Maraqlı

“Kim yuxudan tez dursa, bir şlaqbaum qoyur” – Böyük pullar qazanan “X” şirkət kimindir?

“Uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Ötən müddət ərzində Bakıda bir xeyli parklama yerləri müəyyən edilib, lakin vahid bir sistem ortada yoxdur”.

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, indiyədək əksər parklama yerlərindən yığılan pulların BNA-ya aidiyyatı yoxdur:

“Ümumiyyətlə BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir “X” şirkətinin nəzarətindədir. Səbəb də ondan ibarətdir ki,  hökumət saat hesabı parklama tariflərini 4 ildir ki, müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı, parklama yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Hökumət isə göründüyü kimi uzun müddətdir, problemi həll etmək istəmir”.

O.Gündüz qeyd edib ki,  bəzi yerlərdə səhər kim tez yuxudan dursa, parklamanın idarəedicisi o hesab olunur: “Bəzən müşahidə etmək olar ki, kimsə  dövlətə məxsus olan parklama ərazisinə şlaqbaum yerləşdirir. Bütün parklama yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək , bunun la bağlı  bir mobil tətbiq hazırlamaq, normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb.

Görünür ki, hazırda parklamaya kimlər nəzarət edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki,  BNA rəhbəri Vüsal Kərimli 4 ildir ki,  qanunvericiliklə ona verilən səlahiyyəti  icra edə bilmir. 

Maraqlıdır ki , BNA parklamanın tariflərini həll edə bilməsə də, vahid parklama ilə bağlı normal bir informasiya sistemi qura bilməsə də,  qanunsuz parklama ilə bağlı video müşahidə sistemini, yəni cərimə sistemini həll edə bilib. Bu məqsədlə BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 000 000 manat ödəyib. Son zamanlar Prezident Administrasiyasında dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ümid edək, cari ildə nəhayət ki, bu problem də öz həllini tapacaq”.

Günay Rəsulqızı

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button