Maraqlı

Beriya və Şevardnadzenin maşınları, sovetin ilk pikapı, ayrılmayan cütlüklər – REPORTAJ

Cənubi Qafqazda yeganə avtomobil muzeyi Tbilisidə fəaliyyət göstərir. 2014-cü ildə yaradılan Gürcüstanın ilk avtomuzeyi şəhərin ətraf İsani-Samqori rayonunda yerləşir və iş adamı Giorgi Mamulaşviliyə məxsusdur. Özəl muzey 2017-ci ilin sonunda fəaliyyətə başlayıb.

“Report”un yerli bürosunun əməkdaşları Tbilisi Avtomuzeyini ziyarət ediblər və orada saxlanılan maraqlı və zəngin kolleksiya ilə tanış olublar.

Muzeyə daxil olan kimi özünü sanki sovet dövrünün avtoparkında hiss edirsən. Təkərli eksponatlar – rəngbərəng “Zapı”, “Jiquli”, “Moskviç”, ağ və qara rənglərdə şöhrətini hələ də saxlayan “Çayka”, “Pobeda”lar göz oxşayır. Yaxşı qulluq göstərilən sovet avtomobil sənayesinin ən populyar modelləri konveyerdən yeni çıxmış kimi par-par parıldayırlar. Avtomuzeyə biletin qiyməti 10 lari (5 manat 40 qəpik) təşkil edir. Qiymətə bələdçinin müşayiəti ilə ekskursiya xidməti də daxildir.

Bizi muzeyin direktoru Rezo Çeişvili qarşılayır, bələdçiliyimizi özü edir və hər avtomobilə aid maraqlı faktları böyük həvəslə danışır.

O bildirib ki, muzeyin ilk eksponatı 25 il bundan əvvəl əldə edilmiş “Moskviç 403”dür: “Müəyyən sayda maşınlar toplanandan sonra kolleksiyanın ziyarətçilər və avtomobil həvəskarları üçün də əlçatan edilməsinə qərar verilib. Hər bir maşın bir tarixdir. Eksponatların tarixi barədə hər dəfə yeni maraqlı faktlar üzə çıxır”.

Muzeyin fəxri və ən bahalı eksponatı sovet dövrünün ilk pikapı – “Qaz 4” sayılır. Maşın 1933-cü ildə Qorki avtomobil zavodunda istehsal edilib. Dünyada bu avtomobildən cəmi 5 ədəd qalıb, 4-ü Rusiyanın avtomuzeylərində, 1-i isə Tbilisi Avtomuzeyində saxlanılır.

Direktor qeyd edib ki, muzey üçün maşınları və ehtiyat hissələrini ilk olaraq Gürcüstanda, daha sonra MDB ölkələrində, əsasən də Ukrayna, Belarus, Rusiya və Mərkəzi Asiya ölkələrindən axtarıb tapırlar, bəzi avtomobillər üçün detallar isə “metallom”da aşkarlanır.

Rezo Çeişvili

Rezo Çeişvili

R.Çeişvili muzeydə hazırda 50 avtomobil və 10 motosikletin sərgiləndiyini deyib: “Nadir nəqliyyat vasitələrinin hamısı zavod detalları ilə bərpa olunub, işlək vəziyyətdədir və qeydiyyata alınıblar. Təmir-bərpa işləri muzeyin yaxınlığındakı qarajda aparılır”.

Avtomuzeydə diqqət çəkən eksponatlar arasında tanınmış şəxslərin istifadə etdikləri maşınlar da var – SSRİ-nin dövlət və siyasi xadimi Lavrenti Beriyanın “Qaz M1”, Gürcüstan patriarxı II İlyanın “Çayka” “Qaz 13”-ü, Eduard Şevardnadzenin Gürcüstan Kommunist Partiyasının birinci katibi olarkən xidməti maşını “Çayka” “Qaz 14”.

Direktorun sözlərinə görə, retro avtomobillər icarəyə də verilir: “Turistlər arasında maşınlarımızı kirayələyənlər çoxdur. Belə hallarda biz öz sürücümüzü təqdim edirik ki, maşına hər hansı bir zərər yetirilməsin. Bir maraqlı faktı da qeyd edim. Bir turist Stalinin muzeyini ziyarət etmək, Qori şəhərinə getmək üçün “Qaz M 20” “Pobeda Fayton” maşınını icarəyə götürdü. O, bununla özü üçün Stalin dövrünün ab-havasını yaratmış oldu”.

Yeni həyat verilmiş köhnə maşınları televiziya və kino çəkilişləri, banket və toy məclisləri üçün də icarəyə götürürlər. Gəlin maşını kimi ən çox “Qaz M 20” “Pobeda Fayton”a üstünlük verilir.

R.Çeişvili deyib ki, bu maşını toy günü üçün seçən cütlüklər arasında hələ ayrılan olmayıb. O, avtomobilin düşərli və xoşbəxtlik gətirdiyinə inanır.

Muzeyin rəhbəri daha iki maşına diqqətimizi yönəldir: “Tbilisidə bir nəfər “Zaporojets”ini oğrulardan və zədələrdən qorumaq üçün onu mənzilinin qonaq otağında saxlayırdı. Biz həmin maşını alıb ekpozisiyaya əlavə etdik. Bir maraqlı fakt da ondan ibarətdir ki, auksionda aldığımız “Ford” markalı avtomobilin sənədləri ilə tanış olarkən onun ABŞ-ın 1967-ci ildə istehsal etdiyi iti süjetli “Bonni və Klayd” kriminal dramında istifadə olunduğu məlum olub. Maşında güllə izləri olub, daha sonra bərpa edilib”.

R.Çeişvili pandemiyadan öncə muzeyin mərkəzdən uzaqda yerləşməsinə baxmayaraq, turist sarıdan korluq çəkmədiyini vurğulayıb: “Təəccüblü olsa da, bu gün də muzeyimizə böyük maraq göstərilir. Düzdür intensivlik azalsa da, ziyarətçilər qəbul edirik. Onlar heyranlıqlarını gizlədə bilmirlər, maşınları saz vəziyyətdə görüb çox təəccüblənirlər, nostalgiyaya qapılırlar və xatirələrə dalırlar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button