Maraqlı

Xruşov iclas zalına hamıdan tez gəlib, Malenkovun yerində oturub və… – Kremldə inanılmaz çevriliş

SSRİ yarandığı gündən süqutuna qədər ölkənin siyasi elitasında intriqalar səngiməyib. Kreml məmurlarının qruplaşaraq hakimiyyət və vəzifə uğrunda mübarizəsi davamlı olaraq bir çox yüksək ranqlı dövlət məmurlarını siyasi səhnədən uzaqlaşdırıb.

Özünü dünyaya “humanist və ədalətli” ölkə kimi təqdim edən SSRİ-nin siyasi müstəvisində  baş verənlər heç də humanist prinsiplərə və ədalətə söykənməyib.  Əslində, kənardan və mətbuatın təqdim etdiyindən belə təəssürat yaranıb ki, ölkənin birinci şəxslərinin vəzifə təyinatı plenumlarda seçki yolu ilə baş tutub. Yəni bu məsələ tam şəffaflıqla həll olunub.

Bəs həqiqət necə olub, plenuma qədər Kreml pərdələrinin arxasında hansı sövdələşmələr gedib?

Budəfəki yazıda Stalinin vəfatından sonra Mərkəzi Komitədə baş verən hadisələrə nəzər salacağıq.

Əvvəlcə onu qeyd edək ki, Stalinin 30 illik ağır hakimiyyətindən sonra Mərkəzi Komitədə son dərəcə gərginlik müşahidə olunub. Dövlət məmurları hakimiyyətin bölüşdürülməsində bütün güc və imkanlarını işə salıblar. Yüksək vəzifələrə iddialı olanların ad və soyadlarını sadalasaq, həmin dövrdə vəziyyətin nə qədər mürəkkəb olduğunu təsəvvür etmək cətin deyil. Georgi Malenkov, Vyaçeslav Molotov, Lavrenti Beriya, Nikita Xruşov, Gerogi Jukov, Lazar Kaqanoviç və digərlərinin ortaq məxrəcə gəlməsi çox çətin məsələ olub. Amma təbii ki, sonda siyasilər yekdil qərara gələ biliblər.

Partiya xətti ilə Georgi Malenkov Mərkəzi Komitənin katibi kimi ölkədə ikinci şəxs sayılıb. Bu baxımdan Stalinin vəfatından sonra Malenkovun baş katib olmaq şansı daha böyük olub və bu məsələ Siyasi Büroda müzakirəyə çıxarılıb. Ancaq bunula yanaşı büro digər bir  məsələnin də müzakirəsini vacib sayıb, ölkənin idarəetmə üsülunu müəyyənləşdirmək məsələsini.

Qərara alınıb ki, SSRİ-də idarəetmə üsulu Leninin dövründəki kimi, Nazirlər Sovetinə həvalə edilsin, yəni ölkənin idarə edilməsində birinci şəxs müasir dövrə uyğun desək, baş nazir olsun. Bu qərar qəbul olunduqdan sonra Kreml oyunları başqa səmtə yön alıb. Malenkovla eyni cəbhədə olan Lavrenti Beriya təklif edib ki, onun baş katib yox, Nazirlər Sovetinin sədri vəzifəsinə seçilməsi məqsədəuyğun olar. Güc Beriya tərəfində olduğundan Xruşov və onun tərəfdarları bu təklifi qəbul etmək məcburiyyətində qalıblar. Amma oyun bunula bitməyib.

Sözsüz ki, hakimiyyətə sahib çıxmaq istəyən Xruşov sakitliklə geri çəkilməyib. Baş katib vəzifəsinə seçkidə bu vəzifənin çox da böyük səlahiyyətlərə malik olmamasını nəzərə alan Malenkov-Beriya komandası Kommunist Partiyasına rəhbərlik etməyi Xruşovdan əsirgəməyiblər və o, baş katib seçilib.

Beləliklə, Georgi Malenkov ölkənin birinci şəxsi olub. İstər araşdırmaçıların qənaətinə, istərsə də müasirlərinin söylədiklərinə görə Malenkov hakimiyyəti əlində saxlamaq gücündə olmayıb. Bütün siyasi fəaliyyəti dövründə Mərkəzi Komtədə yalnız icraçılıq funksiyasını daşıyan, heç vaxt təşəbbüskarlığı olmayan, Stalinin müəruzələri, müraciətləri ilə məşğul olan Malenkov üçün ölkəni idarə etmək çətin  məsələ sayılıb. O, bu işdə Beriyaya arxayın olub. O cümlədən Malenkovu devirmək gücündə olan Xruşovun mübarizəyə girişməməsinin səbəbi də yenə Beriya olub. Təhlükəli və qorxulu Beriya Xruşov üçün böyük maneəyə çevrilib və Xruşov məqam gözləyib.

1953-cü ildə Xruşov böyük “ustalıqla” Beriyanı həbs etdirdikdən sonra Kremlin saatları Xruşovun xeyrinə işləyib.

Malenkov ölkənin birinci şəxsi olaraq, həm də Mərkəzi Komitənin Rəyasət heyətinin sədri  olub və müşavirələrə sədrliyi də məhz o edib. Növbəti müşavirələrin birində Xruşov müşavirə zalına hamıdan qabaq gəlib və sədr kürsüsündə (Malenkovun yerində) əyləşib. Malenkov zala daxil olanda Xruşova yaxınlaşıb:

  • Nikita Sergeyeviç, siz öz yerinizdə əyləşməmisiniz.

Xruşov bu iraddan təmkinin pozmayıb:

  • Yoldaş Malenkov, nədən belə düşünürsünüz?
  • Axı biz qərara gəlmişdik ki, ölkənin idarətetmə üsulu Leninin dövründəki kimi olacaq.

Bu dəfə Xruşov ona istehzalı təbəssümlə cavab verib:

  • Siz özününzü Lenin sayırsınız? Siz nəinki Lenin, heç leninçi də deyilsiniz. Ölkədə bir partiya var, Kommuhist Partiyası və bu partiya da hakim partiyadır. Leninin bizə miras qoyduğu partiya. Leninin idayalarına sadiq qalmaq üçün ölkəni də bu partiya idarə etməlidir. Mənə elə gəlir ki, bu məsələdə qaranlıq heç bir şey yoxdur.

Bununla da, ölkədə idarətetmə Kommunist Partiyasının və onun baş katibinin əlinə keçib. Xruşov Malenkovdan qisasını alıb. Hətta onu qısa müddətdən sonra Nazirlər Sovetinin sədri vəzifəsindən də uzaqlaşdırıb. 1955-ci ildə Malenkov SSRİ elektrostansiya naziri təyin edilib. O, bu vəzifədə cəmisi iki il işləyib. 1957-ci ildə Xruşovu devirmək cəhdi baş tutmayanda Malenkov nazir vəzifəsindən də çıxarılıb, o cümlədən partiya sıralarından da xaric edilib.

Nə vaxtsa SSRİ kimi nəhəng bir dövlətin başçısı olan Malenkov ömrünün son illərini çətin bir vəziyyətsdə yaşayıb. Normal mənzil şəraiti olmayan sabiq baş nazirə 1980-ci ildə DTK sədri Yuri Andropov kömək edib. Malenkova ikiotaqlı mənzil verilib. O, partiya veteranları üçün nəzərdə tutulmuş güzəştli ərzaq mağazasına, şəraitsiz bağ evinə də sıravi vətəndaşlar kimi ictimai nəqliyyatla gedib.

Kommunist Partiyasına bərpa olunmaq üçün Malenkov dəfələrlə Mərkəzi Komitəyə müraciət edib. Son müraciətindən sonra məslənin həll olunacağını söz versələr də, ömür vəfa etməyib. Georgi Malenkov 1988-ci ildə, 86 yaşında vəfat edib. Uzun illər yüksək postlarda xidmət etsə də, Malenkovun Novodeviçye qəbirstanlığında dəfn olunmasına icazə verilməyib.

Vəfatından sonra Malenkovun oğlu, biologiya elmləri doktoru Andrey Malenkov atası haqda “Atam Gerogi Malenkov” adlı kitabı işıq üzü görüb. Müəllif kitabda xüsusilə vurğulayıb ki, Malenkov ömrünün sonuna qədər Stalini böyük ehtiramla xatırlayıb, Xruşovu isə yaramaz və siyasətdən uzaq adam adlandırıb.

İlham Cəmiloğlu

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button