Maraqlı

Əcnəbilər Azərbaycan banklarındakı əmanətlərini niyə GERİ ÇƏKİR?

Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus olan əmanətlərin həcmində azalma ötən il bir qədər də güclənib. Rəsmi statistikaya əsasən əsnəbilərin banklardakı pulu 153,4 milyon manat və ya 35,3 faiz azalıb. 

Xatırladaq ki, 2019-cu ilin sonunda Azərbaycan banklarında əcnəbilərə aid olan 434,2 milyon manat dəyərində əmanət var idi. 2020-ci il ərzində həmin əmanətlərin önəmli hissəsi çıxarılıb və banklarda qalan əmanətlərin dəyəri 281 milyon manata enib. 

Ötən il martdan əcnəbilər əmanətlərini daha böyük sürətlə çıxartmağa başlayıb. Fevralda əmanətlərin dəyəri 621 milyon manatı ötdüyü halda iyunun sonunda 355 milyona, dekabrın sonunda 280 milyona enib. 

Əcnəbilərin əmanətlərində azalma 2015-ci ildən sonra böyük sürət alıb. Həmin ildə banklarda 1,233 milyard manat dəyərində əcnəbilərə məxsus əmanət var idi. 2016-cı ildə əmanət məbləği 967 milyon manata, 2017-ci ildə 745 milyon manata düşdü. 2018-ci ildə əcnəbilər banklardakı pullarını bir qədər artırıb 764 milyon manata çatdırsa da sonrakı illərdə azalma davam etdi və 2019-cu ildə 434 milyon manata gerilədi. 

2015-ci illə müqayisədə əcnəbilərin banklarımızdakı əmanətinin dəyəri 952 milyon manat, yaxud 4,39 dəfə azalıb. Kəskin azalma nəticəsində əcnəbilərin əmanətlərinin ümumi əmanətlərdə payı 13 faizdən 3,43 faizə düşüb. 

Statistika göstərir ki, əcnəbilərin əmanətlərindəki azalma əsasən xarici valyutada olan hissənin azalması hesabına baş verib. Belə ki, 2019-cu ilin sonunda əcnəbilərə məxsus manatla əmanətlərin dəyəri 122 milyon manat olduğu halda 2020-ci ilin sonunda 115 milyon manat olub. Göründüyü kimi, manatla olan əmanətlərdə azalma cüzidir. Amma xarici valyutada olan əmanətlərdə azalma olduqca yüksəkdir. Müqayisə edilən bir il ərzində xarici valyutada olan əmanətlərin dəyəri 312 milyon manatdan 166 milyon manata düşüb. 

Vasif

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button