Manşet

Cəmi 2 sakini olan Azərbaycan kəndindən reportaj: \” Bircə qonşum da yoxdur\”

Cəmi 2 sakini olan Azərbaycan kəndindən reportaj: " Bircə qonşum da yoxdur" Lent.az-ın əməkdaşı cəmi iki nəfərin yaşadığı kənddə nələr gördü?

– Narahat etmədim?

-(Gülür). Narahat etsən nə olacaq? Bura qədər gəlmisən də. Kimsən? Kimlərdənsən? Haralısan?

Bir nəfəsə 3 sual verir. “Gəncəliyəm” sözünü eşidən kimi üzü gülür.

-İçəri gəl, qapıda durma. Üşümüş olarsan. Buranın havası soyuqdu, Bakıya baxma.

Sonra üzünü ağ saçlı, gülərüz xalaya tərəf çevirir.

– Çay hazırla.

Hacıgülü dayıyla Solmaz xala artıq 30 ilə yaxındır ki, burda, bu evdə yaşayırlar. Öz evləri Şamaxıda olsa da, 88-dən bura köçüblər. Kiçik müəssisə yaratmaq məqsədi ilə. Yaradırlar da. Şamaxının üzüm bağlarının suvarılması üçün böyük süni göl. Hacıgülü dayı gölə Neftçaladan balıqlar da gətirib atır. Balıq yetişdirir.

Daim ərinin yanında olub, ona dəstək olan Solmaz xala bu işdə də onu tək qoymayır. Ərinin Acıdərə kəndinə köçəcəyi halda 4 uşağı Şamaxıda qoyur. Onunla birgə kəndə gəlir. Uşaq deməyimə baxmayın. O zaman Solmaz xalanın ən kiçiyi məktəbə gedirmiş. Üstəlik də evdə böyük bacı-qardaşları da olub. Gün ərzində də Solmaz xala tez-tez evə baş çəkərmiş. Beləcə illər keçib…

Kimi qonşusundan gileylənir, kimisi də qonşunun yoxluğundan. Solmaz xalanın əlim yanğıda qapısına yumurta istəməyə getməyə bir dənə belə qonşusu yoxdur. Çünki onların evi kənddə yegaənədir. Təsəvvür edin, Solmaz xala bu müddət ərzində ağzı qonşusuyla söhbətə qarışıb bir dəfə belə olsa, qazanın altını ötürməyib.

“Heç elə şey olar?” deyirsiniz və inanmırsınız? Hələ ötən həftə Dövlət Statistika Komitəsi hesabatında əhalisi ən az olan kəndin adını da açıqlayıb. Bu, Şamaxının Acıdərə kəndidir. Kənddə iki nəfər – Hacıgülü dayı və Solmaz xala yaşasa da, rəsmi qeydiyyatda Hacıgülü dayı tək özüdür. Kənd Bakı-Şamaxı yolunun üstündə yerləşir. Acıdərə dəhnəsində. Torpağı şoran, çayı acı olduğundan bu yerə “Acıdərə” deyiblər. Elə kəndin adı da yerin adından götürülüb. Kəndin daha çox sakini ola bilərdi. Amma burada ev tikmək üçün torpaq vermirlər.

“Kənd” deyib də, ağzınızı yormayın. Kəndin nə icra nümayəndəliyi var, nə məktəbi. Qonşuluqda yerləşən Sabir qəsəbəsinə baxır, necə deyərlər. Qəbiristanlığı olmadığından kəndin mollası da yoxdur. Kənd haqqında eşitdiklərimin içində ən xoşuma gələndə elə bu oldu. Mollasız kənd.

İndi orda nə göldən əsər-əlamət var, nə də üzüm bağlarından. Boş ərazisi qalıb sadəcə. Gölün dərəsini də ot basıb. İllərdi ər-arvad əl-ələ verib burda yaşayırlar. Həyətlərində də bir neçə qoyun-quzu, mal-qara və toyuq-cücə var.

Hər səhər Solmaz xala tezdən oyanıb həyət bacanı sahmana salır, toyuq-cücəyə dən verir. Sonra Hacıgülü dayını oyadır. Birlikdə səhər yeməklərini yeyirlər. Solmaz xala həyətdə saxladıqları inəyin qatığının qaymağıyla baxır ömür-gün yoldaşını. Bundan sonra Hacıgülü dayı təmiz havada gəzir. Solmaz xala evi toplayan vaxtı da bir qədər yatıb dincəlir. Elə biz kəndə çatanda da Hacıgülü dayı yatırdı. Solmaz xala qapıya çıxıb, “gözləyin kişini oyadım” dedi.

…Odun sobasının istisində çay içə-içə söhbət edirik. Hacıgülü dayı dağı arana qatır, aranı dağa. Arda bir də mənə suallar verir. Köynəyimin üstündə yazılmış “47” rəqəminin mənasını, niyə hələ də subay olduğumu, Gəncədə yox, niyə Bakıda işlədiyimi. Söhbət arası tez-tez “ailə qur, qızım” deyib masadakı bloknotu əliylə itələyib, “bunlardan çox görmüşük. Adama qalan ailəsi olur”, deyir. Sonra Solmaz xalanı göstərir. “Bax, qızım, mənim yanımdakı kimdi? Arvadım. Adama qalan ailəsi olur. Bəsdi, başını bu yazılarla qatdın”, deyir.

Hacıgülü dayıyla Solmaz xala 40 ildən çoxdur ki, bir yastığa baş qoyurlar.

-41 ildir vuruşuruq.

-Kim qalib gəlib?

– Qələbə kim tez başlasa onundu.

Solmaz xala müdaxilə edir.

– Səncə, kim tez başlayar?

Hacıgülü dayı vəziyyəti ələ alır.

– Adətən mən cəld tərpənirəm.

Gülüşürük. Və zamanı geri vərəqləyirik. 41 il əvvələ. Hər ikisinin subay vaxtına.

– “Jiquli” maşını hələm-hələm hər adamda olmayanda, mənim “03”-üm vardı. Ağ. Gəncə tərəfə gedirdim ki, yolda dükana düşdüm. Xoşuma gəldi. Sonra bir dəfə də yolda gördüm. Piyada gedirdi, götürdüm. Evlənəcək yaşdaydım, qız axtarırdım.

Solmaz xaladan növbəti müdaxilə gəlir.

– Ona bir arvad, mənə də bir kişi lazım idi (gülür).

Və evlənirlər. 1974-cü ilin sentyabrın ayında. 4 övladları var. İki qız, iki oğlan. Hamısı da təhsilli. Üçü hüquq üzrə, biri iqtisadiyyat. Balacadan başqa hamısı ailə qurub, oğul-qız sahibidirlər. Bircə bu balaca nəsə inad edir, hələ evlənməyib. İndiki zəmanədə övladlarından razı valideynə az-az rast gəlmək olar. Adətən özlərinin böyüdüb, başa çatdırdıqları övladlardan narazılıq edir valideynlər. Amma Hacıgülü dayı…

– Övladlarından narazılıq etmək ata-ananın mənfi cəhətidir. Hər bir insan uşaqlıq illərini keçməlidir. Övladlarımdan razıyam. Olur ki, arada danlayıram da. “Nahaq belə elədiniz. Elə eləsəydiniz daha yaxşı olardı” deyirəm. Valideyn sözünə baxan, ata-ana sözü eşidən övlad peşman olmaz. Heç bir valideyn uşağını pis yola dəvət eləməz. Qızlarımın təhsili ali olsa da, oğlanlar texnikum bitirib. Fikrim var ki, balaca oğluma köməklik edim, ali təhsili olsun. Çünki indi ixtisasa fikir vermirlər. Təki təhsilin ali olsun. O SSRİ idi, ixtisasın nəydisə, o üzrə işləyirdin. Müəllim məktəbdə, mühəndis tikinti də. İndi bilən də tikir, bilməyən də. O vaxt belə şey olmazdı. Bir də fəhlənin burnu qanasaydı, baş mühəndisi “prokurotura”ya çağırırdılar. Texniki təhlükəsizliyi yoxuydusa, məsuliyyətə cəlb edilirdilər. İndi belə deyir. Neçə dənə hündür mərtəbəli binada panellər uçur, neçə bədbəxt hadisə baş verir. Amma bir adam belə tutulmur. Kənd təsərrüfatını bitirən oğlan bankda işləyir.

Sözünü bitirib çənəsini əliylə dayaq verib kənardan maraqla bizi dinləyən Solmaz xalaya dönür: “Dur, çay-çörək hazırla. Qız yoldan gəlib”. Bir təhər fikirlərindən daşındırıb, yeməyi sonraya, gələn dəfəyə saxlayıram.

Ev yol kənarında olduğundan gəlib gedənləri də çox olur. Yolda qalanından tutmuş, yolunu azanına qədər.

– Həyətdə oturmuşdum, gördüm bir nəfər maşınını itələ-itələyə gəlir. Sibirdən gəlirdilər, maşınları yolda sınıb. Dedi, Gəncəyə gedirik. Benzinim qurtarıb. Pulum da yoxdu almağa. Maşında yaxşı balım var. Gəl sənə bal verim, sən də mənə pul. Razılaşdım. Çıxartdım yüz manat verim, götürmədi. Dedi, əlli bəsimdi. Gəncəyə çatar. Çox olub belə hadisələr. Eləsi olub maşını qoyub gedir. Amma rayona gedəndə, yolun kənarında duranda biri maşını saxlamaz (Gülür).

– Xəbərlərdə “Şamaxıda ayı kəndə hücum etdi” xəbərlərini çox oxumuşuq. Sizin kəndə necə, ayı gəlib?

– Buralarda ayı yoxdu. Canavar var, tülkü, çaqqal, çöl pişiyi var. O da damdakı heyvanlara görə gəlirlər. Bir dəfə ölmüş heyvanın cəmdəyini eşin kənarına atmışdıq. Balaca oğlum cəmdəyi yeməyə gəlmiş 8 tülkünü vurub. Sonra damda 40 dənə qəşəng fərələrim vardı. Çöl pişiyi dama girib 39-u da boğub öldürmüşdü. Bircə dənəsinə dəyməmişdi. O da içlərində ən kifiri idi. Çirkini pişik də bəyənməmişdi (Gülür).

Bilmirəm necə oldusa, söhbət gəlib çıxır müharibə illərinə. II Dünya Müharibəsinə. Çətin günlər yaşadıqlarını deyir. Atası müharibəyə gedib geri qayıtmayıb. Anası tək başına beş uşaq böyüdüb.

– Doyunca çörək olmayıb yeməyə. Anam da işləmirdi. Heyvanımızın qatığını, südünü satıb bizi saxlayıb. İldə iyirmi dənə hinduşkamız olurdusa, onun sadəcə ikisini yerə bilərdik. Qalanını satırdıq ki, çörək alaq. Toyuqların yumurtasını vedrə-vedrə aparıb satardım. Məktəbə ayaqyalın getmişik. Sizin vaxtınızdakı kimi partalarımız yoxuydu. İki daşın üstünə taxta qoyurdular, oturardıq. Evdə yerə uzanıb, palazın üstündə yazı yazardıq. Sovet hökuməti müharibədən təzə çıxmışdı. Ölkədə heç nə yoxuydu. Məktəb çantası nədi, biz görməmişik. Adicə parçadan torba tikərdi anamız. Yanında balaca cibi olardı. Mürəkkəb qabını ora qoyardıq. Biz, belə oxuduq.

Danışır. Danışdıqca qaşlarını çatır. Alnındakı qırışlar dərinləşir.

Beləcə oxuyub mühəndis olur. Əvvəl Gəncədəki İnşaat Texnikumunu, sonra Poltexniki bitirir. Tikinti işində “proraflıq”dan başlayır, “ispalkom”a qədər müxtəlif vəzifələrdə çalışır; 97-də təqaüdə çıxana qədər.

Solmaz xala elə hey ortada var-gəl edir. Çölə çıxır, otağa girir. Birdən stola baxıb.

– Bıy, çayınızı içməmisiniz? Buza döndü ki…

Masadakı stəkanları toplayır.

Solmaz xalayla danışıqırq.

– Burda tək darıxmırsız ?

– Uşaqların əlindən darıxmağa imkan olur ki? Biri gedir, digəri gəlir. İki gün olar gediblər. Amma istəyərdim, bir qonşum olaydı. Bir beş dəqiqə sən gedib oturasan, bir beş dəqiqə o gələ sizə. Yoxdu. Neyləmək olar? İkimizik. Savaşa-savaşa, vuruşa vuruşa dolanırıq yavaş-yavaş. Gecəyə qədər söhbət edirik. Söhbət qurtarmır. Yaddaş xatirələrlə doludu. Keçmişi xatırlayırıq. Uşaqlıqda necə olmuşuq, cavanlıqda necə olmuşuq, ondan danışırıq. Dost tanışları yad edirik. Məsələn, sən də bizim söhbətimizin qanadında özünə bir yer tapdın. Bir vaxt olacaq, səndən də danışacağıq. Özü də zəng edəcəm ki, Ləman, səndən danışırıq.

– Adam var məcburiyyətdən tək yaşayır. Sizin isə Şamaxıda geniş eviniz, mülkünüz var. Köçməyi düşünmürsüz?

– Kişi bilər. Qərar onundur.

63 yaşlı Solmaz xala hər söhbətdə ərinin hörmətini saxlayır. Bu dəfə də ondan önə çıxmadı. Hacıgülü dayı ağzını açan kimi susur və mənimlə bərabər ərini dinləyirdi. Arada bir sözünə qüvvət də verirdi.

Hacıgülü dayı başındakı yun papağı çıxarıb, alnını qaşıyır. Sonra yenə başına qoyur.

– Əvvəllər bu fikri heç yaxın qoymazdım. Yaşlandıqca, görürəm ki, yox. Buranın havası da artıq mənə pis təsir edir. Nəfəs ala bilmirəm. Havası rütubətlidi. Aran tərəfdə yaşamaq istəyərdim.

70-ə qədər qocalığın ilbəil gəldiyini, 70-dən sonra günbəgün gəldiyini deyir.

– Dünənə qədər elə gəzirdim ki, dırnaqlarımın ucunda. Amma indi yox. İndi adicə qalstuku taxa bilmirəm. Boğuluram. Adi bir “zapinka” taxa bilmirəm. Hə, mənim də vaxtlarım vardı. Bu boyda rayonda iki dənə yaxşı geyinən vardısa, biri məniydim. Amma bu gün qocalıq öz işini görüb. Həyətə çıxanda üçüncü ayaq götürürəm, ağacla yeriyirəm. Çünki onun da köməyinə ehtiyacım var. İki il bundan əvvələ qədər maşınım vardı. Verdim nəvəmə. Oğlumun qızına. Səkkizdə oxuyur. Dedi, baba, mən maşın sürə bilmirəm. Dedim, atana deyərəm sənə öyrədər. Tapşırdım, açarları da kimsəyə verməsin. Özü sürsün. Məndən yadigar saxlasın.

Sonra əllərimi ovcunda sıxır:

– Cavanlığınızdan muğayat olun. Bir də görəcəksiniz ki, gənclik, cavanlıq yoxdu. Hələ mən çox gəzib, çox görmüşəm. Gəzmədiyim yer qalmayıb. SSRİ-nin hər yerində olmuşam. Kamçatkaya qədər getmişəm. Sakit okeanın sahilidi. Əlini uzaq balığı götür. Qızıl balıq doluydu. Baykal gölündə də qızıl balıq çoxdu. Göy Göldən də gözəl göldü. Şam meşələrinin arasında. 12-13 metr dərinlikdə suyun dibi görünür. Göl o qədər təmizdir ki… Yakutiyanın hər yeri buzdu. Amma quru olduğundan maşının təkəri sürüşmür. Ən çox Pribaltika ölkələrini bəyəndim. Almanlar kimi dəqiq insanları var. Moldovada da gözəl yerdi. Yaşıllıqdı hər yer. Yolların kənarı qoz ağacları. Qabığı elə nazikdir ki, ovcunda qırmaq olar. Qafqazda isə Gürcüstan gözəldi. Yaxşı günlər görmüşəm mən, qızım. Sovet dövründə yaxşı yaşamaq üçün böyük imkanlar vardı. İsti təndir çörəyi, pendir və tərxun yemək üçün Şamaxıdan maşına oturub Gəncəyə gələrdik. Sən azara bax e?! Bakıda aerokassanın yanından keçəndə deyirdik ki, gəlin bilet götürək, sabah günorta yeməyini Moskvada yeyək? Gedirdik də. Axşama da qayıdırdıq. Biz belə gün görmüşük. Siz nə gün gördünüz ki?

Saat 3-ü keçir, getməyə hazırlaşıram. Çörək kəsmədən “olmaz” deyirlər. Bir daha gələcəyimi söz verib Bakıya qayıdıram. Onların evi Şamaxıya çatmamış yolun solunda, yaşıl damı olan yeganə evdi. Əgər yolunuz Şamaxıya düşsə, mütləq onlara baş çəkin. Bu iki insanı tanımağa dəyər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button