Maraqlı

Dünya ölkələrinin “vaksin müharibələri” – Koronavirus peyvəndlərinin qiyməti artacaq?

2021-ci ilin yanvar ayından dünyanın bir çox ölkəsində Covid-19 virusuna qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. Azərbaycan da yanvarın 18-dən vətəndaşlarının mərhələli şəkildə vaksin edilməsinə start verib.

Qlobal səviyyədə vaksinasiya prosesinin kütləviləşməsi vaksinlərə olan tələbi xeyli artırıb. Hazırda ölkələr daha çox vaksin almaq uğrunda mübarizə aparır. Mövcud rəqabət elə həddə çatıb ki, bəzi dövlətlər lazım olandan daha çox vaksin alaraq depolayır.

Bu vəziyyət vaksin qiymətlərinin yüksəlməsinə və vaksinlə təminatda çətinlik yarada bilərmi?

İqtisadçı Fuad İbrahimov hesab edir ki, təchizatla bağlı gərgin mərhələ artıq geridə qalıb. Onun fikrincə, gərgin dövr 2020-ci ilin noyabr – 2021-ci ilin yanvar ayları aralığında müşahidə edilib.

“Hazırda təchizatla bağlı çətinlik yoxdur, istənilən ölkə sifariş edib vaksin ala bilər”,- deyən F.İbrahimov düşünür ki, əvvəlki aylarda vaksinlə təminatda yaranan gərginlik vaksinlərin keyfiyyəti ilə bağlı yayılan şayiələrdən qaynaqlanırdı:

“Bu şaiyələr istehsalçı ölkələr və müxtəlif araşdırmaçı təşkilatlar tərəfindən yaradılırdı. Amma laborator müayinələri göstərir ki, vaksinlərin strukturu eynidir və oxşar təsir imkanlarına malikdir. İndi bu cür şaiyələrə demək olar ki, rast gəlinmir”.

F.İbrahimov söylədi ki, Azərbaycan vaksinə olan ehtiyacını qarşılamaq üçün sadəcə Çindən deyil, həm də başqa ölkələrdən – Rusiya və İsveçrədən də vaksin alacaq.

Hömsöhbətimiz qeyd etdi ki, vaksinlərə kütləvi tələbin yaranmasının əsas səbəblərindən biri pandemiyanın aradan qalxmasında vaksinasiyanın yeganə yol olmasıdır:

“Artıq hamı anlayır ki, normal həyata qayıtmaq üçün hökmən kütləvi vaksinasiya olmalıdır. Azərbaycan da bunu başa düşür və mərhələli şəkildə vətəndaşlara vaksin vurulur. İndiyə qədər 450 mindən artıq şəxs peyvəndlənib. Yəqin ki, ilin ikinci yarısına qədər peyvənd vurulanların sayı ən azı iki dəfə artacaq”.

Qeyd edək ki, ölkəmiz ilkin mərhələdə “Sinovac” şirkətinin “CoronaVac” peyvəndlərini alıb. Azərbaycanla bərabər Türkiyə də “CoronaVac” peyvəndini alır.

Türkiyə mətbuatında yer alan məlumatlara əsasən “CoronaVac”ın bir dozasının qiyməti 29,5 dollardır. Peyvəndlənəcək şəxsə 2 doza vurulacağından bir nəfər üçün 59 dollar lazım gələcək. Bu qiymətlə ölkəmizə lazım olan peyvəndin alınmasına 118 milyon dollar (200 milyon manat) pul xərclənməlidir.

Rəsmi məlumata əsasən Azərbaycan üçün peyvəndin alınması Koronavirusla Mübarizə Fonduna toplanmış vəsait hesabına həyata keçirilir. Fondda ianələr

hesabına 114 milyon manat vəsait toplanıb. Bu vəsaitlə lazım olan dozanın 57 faizini almaq mümkündür. Görünür, digər xərclər dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button