Maraqlı

Siyasətçilər çıxış öncəsi güzgü qarşısında məşq edirmi?

Siyasətçilər çıxış öncəsi güzgü qarşısında məşq edirmi?
Onların əksəri bunu etmədiyini, edənlərə də normal baxdığını deyir; ekspert: “Böyük siyasətçilərin bədən dili məşqçiləri, psixoloqları da olur…”

Yəqin ki, hər kəs “Həm ziyarət, həm ticarət” filmindəki Mustafa müəllimin gecəyarı güzgü qarşısına keçib məşq etdiyi epizodu xatırlayır. Səhər verilişə çıxacağını zənn edən Mustafa müəllim (Hacı İsmayılov) jestlərlə uzun-uzun danışır.

Əslində hələ qədimlərdən güzgü qarşısında məşq etmək ənənəsi olub. Bu yaxınlarda da “Buzzfeed” adlı internet saytına müsahibə verməyə hazırlanırmış kimi davranan Obama güzgü önündə üz əzələlərini oynatmağa, sonra isə çıxış etməyə hazırlaşırmış kimi danışmağa başlayıb. Ən sonda da günəş eynəklərini taxaraq şəkillər çəkdirib.

Azərbaycanda necə, göz önündə olan siyasətçilər kütlə qarşısında və televiziyada çıxış etmədən öncə güzgü qarşısında məşq edirlərmi?

Siyasətçilər çıxış öncəsi güzgü qarşısında məşq edirmi?Deputat Fazil Mustafa heç vaxt hansısa tədbirə güzgü qarşısında məşq edərək çıxmadığını dedi: “Əgər mən məruzə edəcəyəmsə, onun mətni üzərində işləyirəm, yazıram. Amma hansısa televiziya, parlament çıxışıma heç vaxt öncədən hazırlaşmıram. Sadəcə olaraq, mövzu haqqında nə danışacağımı müəyyən edirəm. Diqqət etsəniz görərsiniz ki, mən heç vaxt mətindən oxumuram, birbaşa danışıram. Əgər kimlərsə çıxış etmədən öncə güzgü qarşısında məşq edirsə, buna da pis baxmıram. Bu bir siyasətdir və təbii ki, şəxs özünün ampluasına, manevrlərinə uyğun hazırlaşmalıdır. Danışıq üslubu hər kəs üçün spesifikdir. Mən daha çox bədahətən, komplekssiz, hazırlıqsız, amma mövzuya hakim olaraq danışmağa üstünlük verirəm”.

F.Mustafa bunun bir az da güvən məsələsi ilə bağlı olduğunu bildirdi. Deputatın sözlərinə görə, özündə kompleksi olmayan insanlar bu cür məşqlərə maraqlı olmur: “Prezidentlərin bu cür məşqlərə vərdiş etməsinə normal yanaşıram. Çünki bizim masştabda olan insanların çıxışı ilə dünyanın, yaxud da cəmiyyətin taleyinə təsir göstərən prezidentlərin müəyyən jestləri, çıxışları bir deyil. Məsələn, prezidentin hüznlü bir məsələyə gülərək fikir bildirməsi çox ciddi narahatlıq yarada bilər. Ona görə də onun daha kədərli mimikada olması yaxşıdır. Amma hər halda, hər şeyin təbii olması daha gözəldir. Cəmiyyətin düşünən insanları qeyri-təbii jestlərə yaxşı baxmır”.

Siyasətçilər çıxış öncəsi güzgü qarşısında məşq edirmi?Deputat Zahid Oruc da güzgü qarşısında məşq etməyənlər sırasındadır: “Güzgü haqqında bir fikir var: deyirlər ki, o yeganə tərəf müqabilidir ki, adamı təhrif etmədən olduğu kimi özünə göstərir. Siyasətçinin böyük auditoriyalara çıxmazdan öncə məşq prosesində güzgüdən istifadəsinə gəlincə, siyasətdə olduğum bu 20 ildə bir dəfə də olsun belə etməmişəm. Bəzən media mənsubları günün istənilən saatında bizdən hansısa məsələlərə açıqlama istəyirlər. Düşünürəm ki, güzgüdən asılı olmayaraq insan özünü bu tələblərə hazırlamalıdır. Barak Obama ilə bizim Şəki ləhcəsində məşq edən Mustafa müəllim arasındakı paraleliniz mühüm tapıntıdır. Amma düşünürəm ki, bizim filmimizdə bu, daha mənalı və orijinal səslənib”.

Siyasətçilər çıxış öncəsi güzgü qarşısında məşq edirmi?ADP sədri Sərdar Cəlaloğlu isə güzgüyə yalnız çıxış öncəsi qalstukunu düzəltmək üçün baxdığını dedi: “Heç vaxt güzgü qarşısında məşq etməmişəm. Amma televiziyaya çıxanda güzgüyə baxıb qalstukumu düzəltmişəm. Mən haradan bilim ki, mənə nə suallar veriləcək və buna uyğun da məşq edim. O vaxt məşq edirlər ki, çoxluq qarşısında hansısa mühüm məsələ ilə bağlı monoloq deyirlər. Düşünürəm ki, bunu da hamı edir. Dövlət başçılarının imici və qayğıları ilə bizim qayğımız eyni deyil. Yəni zəruri deyil ki, biz güzgü qarşısında məşq edək”.

Siyasətçilər çıxış öncəsi güzgü qarşısında məşq edirmi?Ümid Partiyasının sədri İqbal Ağazadə güzgü qarşısında məşq etməsə də, məşq edənlərə də pis baxmadığını bildirdi: “Mən heç vaxt güzgü qarşısına keçib məşq etməmişəm. Fikirlərini ifadə edərkən insanın hansı formaya düşdüyünü bilmək istəməsi və bunun üçün də güzgü qarşısına keçib məşq etməsi də normaldır”.

Maraqlıdır, bəs nəyə görə məhz güzgü? İnsanlar video qarşısına keçib də məşq edə və daha sonra qüsurlarına baxa bilərlər. Yaxud yaxınından onu dinləməsini və qüsurlarını deməsini xahiş edə bilər. Niyə məhz güzgü?

Psixoloq Azad İsazadəyə görə, güzgü qarşısında məşq etmək psixoloji cəhətdən normal bir hal kimi qəbul olunmalıdır: “Məsələn, balet ustaları hər hərəkətlərini bütün incəliklərinə qədər düzəltmək üçün güzgü qabağında məşq edirlər. Bundan başqa, görüntüsünü, hərəkətlərini daha dəqiqliyi ilə çatdırmaq istəyən şəxslər güzgü qarşısında həmişə məşq edirlər. O cümlədən natiqlər də güzgü qarşısına keçib danışırlar. Psixologiyada bədən dili deyilən bir anlayış var. Bədən dili çox vaxt sözdən də əhəmiyyətli məlumatı insanlara ötürə bilir. Bədən dili ilə deyilən söz arasında uyğunluq yoxdursa, deyilən sözlərə heç kim inanmaz. Biz sözlərimizi hansısa hərəkətlərimizlə dəstəkləməliyik. Hətta böyük siyasətçilərin bədən dili məşqçiləri, psixoloqları olur. Güzgü qarşısında bu cür məşq etmək məqsədəuyğundur. Auditoriyanı öz çıxışına daha da inandırmaq üçün düzgün bədən hərəkətləri olmalıdır”.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button