Maraqlı

Eynşteynin Atatürkə yazdığı xahiş məktubu

Eynşteynin Atatürkə yazdığı xahiş məktubuModern.az saytının təqdim etdiyi bu yazıda dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteynin dünyanın ən böyük lideri saydığı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə yollarının necə kəsişməsi, eləcə də Atatürkün Eynşteynə göstərdiyi xoş münasibətdən söhbət açılacaq….

Çıxılmaz vəziyyətdə qalan Eynşteyn

1930-cu illərdə Almaniyada qorxunc faşist rejimindən bezən yəhudi əsilli bir çox elm, sənət adamları, eləcə də ictimai sektorun nümayəndələri Türkiyəyə pənah gətirirdilər.Yeni qurulan Türkiyə hökuməti mühacirləri qəbul etməklə yanaşı, onları mütəxəssisi olduğu sahələrdə də irəli çəkirdi. Çox keçmir ki, Almaniyada təhlükəli hesab edilən, nasistlərin qəbul etmədiyi elm adamları İstanbul və Ankara universitetlərində işlə təmin olunur.

Atatürkün qurduğu gənc dövlət o zaman təkcə Almaniyanın deyil, eləcə də bütün Avropanın – Macarıstan, Çexoslovakiya, Avstriyanın vətənlərində qəbul olunmayan sakinlərinə qucaq açdı. Ancaq Almaniyada vəziyyət tamamilə fərqli idi. Belə ki, 1932-ci ilin yazında keçirilən seçkilərdə nasist partiyası qalib gəldi və sonradan dünya tarixini dəyişəcək Adolf Hitler kansler seçildi.

Bundan sonra faşist partiyanın əsas hədəfi Almaniyada yaşayan yəhudiləri yox etmək oldu. Bu səbəbdən xeyli sayda yəhudi Almaniyanı tərk etmək məcburiyyətində qaldı. O zaman köç hazırlığı görən yəhudilərdən biri də böyük alim Albert Eynşteyn olub. Berlin Universitetində çalışan alim burada yaşaya bilməyəcəyini anlayıb tez bir zamanda Almaniyadan ayrılmağı qət edir. 1933-cü ildə Parisə gedərək orada “Kollec de Frans”da müəllimlik edir. Bu arada yəhudilər nasist təzyiqindən qorunmaq üçün “Yəhudi nüfuzunu qoruma birliyi” adlı təşkilat yaradır və Albert Eynşteyn onun fəxri sədri seçilir. Qurumun əsas işi hələ də Almaniyada nasist təhlükəsi altında yaşayan yəhudi elm adamlarını xilas etmək olur. Eynşteyn onları xilas etmək üçün bir çıxış yolu tapa bilmişdi.

Eynşteynin çıxış yolu – Türkiyə

O, 1933-cü il iyunun 17-də Türkiyə hökumətinə xahiş məktubu göndərib. Hökumətə, konkret olaraq baş nazirin ünvanına göndərilən bu məktub son dərəcə nəzakətli ibarələrlə zəngin olub. Məktubda Eynşteyn o zaman Almaniyada yaşayan alimlərin təhlükə altında olduğunu, eləcə də işlərində ciddi əngəllər yarandığını qeyd edirdi.
Həmin məktubdan bir hissəni təqdim edirik:

“Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn”

“Almaniyada təzyiqlər altında yaşayan 40-dan çox elm xadiminin və tibb müətəxəssisinin Türkiyədə yaşayıb fəaliyyət göstərmələri üçün icazə vermənizi xahiş edirəm.

Haqqında danışdığım adamlar Almaniyada onlara qarşı tətbiq edilən qadağalar səbəbindən fəaliyyət göstərə bilmirlər. Amma onlar kifayət qədər təcrübə, dünyagörüş və savada malik olduğundan yaşayacaqları hər hansı ölkəyə fayda verəcəklərinə əminəm. Bu 40 insan bizim birliyə göndərilən çoxsaylı müraciətlər arasından seçilərək sizin ölkəyə tövsiyə edilir.

Onları qəbul etdiyiniz təqdirdə yüksək insani nümunə göstərməklə yanaşı, həmçinin öz ölkəniz üçün də faydalı nəsə etmiş olacaqsınız. Bunu deməklə ən azından özündə cəsarət tapan, sabiq xidmətkarınız olmağı özünə şərəf bilən professor Albert Eynşteyn”.

Əvvəlcə rədd cavabı, sonra…

Eynşteyn bu məktubu göndərən zaman Türkiyədə baş nazir İsmət İnönü idi. İnönü bu işi təhsil naziri Rəşid Qalibə həvalə edir. Nazirliyin məktuba verdiyi cavab çox qısa olur: “Dövlətimizin bugünkü şəraitini nəzərə alaraq şərtlərinizin qəbul olunmadığını bildiririk”.

Lakin bu cavab hər şey demək deyildi. Sonradan Atatürkün işə baş qoşmasından sonra məsələ həllini tapır. Həmin məktub Təhsil Nazirliyi tərəfindən rədd edilsə də, dahi rəhbər Atatürkün müdaxiləsindən sonra Almaniyadan yəhudi əsilli elm adamları, tibb mütəxəssisləri Türkiyəyə dəvət olunur və işlə təmin edilir.

Bəzi mənbələrə əsasən, Eynşteyn məktubu birbaşa Atatürkün özünə yazır. Hər halda, məktubu təsdiq edən məhz Mustafa Kamal olur. Bu hadisə sonradan böyük Eynşteynin Atatürkə və Türkiyəyə olan sevgisini artırır. İş o yerə çatır ki, Eynşteyn bir müddət Türkiyəyə, orada çalışan dostlarının yanına getməyi qərara alır. Deyilənlərə görə, Atatürk də buna maraqlı olur. Amma sonradan bu fikrindən vaz keçir. Amma Atatürkün onun məktubuna cavab verməsindən təxminən15 il sonra Eynşteyn Amerikada onunla görüşən türkiyəli professor Münir Ülgürə Atatürkə olan münasibətindən və Türkiyəyə nə səbəbə gəlməməsindən danışır. Hazırda təqaüddə olan yaşlı professor M. Üzgür o görüşü bu cür xatırlayır:

“1948-ci ildə İstanbul Texniki Universitetindən Amerikaya ezam olundum. Məni “General Elektrik” şirkəti seçdi, lakin orada işləməyim üçün imtahandan keçməyim lazım idi. Bir profeessor gəldi, çox çətin imtahandan uğurla keçdim.

Filadelfiyada iki il yarım yaşadım. Eynşteynin Prinsetton Universitetində çalışdığını bilirdim. Onunla görüşməyi qərara aldım. Doğrudur, onun zaman məhdudluğunu və görüşlərə çox da önəm vermədiyini bilirdim. Amma daxilimdə bir istək var idi ki, onunla görüşüb söhbət edim. Assisentinə zəng vurdum və gözləmədiyim halda dərhal razılıq cavabı aldım. Cavabda bildirildi ki, Eynşteyn sizi filan saatda öz ofisində gözləyir.

Həyat yoldaşımı və 3 yaşlı qızımı götürərək deyilən vaxtda onun ofisinə getdim. Bizi həddindən artıq xoş bir sima ilə qarşıladı. Onda fövqəladə bir sadəlik var idi. Üç yaşlı qızımla tez dostlaşdı. Onu dizlərinin üstünə oturdaraq bərabər piano ifa etdilər. Xeyli söhbət etdik. Söhbət əsnasında bildim ki, bizi qəbul etməyinin səbəbi Atatürk amili olub. Anladım ki, Eynşteyn yəhudi alimlərinə Atatürkün göstərdiyi xoş münasibətdən sonra ona rəğbəti artıb. Məndən “siz bilirsinizmi, dünyanın ən yaxşı liderinə sahibsiniz”, – deyə soruşdu.

Atatürkə dərin rəğbəti var idi. Sonra əlavə etdi ki, 1933-cü il hadisələrində məktubda yazdığı 40 alimlə bərabər özü də Türkiyəyə gəlmək haqqında düşünüb. Amma Fransada şəraitin yaxşı olması onu fikrindən daşındırıb. Buna baxmayaraq, o, Türkiyədə çalışan alim dostları ilə tez-tez məktublaşırmış”.

Həmin alimlər

Müharibə illərində güclənən faşist rejimi Avropanın müxətlif ölkələrindən yəhudilərin yerləşmə prosesini dayandırmasını və ərazilərində məskunlaşanların Almaniyaya təhvil verməsini tələb edir. Bu tələbnamələrdən biri də Hitlerin öz xətti ilə Türkiyənin baş naziri İsmət İnönüyə yazdığı məktubdur. Məktubda “ölkənizdə olan yəhudiləri bizə təhvil verin, biz sizə onlardan daha yaxşılarını göndərə bilərik” fikri qeyd olunurdu. Amma İnönünün cavabı daha konkret və sərt olur: “Biz elə bizdə olan yaxşılarla da kifayətlənirik”.

Eynşteynin məktubda yazdığı bir qeyd sonradan özünü doğruldur. O, məktubda alimləri qəbul etdiyi surətdə Türkiyənin özünün də çox şeylər qazanacağını diqqətə çatdırırdı. Zaman göstərdi ki, böyük fizik həqiqətən də bu yanaşmasında tam haqlı imiş. Belə ki, İstanbul, Ankara və başqa universitetlərdə çalışan həmin alimlər tibb, biologiya, kimya, fizika və hüquq elmlərində əsl elmi inqilab yaratmağa nail olurlar.

Bu fakt onu göstərir ki, elm hər zaman tarixin yaralarını dezinfeksiya etməklə məşğul olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button