Dünyanın yeni yeddi möcüzəsi hansılar olacaq?
Tac-Mahal Böyük Moğollar dövrü hind memarlığının görkəmli abidəsidir.
Hindistanın Aqra şəhərinin yaxınlığında, Camna çayının sahilindədir.Moğol hökmdarı Cahan şah Tac-Mahal türbəsini arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə tikdirib, sonralar Cahan şahın özü də həmin türbədə dəfn edilib. Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi səmərqəndli Məhəmməd Şərif, istanbullu Xan Rumi ilə birgə ucaldıb, onun kitabə və bəzək işlərini Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları görüblər. Böyük bağ içində salınmış memarlıq ansamblının (məscid, mehmanxana və sair) əsas tikilisi olan Tac-Mahal türbəsi beş günbəzli möhtəşəm binadan və künclərdəki dörd minarədən ibarətdir. İncə mütənasibliyi, böyük emosional obrazlılığı ilə səciyyələnən Tac-Mahal planına və həcm-məkan həllinə görə Azərbaycanın Səfəvilər dövrü günbəzli türbələri ilə genetik bağlıdır. Dünyanın dini mərkəzlərindən sayılan Tac-Mahal indi təhlükə qarşısındadır, onu üzərindən uçan təyyarələrin yaratdığı titrəyişlərdən qorumaq lazımdır. Aqra şəhərinin rəhbərliyi bununla əlaqədar abidənin yerləşdiyi bölgənin “uçuşa qadağan ərazi” elan olunması haqqında məsələ qaldırıb.
Tac-Mahal planetimizin yeddi yeni möcüzəsinə namizədlərdən biridir. Beynəlxalq Dünyanın Yeddi Yeni Möcüzəsi Fondu iki min ildən çox bundan əvvəl Bizanslı Filonun tərtib etdiyi məşhur yeddi möcüzə siyahısına yenidən baxmağı qərara alıb. Təklif olunan 21 obyektdən yeddi ən əhəmiyyətlisini Yer üzünün sakinləri seçməlidirlər. Səsvermə internetdə aparılır, bütün ilboyu davam edəcək və son nəticələr gələn il yanvarın 1-də elan olunacaq.
Yeddi yeni möcüzəni müəyyənləşdirməyin məqsədlərindən biri dünyanın mədəni irsinə qayğıkeş münasibətin vacibliyini insanlara başa salmaqdır. Xatırladaq ki, Bizanslı Filonun hazırladığı siyahıdakı möcüzələrdən yalnız Misir piramidaları indiki günümüzədək qalıb. Təzə namizədlər siyahısında Misirin Cizə ehramları kimi qədim abidələrlə yanaşı, müasir arxitektura nümunələri də var. Azens.az-ın məlumatına görə, buraya İtaliyada Roma Kolizeyi, İordaniyada Petrada (əlBətra), Böyük Britaniyada Stonhenc rəsədxanası, Böyük Çin Səddi, Fransada Eyfel qülləsi, ABŞ-da Azadlıq heykəli, Rusiyada Moskva Kremli və Vasili Blajyonnı məbədi, Avstraliyada Sidney Opera Teatrının binası, Malidə Tombuktu şəhəri, Türkiyədə Aya-Sofiya məbədi, Braziliyada İsa Peyğəmbərin heykəli, Çilidə Pasxi adasının heykəlləri, Peruda Maçu-Pikçu qalası, Kiotada İmperator sarayı,Meksikada Çiçen-İtsa məbədi, Kambocada Anqkor-Vat məbədi, İspaniyada Alqambra sarayı, Ynanıstanda Afina Akropolu daxildir.