Maraqlı

Məhərrəmlikdə toy etmək olar? – İlahiyyatçı “hə” dedi, restoranlar isə…

İyul ayının 1-dən etibarən ölkə ərazisində xüsusi karantin qaydaları çərçivəsində  nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilib. İki ilə yaxındır ki, mövcud qadağa ilə üz-üzə qalan cütlüklər üçün isə bu qərarı göydəndüşmə heab etmək olar. Elə buna görədir ki, demək olar iyul ayı üçün şadlıq sarayalarında boş yer tapmaq olmur.

Hər kəsin toy və nişan mərasimini iyul ayında etmək istəyi isə avqustun 10-dan etibarən Məhərrəmlik ayının başlması ilə əlaqədardır. Artıq illərdir ki, xalqımız İslam dəyərlərini rəhbər tutaraq Məhərrəmlik ayında toy, şənlik keçirməyi günah hesab edir.

Maraqlıdır, görəsən doğurdan da Məhərrəm ayında toy, yaxud nişan etmək günah sayılır?

Mövzu ilə bağlı danışan ilahiyyatçı Elşad Miri Məhərrəmlikdə toy və nişan mərasimlərinin keçirilə biləcəyini deyib:

“Dində məhərrimlik ayında toy etməklə bağlı qadağa yoxdur. İslamın əsas anlayışı Quran kitabıdır. Quran kitabında isə toy, nişan mərasimi etmək mövzusunda hansısa qadağa, göstəriş yoxdur. Əgər Quran kitabında belə bir anlayış yoxdursa, o zaman “din icazə vermir” demək olmaz. Peyğəmbərin özünün də bu mövzu ilə bağlı hansısa qadağası yoxdur. Məhərəmlik Aşura ilə əlaqədar bir məsələdir Aşura isə peyğəmbərin vəfatından çox -çox sonra, onun nəvəsinin qətlə yetirilməsi ilə bağlıdır. Məsələyə eyni şəkildə yanaşsaq, gərək 44 günlük müharibədə qəhrəmanlıq simvoluna çevrilən əsgərlərimizin şəhid olduğu günlərdə də toy etməyək”.

Sosioloq Lalə Mehralı məhərrəmlik ayında spirtli içki olmadan toy keçirilməsinin tərəfdarı olduğunu deyib: “Məhərrəm ayında, yəni avqust-sentyabr ayları üçün toyların keçirilməsi məsələsinə normal baxıram. Sadəcə olaraq, mərasimdə spirtli içki vermədən şənlik təşkil etmək olar. Bizim insanlar Məhərrəm ayında spirtli içki qəbul edə bilmədikləri üçün toyların da keçirilməsinə müsbət yanaşmırlar. Spirtli içkinin əziz günümüzdə qəbul edilib-edilməməsinin bizim üçün fərqi olmamalıdır. Əgər insanlar bu qayda ilə barışsalar, Məhərrəmlik ayında da toy təşkil etmək mümkündür”.

Məhərrəmlikdə  şənlik və toy mərasimlərinin təşkil edilib-edilməməsi ilə bağlı şadlıq sarayları arasında da sorğu keçirdik. Cavablar demək olar ki, eyni oldu:

“Gilavar” şadlıq sarayından bildirdirlər ki, Məhərrəm ayında nişan mərasimləri olsa da toylar keçirilmir: “Avuqst ayının ilk 9 günü üçün toy və nişan mərasimləri ilə bağlı sifarişlər almışıq, lakin Məhərrəm ayı boyunca belə müraciət daxil olmayıb. Əvvəllər də insanlar bu ay üçün toy keçirməyiblər, lakin nişan mərasimləri olub”.

Çıraq Palas” şadlıq sarayının nümayəndəsi isə müsəlman ölkəsi olduğumuzu xatırladaraq, belə bir şeyin mümkünsüz olduğunu dedi: “Biz Amerikada yaşamırıq, Azərbaycanda – müsəlman ölkəsində yaşayırıq. İndiyədə qədər Məhərrəm ayında nə toy nə də nişan etmişik”.

“Pluton” şadlıq sarayında da vəziyyət eynilik təşkil edir: “100 faizlik məsələdir ki, insanlar Məhərrəm ayı boyunca toy etmək istəmirlər. İndiyə qədər bu ayda hansısa şənliyin keçirilməsi ilə bağlı bizə müraciət etməyiblər”.

“Su Səsi” şadlıq sarayının nümayəndələri bu il Məhərrəm ayları boyunca mərasimlərin keçirilməsi ilə bağlı müraciətlərin daxil olacağını düşünsələr də yanıldıqlarını dedilər:

“Uzun müddət toyların keçirilməsinə qadağa olduğu üçün ehtimal edirdik ki, bu il Məhərrəm ayında da toy, yaxud nişan etmək istəyənlər olar. Lakin hələ ki, bizə avqust-sentyabr ayları üçün hansısa müraciət daxil olmayıb”.

Əzizə Zeynal

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button