Maraqlı

“Mixaylo kinoteatrı partladandan sonra ağlayırdı…”

“Mixaylo kinoteatrı partladandan sonra ağlayırdı...”…O zaman 11 yaşı olan Ştoka Sreçkonun sözlərinə görə, bəzi tapşırıqları yerinə yetirmək Mixaylo üçün ağır idi…

Mixaylo üçün dinamit hardan gəlirdi?

…Adam boyu hündürlüyündə daş parçalarının arasında gəzişirik. Daşların çıxarıldığı dərəyə baxanda isə adamın başı gicəllənir – 30-40 metr aşağıda ekskavatorlar işləyir. İtaliya və Sloveniyanın sərhəd bölgələrində belə daş karxanalarının bəziləri yüz ildir fəaliyyət göstərir.

“Bax, köməkçiləri Mixaylo üçün dinamiti belə karxanalardan oğurlayıb gətirirdilər. Onda bəzi karxanalar dayanmışdı, anbarlarda süxurları dağıtmaq üçün istifadə olunan çoxlu dinamit vardı…”

Bunu bizə Bruno Kavçiç deyir. Mehdi Hüseynzadə haqqında əvvəlki yazılarımızı oxuyanlar onu yaxşı tanıyır, 85 yaşı var, müharibə vaxtı partizanların kuryeri – rabitəçisi olub.

Bruno Kavçiç əfsanəvi qəhrəman, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadəyə – Mixayloya İtaliyanın Obçina şəhərindəki kinoteatrı partlatmaq üçün istifadə etdiyi bombanı hazırlamaqda kömək edib.

Bizim “Şkoda” avtomobili beş dəqiqə sonra karxananın həyətini tərk etməli olur, mühafizə xidməti özünü yetirir. Mən, Bruno Kavçiç, yenə də Mixaylo haqda əvvəlki yazılarımızdan sizə tanış olan Sloveniyanın Nova Qoritsa bələdiyyəsinin məmuru Andrey Kampara və tərcüməçi xanım Lukeriya Kobyevqlava kəndinə yollanırıq.

Gizli “bomba sexi

Sloven dilindəki ifadə ilə desək, Mixaylonun “postaya”larından, yəni gizli dayanacaqlarından biri də Kobyevqlava kəndində yerləşib. Bruno Kavçiç qabaqda, biz də arxasınca ikimərtəbəli evin birinci mərtəbəsindəki kiçik otağa daxil oluruq. Otağa gül dibçəkləri, yeşiklərdə cücərdilən müxtəlif bitkilər yığılıb.

Bruno Kavçiç xatırlayır: “Onda bu dibçəklər yox idi, ortaya bir stol qoyulmuşdu, partlayıcını həmin stolun üstündə yığırdıq. Torbalara müxtəlif cür tozlar, başqa materiallar doldururduq, sonra dinamit əlavə edirdik”.

Bruno Kavçiç Obçinadakı kinoteatrı partlatmaq üçün bombanı hazırlamaqda Mixayloya kömək edib. O, öz evinin eyvanındakı müharibə muzeyini göstərir

“Dobr dan”. Ev sahibləri bizi slovencə “Gün aydın” deyib qarşılayır. İndi bu evdə 90-a yaxın yaşı olan və infarktdan sonra çətinliklə danışan Herman Ostroujko öz həyat yoldaşı Mayda Kermol ilə birgə yaşayır.

Hermangil ailədə 5 uşaq imiş, onun 4 bacısından ikisi partizanların rabitəçisi olub. Ataları erkən dünyasını dəyişdiyi üçün anası onları tək böyüdüb, amma imkanlı ailə olduqları üçün korluq çəkməyiblər.

Ev sahibəsinin o vaxt 55 yaşı olub, anası ukraynalı olduğu üçün rusca da danışa bilirmiş. Bundan başqa, “postaya”da qalan partizanlara yemək də hazırlayırmış.

Partizanlar ikinci mərtəbədəki otaqlarda yatırmışlar, amma onların alt qatda toplaşıb bomba düzəltdiyini heç ev sahibəsinin rabitəçi qızları da bilmirmiş. Rabitəçi qızların vəzifəsi həm də Mixaylonun alman zabiti formasını gizlətmək idi.

Həmsöhbətlərim danışır ki, Mixaylo burada iki həftə qalıb və bu müddət ərzində rabitəçilər ona ismarışlar aparıb-gətiriblər.

“Mən də Mixaylonun ağladığını görmüşəm”

“Şkoda”mız dolanbac dağ yolları ilə bizi Kobyevqlavadan Krayna Vas kəndinə aparır. Bəxtimizdən hava yaxşıdır, yollar sürüşkən deyil, maşının pəncərəsindən yazın ilıq nəfəsi duyulur. Buraların bəzəyi olan dağ meşələri hələ əlvan yaz libasını geyməyib. Amma çayların rəngi ilin dörd fəsli adamı heyrətləndirir. Havadan asılı olaraq çay suları gah mavi rəngə çalır, gah yaşıl, gah da çəhrayı…

Əlbəttə, müharibə vaxtı partizanların beşulduzlu otel keyfiyyəti axtarmağa nə vaxtları vardı, nə də niyyətləri.

Krayna Vasdakı “postaya”da bizi inəklər qarşılayır. Bura elə müharibə vaxtı da tövlə olub, ev sahibləri deyir ki, o vaxt tövlədə indikindən az – 7 inək vardı.

Mixaylo və dəstəsi üçün tövlənin sol tərəfinə ağac yarpaqları töküb üstünə mələfə sərərmişlər. Gecələmək üçün tövlənin seçilməsi təsadüfi deyildi, burda ehtiyat çıxış var idi. Almanlar darvazanı döyərsə, ev sahibi partizanlara xəbərdar edəcək, onlar da dal qapıdan evin arxasındakı küçəyə çıxacaqdılar.

Tövlə ikimərtəbəli evin birinci qatında yerləşirdi. İnəklərin altını təmizləyən ev sahibi Ştoka Sreçkonun onda 11 yaşı vardı, bu evdə anası, qardaşı və bacısı ilə birgə yaşayırdı.

Ştoka Sreçko xatırlayır: “Biz hamımız Mixaylonu çox sevirdik. Həm bir insan kimi, həm də partizanlar arasında hamıdan məşhur olduğu üçün”.

Ştoka Sreçko deyir ki, onların kəndi partizanların diversiya törətdiyi Triyest və Obçina şəhərlərinə başqa “postaya”lardan daha yaxın olduğundan Mixaylogil burda tez-tez gecələyirdilər. Obçinadakı kinoteatrı, Triyestdəki yeməkxananı partlatmağa da burdan gediblər.

Ş.Sreçkonun sözlərinə görə, bəzi tapşırıqları yerinə yetirmək Mixaylo üçün ağır idi, gəlib ağlayırdı: “Mən də bir dəfə onu ağlayan görmüşəm”.

Nə ağlamaq? Qulaqlarıma inanmayıb tərcüməçidən bir də xahiş edirəm ki, Mixaylonun niyə ağladığını dəqiqləşdirsin. Ştoka Sreçko deyir ki, kinoteatr kimi obyektlərin partladılmasını nəzərdə tutur: “Orada başqa adamlar da ola bilərdi axı”.

Məlumatlara görə, Obçinadakı böyük açıq kinoteatr alman zabitlərinin də sevimli istirahət yeri idi və partlayış zamanı müxtəlif rəqəmlərə görə, orada 120-dək alman zabiti həlak olub.

Obçinanın mərkəzində yerləşmiş həmin kinoteatr artıq mövcud deyil, onun yerində indi bir cərgədə dükanlar, bərbərxana, qəzet köşkü və başqa obyektlər yerləşir.

Mixaylo Triyestdə alman zabitlərinin tez-tez getdiyi kazinonu, nasistlərə xidmət edən “Il Pikolo” qəzetinin redaksiyasını və mətbəəsini də partlatmışdı. Bundan başqa…

Nasistlərin ürəyinə saplanan xəncər

…1944-cü il. Adriatik dənizinin sahilləri. İtaliyanın şimalı.

Nasistlər Triyest şəhərinin mərkəzindəki ən gözəl binalardan birini özlərinə qərargah seçmişdilər. Qərargahdakı partlayış nasistlərin düz ürəyinə saplanan xəncər idi.

Partlayışda ölənlər arasında xeyli yüksək rütbəli zabit vardı. Partlayış birinci mərtəbədəki restoranda törədilmişdi…

Keçən əsrin əvvəllərində tikilən belə gözəl üçmərtəbəli, hündür tavanlı daş binalardan Bakıda da çoxdur. Onu bir alman qrafı tikdirib, amma övladı olmadığı üçün Triyest şəhərinə bağışlayıb. İndi bura konservatoriyadır. İmtahan getdiyi üçün bizdən çəkilişi tez yekunlaşdırmağı xahiş edirlər.

Birinci mərtəbənin quruluşuna sonradan dəyişiklik edilib, restoran ləğv edilib, foye genişləndirilib, divarlara konservatoriyanın dərs cədvəlləri vurulub, kiçik oranjereya yaradılıb.

Mixaylonun alman zabiti paltarında gəlib törətdiyi həmin partlayışda müxtəlif rəqəmlərə görə, 150-dək alman zabiti həlak olub.

Çox ciddi qorunan bir binada törədilən bu partlayış faşistləri elə qəzəbləndirmişdi ki, onlar qisas olaraq onlarla sloven partizanını binanın mərmər pilləkan sürahisindən asmışdılar – birinci mərtəbədən üçüncü mərtəbəyə qədər.

Əlbəttə, bu, qəzəbdən başqa həm də yerli əhalini Mixayloya qarşı kökləmək cəhdi idi.

Nasistlər həm də Mixaylonun başına qoyduqları mükafatın məbləğini getdikcə artırırdılar. Bruno Kavçiç deyir ki, 300 min marka fantastik məbləğ idi. Müharibə vaxtı yer şumlamaq üçün istifadə olunan öküzün biri təxminən 1000 marka idi. Onun sözlərinə görə, bu, elə bir vaxt idi ki, bir çox insanlar ancaq bayramlarda ət alıb yeyirdilər, bir öküzü olan isə artıq varlı adam sayılırdı.

Mixaylonun başına 300 öküz dəyərində mükafat qoyulmuşdu. Amma slovenlər öz qəhrəmanlarını dünya malına satmamışdılar…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button