Maraqlı

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə, 90 günlük… – Yeni qaydanın SADƏ İZAHI

Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti isə 30 gün yox, 90 gün olacaq.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib ki, bununla da artıq vətəndaş pasportunun daşınmasına heç bir ehtiyac qalmayıb:

“Türkiyə ilə Azərbaycan arasında faktiki olaraq miqrasiya mübadiləsi var. Vətəndaşlarımız rahat şəkildə koronavirus testi verməklə Türkiyə ərazisinə daxil ola bilirlər, hər hansı məhdudiyyət yoxdur. Sadəcə olaraq bu, aprel ayının 1-nə qədər vətəndaş pasportu ilə həyata keçirilirdi. Yeni qaydalar bilavasitə hansı sənədlə ölkə ərazisinə daxil olmaqla bağlıdır. Artıq biometrik informasiyaları özündə əks etdirən, yəni xüsusi çiplə təchiz edilmiş şəxsiyyət vəsiqəsinin sahibi Türkiyə ərazisinə daxil ola bilər. Bu bir növ rahatlığa hesablanan məsələdir. Digər tərəfdən bəllidir ki, vətəndaş pasportunda olan bütün informasiyalar əgər bir çipdə yerləşdirilirsə və şəxs ölkə ərazisinə daxil olarkən onunla bağlı zəruri informasiyalar çipə ötürülürsə, bu, artıq  vətəndaşlıq pasportunun daşınmasına heç bir ehtiyacın olmadığını gündəmə gətirir. 

Uzun müddətdir, buna doğru proseslər gedirdi. Bəllidir ki, bu, siyasi iradə ilə bağlı olan məsələ idi. Qardaş dövlət olduğu təqdirdə mövcud müəyyən prosedurların maksimum sadələşdirilməsini asanlaşdırmaq lazım idi ki, onlardan biri viza rejiminin aradan qaldırılması oldu. Hər iki ölkənin vətəndaşı digər ölkə ərazisində 90 gün müddətində qala bilər. 90 gündən sonra ya ölkənin ərazisini tərk etməlidir, ya da müvəqqəti yaşamaq üçün aidiyyatı strukturlara müraciət etməlidir. Aprelin 1-dən sonra bunu yeni şəxsiyyət vəsiqələri ilə həyata keçirə biləcəyik. Bunun müsbət hal olduğunu düşünürəm. Biz faktiki olaraq maksimum mübadiləni sadələşdirə biləcək bir şəraitin yaradılmasını görürük”.

Müsahibimiz həmçinin ikinci ölkə üzərindən Türkiyəyə getmək istəyən vətəndaşlardan da söz açıb: “Məsələn, çoxsaylı vətəndaşlarımız həmişə Gürcüstan üzərindən Türkiyəyə getməyə çalışırlar. Hətta Türkiyənin müəyyən şəhərlərinə belə  maşurutlar da mövcuddur. Belə olduğu təqdirdə gediş ancaq vətəndaş pasportu ilə həyata keçirilə bilər. Çünki Gürcüstan hələ ki Azərbaycanın yeni şəxsiyyət vəsiqələrinin istifadəsinə dair hər hansı bir mövqe nümayiş etdirməyib. Ola bilsin, gələcəkdə Gürcüstanla Azərbaycan arasında da yeni nəsil şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı razılıq əldə olunsun. Hələlik bu razılıq yoxdur deyə, Gürcüstan üzərindən Türkiyəyə getmək istəyən azərbaycanlılar vətəndaş pasportundan istifadə etməlidirlər”.

A.Allahverənov Türkiyə ərazisində 90 gün vizasız qalma müddətini şərh edərkən bildirib ki, digər ölkələrlə müqayisədə qardaş ölkə ilə prosedurlar bir qədər sadədir:

“90 gün o deməkdir ki, şəxs ölkə ərazisinə daxil olur, 90 gün yaşayır və bu müddət bitəndən sonra ölkə ərazisini tərk etməklə , yəni  giriş-çıxış etməklə yenidən 90 gün imkanını qazanmış olur. Məsələn, Türkiyə ilə Azərbaycan arasında belə bir prosedur var – 90 gün tamam olanda ərazini tərk etməli olsan da , elə bir neçə saatdan sonra ölkə ərazisinə daxil olanda 90 günlük əlavə möhlət verilir. Bu, sadə prosedurdur. Hətta digər 60, 90 günlük ölkə ərazində qalma müddətli, vizasız rejimi olan ölkələrdə müəyyən əlavə tələblər mövcuddur. Məsələn, Rusiyada 90 gün bitdikdən sonra yenidən 90 gün keçməlidir ki, ölkə ərazisinə daxil ola biləsən. Bu, nisbətən sərt sayıla bilər. Bu gün Türkiyədə 90 gün qalma müddətinin uzadılması ətrafında müəyyən fikirlər səsləndirilir. Bəzi dairələrdə müzakirələr gedir, ola bilər, bununla bağlı ikitərəfli komissiya yaradılsın, hüquqi , siyasi aspektləri nəzərdən keçirilsin. Hazırda isə sadələşdirmə yolunda addımların atılması davam edir”. 

Günay Rəsulqızı

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button