyətli sitiuasiyada gözəlim SAVAŞ üçün asan olmayacağını da göz önünə almışdıq. Amma üstündən 2 il keçəndən sonra etiraf edirəm: Reallıqları nə qədər bilsəm də, bunca çətin olacağını proqnozlaşdırmamışdım…

Düz iki il bundan öncə başladıq fəaliyyətə. Çox köhnə bir kompüter, Bakcell datakartı və bir də böyük xəyallarımdan başqa heç nəyimiz yox idi. Yerigəlmişkən qeyd edim ki, həmin o çox köhnə kompüter artıq istifadəyə tam yararsız olsa da atmadım, ürəyim gəlmədi. Özümə və Savaşıma söz verdim ki, xəyallarımda qurduğum ofisə daşınanda həmin köhnə kompüteri çox əziz xatirə kimi gözəgəlimli bir yerdə yerləşdirim. İnşallah o da olacaq, biz çox imkansızı mümkünə çevirməyi bacarmışıq çünki…

Hökumətin fantastik məbləğlər yatırdaraq ortaya atdığı saytların 30-dan çox əməkdaşla edə bildiklərini təkbaşına yapdıq. Xəbər lentini təzələmək, sonra vaxt tapan kimi özəl yazılar yazmaq, yenidən xəbər lentinə qayıtmaq, texniki və yaradıcı problemləri həll etmək bir nəfər üçün çox çətindi. Hərdən sutkanın 36 yox, 24 saat olmasına da deyinirəm. Sanki gözəlim Savaşın problemi sutkanın 24 saatdan artıq olmamasıymış…

Dostlara “yolumuza işıq salın” deyib, çıxmışdıq yola. Yolun ortasında gördük ki, bəzi dost dediklərimiz və güvəndiklərimiz işiğı yolumuza yox, gözümüzə salır. Nə dostlar itirdik bu iki ildə, bir bilsəydiniz…

Öyrəndik ki, bu işin düsturu beləymiş: Kimsəyə güvənməyəcəksən, çətinlikləri yara-yara irəliləyəcəksən,Güc olduğun anda “dostlar” özü axtaracaq səni. Amma daha o “dostlara” ehtiyac belə qalmayıb, sınmış adamlarla uğraşacaq qədər vaxtımız da yoxdu zatən…

Əvəzində heç ummadığımız adamlardan elə dəstəklər gördük ki.. Və təəccübləndik, insanlara güvənin tam öldüyü anlarda özlərini Xızır kimi yetirən həmin həqiqi dostların hər biri qarşısında baş əyirəm. Hətta bu sətirləri yazarkən belə həmin dostları xatırlayaraq özümü gülümsəməkdən saxlaya bilmirəm: Yaxşı ki, varsınız…

Bu iki ildə hər oxucunu qazanmaq uğrunda mücadilə verdik. Seks və kriminal xəbər asılısı olan bu xəstə cəmiyyətdə sağlam oxucu qazanmağın necə çətin olduğunu da anladıq. Buna rəğmən, hey iki yaşlı körpənin “qulağına pıçıldayırdım” ki, biz hamı kimi ola bilmərik, giriş bir qədər çox olsun deyə, düşük oxucunun səviyyəsinə enməyəcəksən. Bizə qısa ətəklər altından yığılan İP-lər gərək deyil, biz ucuz şouların iştirakçısı da ola bilməzdik. İşin ən çətin tərəfindən yapışdıq və şükür Tanrıma ki deyəsən, alınır…

Sutkanın yalnız yatmaq üçün nəzərdə tutduğum bir neçə saatı istisna olmaqla bütün günü kompüter arxasında keçirdim, bu iki ili. Dayanmadan çalışır və ziyarətçi sayının bütün fədakarlığıma rəğmən necə çətinliklə artdığının fərqindəydim. Amma kimlərinsə sayta günlərlə yazı yerləşdirməməsinə rəğmən necə böyük ziyarətçi sayı topladığınının təəccübü içindəydim. Axı necə ola bilər? Bunca fədakarlıq, yuxusuz gecələr, özəl yazılara sərf olunan vaxt və enerji havayı imiş? İşi-gücü başqa saytlardan “kopy-paste” eləmək (heç bu işi də düz-əməlli edə bilmirlər-Z.S) olanların sirri nədi, deyə beynimi yormaqdaydım. İndi daha o vaxtlardan çox keçib deyə, açıq etiraf edəcəm, hətta bəzən “görünür, mən bu işi bacarmıram, daha yetər” düşüncəsiylə hər şeyə son vermək istədiyim anlar da oldu.

…Və günün birində hər şey aydınlaşdı. Bəlli oldu ki, həmin giriş sayları, sayğaclarda görünən, əslində isə zorla göründürülən böyük rəqəmlər saxtaymış. Banerlər, banerlərin içində ağlagəlməz fırıldaqlar və daha nələr…Sayğacına baxanda başım gicəllənən saytların real girişlərinin əslində nə qədər olduğunu öyrənəndə isə yalnız gülümsədim. Demək, hər şey beləymiş….

Ziyarətçi sayının “Azərbaycan qaydasında”, “dədə-baba üsuluyla” artırılması təklifləri mənə də edildi. Hər dəfəsində düşünmədən “yox” dedim. “Savaş”ımın yolu başqaydı çünki, biz kimlərinsə qarşısında İP öhdəliyi götürməmişik, özümüzü aldatmaq kimi xobbimiz də yoxdu. Qazanılan hər oxucunun sevincini yaşamaq daha qürurvericidi bizlər üçün.

İddia etmirəm ki, Savaş bu gün ölkədə hesablaşılacaq gücə qovuşub. Əsla, yuxarıda da yazdım axı, bizim özümüzü aldatmaq kimi xobbimiz yoxdu. Amma bir şeyə inanıram: Savaş hesablaşılacaq GÜC olacaq. Biz indi minimum imkanlarla maksimum hədəflərə doğru yürüməkdəyik. Çətindi, ama mümkünsüz deyil.
Savaş-ın 3 yaşında “bunu da bacardıq” yazmaq ümidi ilə…
Zülfüqar SAVAŞ

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button