20 yanvar əlili icra başçısına görə özünü yandırmaq istədi – VİDEO
Neftçalanın icra başçısı İsmayıl Vəliyevin yaratdığı qoçu dəstəsi 20 yanvar əlilinin bazarını söküb orada çalışan işçilərə əziyyət verir.
Avropa.info-nun hadisə yerindəki müxbiri bazarın sahibi, 20 yanvar əlili Məhəmməd Fərziyevin özünü yandırmaq istədiyini bildirib.
Dünən Neftçalada sahibkar M. Fərziyevə aid balıq bazarı icra başçısı İ. Vəliyevin təlimatı ilə icra başçısının müavini Əlkömək Babayevin ətrafına topladığı dəstə tərəfindən sökülməyə başlayıb.
Bazarın sahibi isə söküntüyə davam ediləcəyi təqdirdə özünü yandıracağını söyləyib. Onun əlində bir qab dolusu benzin olub.
Ətrafdakı insanların səyi nəticəsində M. Fərziyevin əlindən benzini almaq və onu sakitləşdirmək mümkün olub.
Rayon icra hakiminin müavini Ə. Babayev isə məsələyə münasibət bildirərkən bazar sahibinin sadəcə “şou” göstərdiyini irəli sürüb. O bazarda antisanitariyyanın hökm sürdüyünü söyləyib.
Bazarda işləyənlər də icra başçısının ətrafına qoçu dəstəsi topladığını və istədiyini zor gücü ilə etdirdiyinibildiriblər.
Xatırladaq ki, uzun zamandır Neftçala rayonunun icra başçısı İ. Vəliyev tikdirdiyi balıq bazarına işçi cəlb etmək üçün rəqib balıq bazarını sökdürmək istəyir.
O sahibkar və 20 yanvar əlili olan M. Fərziyevin bazarını əlindən almaq üçün müxtəlif üsullara əl atır.
İcra başçısının təyin etdiyi adamlar rəqib bazarda çalışan adamları gah hədələyir, gah da onlara heç bir səbəb olmadan külli miqdarda cərimə tətbiq olunur.
İcra başçısının ətrafına topladığı və icra başçısının müavini Əlkömək Babayevin başçılıq etdiyi qoçu dəstəsi mütəmadi olaraq bazarda çalışanlara qarşı zor tətbiq edərək onlara işləməyə imkan vermirlər.
Əsasən də polislərdə təşkil olunan dəstə bazarda çalışanları təqib edərək onların işləmələrinə hər yolla mane olmağa çalışırlar.