Xocavəndin təhsil şöbəsinin müdiri sələmə pul verir? – ŞOK
Təhsil şöbəsinə rəhbərlik edən Şəfahət Yusifov ayrı-ayrı şəxslərə faizə pul verir
Yeni təhsil naziri Mikayıl Cabbarovun vədlərinə baxmayaraq təhsilin səviyyəsində nəinki gözlənilən irəliləyişlər müşahidə olunmur, əksinə bir çox bölgələrdə bu səviyyə getdikcə daha da aşağı düşür. İşğal altında olan rayonlarımızın təhsilində isə korrupsiya faktları hədsiz dərəcədə çoxdur. Təhsil Nazirliyinin rəhbərliyi isə islahatların reallaşmasını əngəlləyən səbəbləri aradan qaldırmaqda acizlik nümayiş etdirir. Bu səbəblər isə ilk növbədə təhsil sisteminin bütün strukturlarında yaşanmaqda olan ciddi kadr problemləri ilə bağlıdır. Xüsusilə respublkanın rayon və bölgələrində fəaliyyət göstərən əksər təhsil şöbə və idarələrinin işi bu günümüzün tələblərinə qətiyyən cavab vermir. Bu idarələrdə hökm sürən özbaşınalıq, rəhbərliyin tətbiq etdiyi avtoritar idarə üsulu və səriştəsizliyi bütün yeniliklərin və inkişafa aparacaq başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur.
Demokratiya.info-ya daxil olan çoxsaylı məlumatlarda isə korrupsiyaya uğramış təhsil şöbələrindən biri kimi Xocavənd RTŞ-nin adı çəkilir. Həmin məlumatlarda bildirilir ki, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifovun öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən bu gün işğal altında olan bu rayonun təhsili uçuruma yuvarlanmaqdadır.
Narazı sakinlər tərəfindən müxtəlif instansiyalara ünvanlanan şikayət ərizələrində rayon təhsilində vəziyyətin dözülməz həddə çatdığı göstərilir. Mənbələrin bildirdiyinə görə, Xocavənd Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı heç bir qanuna riayət olunmur. Belə ki, təhsil sistemindən anlayışı olmayanlar hazırda təhsil şöbəsində bəzi mühüm vəzifələri tutublar. Aşkarcasına ölkə qanunlarını pozan RTŞ müdiri isə son vaxtlar hətta Xocavənd RİH başçısı ilə əlbir olaraq ayrı-ayrı müəllimlərə qarşı təqiblərə də başlayıb.
Məlumatlarda Şəfahət Yusifovun qazanc məqsədilə yalnız kağız üzərində fəaliyyət göstərən bir neçə məktəb açmasından, özünün və RİH başçısı Eyvaz Hüseynovun yaxın qohumlarını həm real, həm də “virtual” məktəblərdə rəhbər vəzifələrə təyin etməsindən, saxta diplomla “müəllimlik” etmək həvəsində olan şəxsləri işlə təmin etməsindən, peşəkar və təcrübəli müəllimləri müxtəlif bəhanələrlə işdən azad edərək öz yaxınlarını eyni zamanda iki məktəbdə işə götürməsindən və digər yolverilməz qanun pozuntularından bəhs edən faktlar təqdim olunur.
Redaksiyamıza daxil olan son məlumatlara görə, bütün bu qanunsuz əməllərində ona himayədarlıq edən Rayon İcra hakimiyyəti başçısı vəı onun humanitar işlər üzrə müavini ilə aranı pozan Şəfahət Yusifov çox çətin vəziyyətə düşüb.
Belə ki, bütün cinayətkar əməllərində ortaq olan İcra başçısının humanitar işlər üzrə müavini və təhsil şöbəsinin müdiri kreslo üstündə savaşa qalxıblar. Vəzifədən kənarlaşdırılan humanitar məsələlər üzrə müavin Təhsil şöbəsi sədrliyinə ən uğurlu namizəd olacağını düşünüb. Bu da iki “dostun” arasında münaqişəyə səbəb olub. İş böyüyərək məhkəməyə doğru gedib çıxıb. Bir-birinin cinayətkar əməllərinə, korrupsiya fəaliyyətinə şahid olan “dostlar” dara düşəndə bir-birini satmaqdan çəkinmiyiblər.
Son məlumatlara görə, Şəfaət Yusifov rayonda həmçinin sələmçi kimi də ad çıxarıb. Belə ki, onun ayrı-ayrı adamlara faizə pul verdiyi deyilir.