Maraqlı

“Atışıb ona palto alaq, 30 ildir ki…” – Kremlin “boz kardinalı”nın həyat hekayəsi

Leonid İliç Brejnevin hakimiyyəti illərində SSRİ-də siyasi lətifələr daha çox dəbə minib. Əslində bu lətifələrin əksərində bir gerçəklik də gizlənib.

Bu cür lətifələrdən biri də Mərkəzi Komitənin katibi Mixail Suslova həsr edilmişdi:

“Siyasi Büronun iclaslarının birində müzakirə olunacaq mövzuya keçməzdən əvvəl Brejnev büro üzvlərinə müraciət edib:

  • Təklif edirəm ki, büro üzvləri atışıb Suslova bir palto alsın. Otuz ildən artıqdır bir paltoda gəzən Suslovun üst geyimi çox nimdaş görünür.

İlk reaksiya büro üzvləri arasında ən zəngin həyat tərzi sürən Moskvanın birinci katibi Viktor Qrişindən gəlib:

Leonid İliç, mən sizin təklifinizlə tam razıyam. Amma gəlin bu məsələni maaş aldığımız günə saxlayaq…”

Mixail Suslov məhz belə tanınıb, ən təmiz və ən vicdanlı kommunist kimi. Amma onun haqında söylənilənlən bəzi fikirlər kifayət qədər şişirdilib, mif yaradılıb. Əslində, Suslov da öz səlahiyyətlərindən yetərincə istifadə edib. Oğlu Revoliy atasının vəzifə imkanları hesabına general rütbəsi daşıyıb, Moskvanın ən prestijli yerlərindən birində böyük mənzilə sahib olub, radioelektronika sahəsində SSRİ-nin ən böyük institutuna rəhbərlik edib. Qızı Maya isə cəmisi bir neçə il ərzində həm namizədlik, həm də doktorluq işi müdafiə edib və atasının vəfatından sonra SSRİ-ni tərk edərək Avstriyaya köçüb.

  • Suslov SSRİ-də azsaylı məmurlardan olub ki, o, Stalinin hakimiyyəti illərindən başlayaraq ömrünün son gününə qədər siyasi elitada ciddi fiqur və həlledici söz sahibi sayılıb.

1952-ci ildə Mərkəzi Komitənin plenumunda Stalin uzun illər yaxın ətrafında olan silahdaşlarını sərt tənqid edib. Sovet lideri öz çıxışında Molotov, Malenkov, Beriya, Xruşov və digərlərinin siyasi fəaliyyətdən narazı qaldığını bəyan edib. Bu çıxış yaxın zamanlarda Stalin tərəfindən ciddi kadr islahatlarının aparılacağına işarə olub və Stalin həmin plenumda bir neçə gənc kadrlar haqqında da fikir söyləyib. Adətən Stalin kadr məsələsində silahdaşlarının da fikrini əsas götürüb. Amma bu dəfə adlarını çəkdikləri haqqında yaxın ətrafının heç birinin fikri öyrənilməyib. Bu məqamda ortaya bir sual çıxıb – yeni kadrları Stalinə kim tanıtdırıb və kim təqdim edib? Sonralar məlum olub ki, sovet lideri kadr məsələsində Suslovla məsləhətlişibmiş.

Araşdırmaçıların qənaətinə görə, Stalin hakimiyyətinin sonuncu illərində Suslova böyük etimad göstərib. Bəzilərinin fikrinə görə isə o, öz ətrafına inamını itirəndə Suslov onun son güvənc yeri olub. Həmin vaxt Suslov Mərkəzi Komitədə katib vəzifəsində işləyib. O, eyni zamanda “Pravda” qəzetinin baş redaktoru vəzifəsini də daşıyıb.

Stalinin vəfatından sonra Suslovun səlahiyyətlərinə məhdudiyyətlər qoyulsa, Mərkəzi Komitənin Rəyasət Heyətindən çıxarılsa da, hakimiyyətə gələn Nikita Xruşov onu ideologiya aparatından uzaqlaşdırmağı bacarmayıb. Kreml məmurları sovet ideologiyasını Suslovsuz təsəvvür edə bilməyiblər. Bir neçə ildən sonra Xruşovun özü də Suslovu dəyərli kadr kimi qiymətləndirib və 1962-ci ildə onu 60 illik yubileyi münasibətilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüb.

Onların münasibtləri normallaşsa da Suslov Xruşovun apardığı istər daxili, istərsə də xarici siyasəti qəbul edə bilməyib. 1964-cü ildə saray çevrilişi zamanı Mərkəzi Komitənin plenumunda əsas məruzəçi də məhz Suslov olub. Hətta qərb mətbuatı Suslovu saray çevrilişinin ideya müəllifi adlandırıb.

Brejnev hakimiyyətə gəldikdən sonra Mixail Suslov daha böyük səlahiyyətlərə sahib olub. Partiya xətti ilə o, ikinci şəxs hesab olunsa da, çoxları onun statusunu “kölgədəki baş katib” kimi qiymətləndirib.

Suslovun istənilən məsələyə münasibəti vacib sayılıb. Brejnev başda olmaqla Siyasi Büro üzvləri, Mərkəzi Komitə katibləri, müttəfiq respublika, diyar və vilayət partiya komitələrinin birinci katibləri onunla hesablaşmalı olublar. Suslov kifayət qədər sərt siyasətçi sayılıb. Kreml məmurlarından heç kim, hətta Brejnevə yaxın olanlar belə onunla mübahisəyə, ona qarşı getməyə cəhd etməyiblər.

Daha çox sadə həyat tərzinə üstünlük verən Suslov Brejnevin kef məclislərinə qoşulmayıb. Buna baxmayaraq, baş katib ov zamanı əldə etdiyi qənimətləri bölüşdürəndə Suslov üçün daha çox pay ayırıb və qeyd edib ki, baş ideloqun fikirləri kimi soyuducusu da zəngin olmalıdır.

Mixail Suslovu yaxından tanımaq heç kimə müyəssər olmayıb. O, heç vaxt daxili aləmini tam biruzə verməyib. Məlum olan yalnız o olub ki, Suslov həm Stalin, həm Xruşov, həm də Brejnev üçün ciddi siyasi  fiqur sayılıb.

“İdeologiyaya qənaət etmək olmaz” söyləyən Suslov həyatda çox qənaətcil insan olub. Kreml yeməkxanasında digər məmurlar qızıl balıq, qara kürü və sıravi vətəndaşlar üçün əlçatmaz olan digər ərzaq məhsulları ilə qidalandığı halda, Suslov sosiska və kartof püresi ilə kifayətlənib.

Suslov hamıya “siz” deyə müraciət edib. O cümlədən, sürücüsünə də. Onun sürücüsünə verdiyi ilk tapşırıq isə maşının sürətini saatda 60 kilometrdən yuxarı qaldırmamaq olub. Bu məsələ ilə bağlı da Kreml dəhlizlərində növbəti lətifə yaranıb:

“Brejnev səhər saatlarında bağ evindən Kremlə işə gedirmiş. Baş katibi müşayiət edən avtomobil qarşıdakı asta sürətlə gedən maşına yoldan çıxması üçün nə qədər işarə edsə də, maşın nə kənara çəkilib, nə də sürətini artırıb.

Bu səhnəni seyr edən Brejnev mühafizəçilərə sakitləşməyi tövsiyə edib:

“Mənasız yerə əziyyət çəkirsiniz. Yəqin ki, qarşıda gedən Suslovdur. Amerika prezidenti gəlsə də, o sürücüsünə sürəti artırmağa icazə verməyəcək…”

35 il Mərkəzi Komitənin katibi işləyən Mixail Suslov 1982-ci ildə, 79 yaşında vəfat edib. Onun dəfnindəki izdiham Stalinin dəfn mərasimini xatırladıb. Suslovun dəfni ilə bağlı SSRİ-də üç günlük matəm elan edilib. Kremlin “boz kardinalı” adı ilə məşhur olan Mixail Suslov Qızıl meydanda dəfn edilib.

İlham Cəmiloğlu

Sfera.az

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button