Maraqlı

Peyvənd olunmayanlar bu məkanlara buraxılmayacaq – Daha hansı cəzalar gözlənilir?

“Peyvənd vurmayanlara qarşı cəzalar yolverilməzdir. Sadəcə, həmin şəxslərə münasibətdə müəyyən məhdudiyyətlər qoyulmalıdır”.

Bu sözləri bir sıra ölkələrdə vaksindən istifadə etməyən şəxslərə qarşı həbs etmək, işdən çıxarmaq kimi cəza tədbirlərinin görüləcəyi fonunda Azərbaycanda da anoloji addımların tətbiqi məsələsinə toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

“Hansısa cəza tədbirlərinin görülməsindən söhbət gedə bilməz. Çünki proses könüllüdür. Proses icbari xarakter daşıyarsa və bu zaman vətəndaş ondan yayınarsa, bu halda qayda pozulması kimi cəza tətbiqi gündəmə gələ bilər. Sadəcə olaraq, sosial diskriminasiya məsələsi var. Yəni, peyvənd vurmayan şəxslərə münasibətdə müəyyən məhdudlaşdırıcı tədbir və qaydalar görülə bilər. Yəqin ki, belələri müəyyən yerlərə buraxılmayacaq. Məsələn, peyvənd vurdurmayanların kütləviliyin olduğu qapalı yerlərə, idman zalları, toylara, yas mərasimlərinə girişi qadağan oluna bilər. Bunun özü də cəza tədbiridir”.

Həkim situasiyanın daha da sadələşdirilməsini təklif edir: “Peyvənd vurulması hələ məsələnin həlli demək deyil. Peyvənddən başqa xəstəliyi keçirənlər var. Ən yaxşı variant antikor testidir. Bu testin normal olması əsas göstərici hesab olunmalıdır. Təəssüf ki, hazırda xeyli sayda şəxs peyvənd olunsa da, onların orqanizmində heç bir immunitet formalaşmayıb. Belə olan halda peyvənd pasportunun heç bir önəmi olmayacaq. Ona görə hesab edirəm ki, mövcud vəziyyətdə bəzi məsələlər dəqiqləşdirilməlidir”.

Adil Qeybulla düşünür ki, əslində xaricə gedəndə Covid testi vermək kifayətdir: “Bununla məsələ bitir. Azərbaycanda vətəndaşların vurdurduğu Sputnik-v, və Çin istehsalı olan vaksin Dünya Səhiyyə Təşkilatı tərəfindən hələ ki, qəbul olunmayıb. Ona görə də pasportun xaricdə işləyib-işləməyəcəyini bilmirik”.

Rüfət SULTAN

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button