Maraqlı

Elektrik mühərrikli avtomobillər Azərbaycanda niyə populyarlaşmır? – “Gömrük Komitəsi elə qiymət oxuyur ki…”

Xəbər verdiyimiz kimi, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində işlər görüldüyü vurğulanıb.

Maraqlıdır, mövcud hesabata əsasən ölkədə elektriklə çalışan avtomobillərin sayı arta bilərmi? Güzəştlər eyni zamanda daha hansı tip avotmobillərə şamil oluna bilər?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hazırda kreditlə avtomobil alanların sayının azaldığını bildirib. Ekspert buna səbəb kimi təklif olunan qiymətlərin həddən artıq yüksək olduğunu göstərib:

“Əvvəllər 2000-3000 manat ilkin ödəniş etməklə kreditlə avtomobil almaq olurdu. Lakin indi demək olar ki, avtomobilin yarı qiymətini ödəmək lazım gəlir. Prezident tərəfindən Azərbaycanda avtomobil parkının yenilənməsi, köhnə avtomobillərin yığışdırılması, ekoloji problemlərin həlli istiqamətində atılmalı olan addımlar göstərilib. Bu yol hərəkəti qaydalarına aid 2019-2020-ci il dövlət proqramında öz əksini tapıb. Həmin proqramın icrasından iki il ötsə də hələ də nəzərəçarpacaq iş görülməyib. 

Dövlət Gömrük Komitəsi və digər qurumlar yalnız elektriklə çalışan avtomobillərə güzəştlər tətbiq edirlər. Amma bu güzəştlər də normal deyil. Çünki Gömrük Komitəsi elektriklə çalışan avtomobilıin qiymətinin 15 faizini rüsum şəklində tələb edir. Bir çox ölkələrdə bu tip avtomobillərə tətbiq edilən vergi simvolik məbləğdən ibarətdir və bununla da vətəndaş elektriklə çalışan avtomobillərə maraq göstərir”.

Ekspert elektriklə çalışan avtomobillər üçün Azərbaycanda mövcud bazanın olmamasından da danışıb:

“Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda elektrikli avotmobillər üçün maddi texniki baza, ustalar yoxdur. Mövcud baza bütün respublikanı əhatə etməlidir ki, insanlarda bu avotmobilə maraq yaransın. Yəni, hansısa ucqar rayonda avtomobili xarab olan sürücü usta və texniki baza tapmaqda çətinlik yaşamamalıdır”. 

E.Muradlı hibrid avtomobil almaq istəyənlərin çox olduğunu bilidirb. Ekspert bu istəyin qarşısıının da bəzi qurumlar tərəfindən alındığını qeyd edib:

“İnsanlarda hibrid markalı avotmobillərə maraq var, lakin bu marağın qarşısını da Gömrük Komitəsi alır. Təxminən iki ildir ki, biz bu istiqamətdə çıxışlar edirik. Bunun nəticəsi olaraq da ötən ilin hesabatında hökumət bu məqama toxunub. Bu əslində ümidverici nüansdır. Vətəndaşlar bu tip avtomobilləri alarkən güzəştləri hiss edəcəklər və ənənəvi avtomobildən imtina edəcəklər. 

Bu ekoloji cəhətdən sağlam mühit deməkdir və Azərbaycan da digər ölkələr kimi belə mühitin yaranmasına çalışır. Bu utilizasiyaya keçid prosesini də rahatlaşdıracaq. Amma indi mövcud olan sərt qərarlar, maşının dəyərindən də çox olan gömrük rüsumu ənənəvi maşınlardan istifadəyə məhkum edir. Gömrük Komitəsi oxuduğu qiymətlərlə vətəndaşı məcbur edir ki, köhnə, yararsız avtomobil gətirsin, xərci də az çıxsın…”. 

Sfera.az
Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button