Qorxmaz Hüseynov bacısı oğluna böyük paralar qazandırır: AĞ QUM BİZNESİ
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bağlı ilginc faktlar əldə etmişik. Etibarlı mənbələrdən Savash.org-a daxil olan həmin informasiyalarda Qorxmaz Hüseynovun qohumları vasitəsilə dövlət büdcəsini mənimsəməsindən və özəl biznes strukturları yaratmasından söz açılır.
Savash.org-a daxil olan məlumatlara əsasən, şirkətlə bağlı yeyinti halları sərhəd tanımır və Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişində yeni \”qayda\”lar tətbiq edib. Həmin \”qaydalara\” əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumla örtülməlidir. Məsələ belə əsaslandırılır ki, həmin qum növü guya boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə Qorxmaz Hüseynovun bu tələbinin alt qatında tamamilə başqa məqsədlər yatır. Mənbəmiz iddia edir ki, boruların üzərini örtmək üçün şərt kimi qoyulan həmin ağ qum biznesinə Qorxmaz Hüseynovun bacısı oğlu nəzarət edir. Belə ki, 2011-ci ildən etibarən Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Hacıqabul rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən isə Qorxmaz Hüseynovun şərikinə məxsus ağ qum karyeri fəaliyyət göstərir. Hacıqabuldan çıxarılan bir yük maşın qum 30 manatdan alınır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır. Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun daha çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
Amma Qorxmaz Hüseynovun bacısı oğlunun qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Deyilənə görə, ASC sədrinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə edildiyi də daxil olan məlumatlar arasındadır.
Növbəti yazımızda isə Qorxmaz Hüseynovun qohumları vasitəsilə reallaşdırdığı digər şok maxinasiyalara işıq salmağa çalışacağıq.
SAVASH.ORG