Maraqlı

“Meyitdə kiçik çürümələr baş vermişdi…” – Lenini balzamlaşdıran alimi Stalin necə qorxutmuşdu?

Lev Trotski ilə İosif Stalinin arasında həmişə fikir ayrılığı olub. Sovet hökumətinin qurulmasında hər ikisi eyni cəbhədə yer alsalar da, sonralar qarşılıqlı münasibətlərdəki ziddiyyətlər pik həddə çatıb və bu mübarizə Stalinin qələbəsi ilə yekunlaşıb. Hər iki sədaqətli Leninçinin növbəti fikir ayrılığı isə Leninin vəfatı zamanı baş verib.

21 yanvar 1924-cü ildə Leninin vəfatından sonra partiya rəhbərliyinin gündəmində duran ən vacib məsələ proletarların rəhbərinin dəfni olub ki, bu məsələnin müzakirəsi Kremldə kifayət qədər böyük gərginlik yaradıb.

Lenin harada və necə dəfn olunmalıdır? Sovet liderləri bir neçə gün bu suala cavab axtarıblar.

İosif Stalin təklif edib ki, Leninin nəşi balzamlaşdırılaraq açıq şəkildə saxlanılmalıdır. Lev Trotski Stalinin bu təklifini gülünc, mənasız və ağılsız təklif kimi qiymətləndirib. Həmin ərəfədə hakimiyyətdə mövqelərini hələ tam möhkəmlətməyən Stalin Trotskinin təhqiredici ifadələrinə cavab verməyib, ölkənin həssas bir dönəmində növbəti siyasi konfliktlərə getmək istəməyib.

Nəhayət, qərara alınıb ki, Leninin dəfni ilə bağlı xüsusi komissiya yaradılsın. Yanvarın 24-də komissiya üç bənddən ibarət qərar qəbul edib:

  • Qızıl meydanda Leninin adını daşıyacaq mavzoley tikilsin.
  • Leninin nəşi balzamlaşdırılaraq açıq şəkildə həmin mavzoleydə saxlanılsın.
  • Mavzoleyin mühafizəsi üçün xüsusi mühafizə dəstəsi yaradılsın.

Beləliklə, mübahisə və mülahizələrə son qoyulub. Elə həmin gün dövrün ən tanınmış arxitektoru Aleksey Suşev Stalinin kabinetinə dəvət olunub. Mavzoleyin layihəsinin hazırlanması üçün ona bir sutka vaxt verilib. Arxitektor bunun vaxt baxımından mümkün olmadığını bildirində Stalinin cavabı fərqli olub:

“Vaxtınızı bundan sonra dəmir barmaqlıqlar arasında keçirmək istəmirsinizsə, deyilən vaxtda layihəni hazır etməlisiniz…”

Arxitektor bir gecədə mavzoleyin layihəsini hazırlayıb. Üç gün ərzində isə tikinti işləri sona çatıb. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.

Növbəti problem Leninin nəşinin balzamlaşdırılması olub. Müvəqqəti olaraq kimyaçılar onun çürüməməsi üçün gecə-gündüz Kremlin zirzəmisində “keşik” çəkiblər.

Bu dəfə Stalinin xalçasının üstünə kimyaçı alim Boris Zbarski və anatom Vladimir Vorobyov dəvət olunub. Leninin nəşinin balzamlaşdırmaq məhz bu alimlərə həvalə edilib. Onlar əvvəcə bu cətin və mürəkkəb məsələdən imtina etmək istəsələr də, qarşılarında dayandığı insanın kim olduğunu, Stalinin sərtliyini yaxşı dərk edərək işə başlayıblar.

Boris Zbarski 1953-cü ildə, Stalinin vəfatından sonra yazdığı xatirələrində həmin günləri belə xatırlayıb:

“Elmi cəhətdən Leninin nəşinin baızamlaşdırılması mürəkkəb bir proses idi. Çünki meyitdə kiçik çürümələr baş vermişdi. Biz Vorobyovla bir neçə dəfə meyitə baxış keçirmişdik. İçimizdə bir inam var idi ki, bu işi bacaracağıq. Amma bu çətinlik bir tərəfə, bu işdə həm də böyük təhlükə var idi, həyatımızı itirmək təhlükəsi. Kiçik bir yanlışlıq Stalinin qəzəbinə səbəb ola bilərdi. Bunun isə nə demək olduğunu hamı yaxşı bilirdi. Dörd ay bu işin üstündə gecə-gündüz çalışdıq. Nəticə qənaətbəxş idi…”

Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində düz dörd ay çalışıblar. Son nəticədə onlar meyitin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası rəhbərin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər.

Ağacdan tikilmiş Mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə, 1929-cu ildə Mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.

Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva Hərbi Qarnizonunun rəisi xüsusi əmr imzalayıb.Yalnız uzun illər sonra – 6 oktyabr 1993-cü ildə Moskva Baş Mühafizə İdarəsinin rəisinin əmri ilə Mavzoleydəki qaravul xidməti ləğv olunub.

Leninin cəsədini daim nəzarətdə saxlamaq üçün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Laboratoriyaya Boris Zbarski rəhbərlik edib.

Sovet-alman müharibəsi dövründə “Lenin” Tümenə təxliyyə edilib. Tümendə cəsəd Dövlət Kənd Təsərrüfatı Akademiyasının binasının ikinci mərtəbəsində auditoriyada saxlanılıb. 1945-ci ilin aprel ayında isə yenidən Mockvaya mavzoleyə qaytarılıb.

Sovet dövründə mavzoley Moskvada ən çox ziyarət olunan yerlərdən biri olub. İstər sovet vətəndaşları, istərsə də xarici qonaqlar Leninlə “görüşmək” üçün vaxtlarını əsirgəməyiblər.

1953-cü ilə qədər Lenin mavzoleyə şəriksiz “sahib” olub. Həmin il mavzoley növbəti sakinini, Stalini qəbul edib. 1961-ci ildə Nikita Xruşov Stalini mavzoleydn çıxararaq Leninin mavzoley “liderliyini” yenidən bərpa edib.

Sovet dövründə Leninin nəşinə ziyarətçilər tərəfindən altı dəfə təcavüz olunub. Amma bu təcavüzlərdən heç biri proletarların rəhbərininin cəsədini zədələməyib. Nəhayət, 1973-cü ildə təcavüzlərdən qorunmaq üşün cəsədin üst tərəfi zərbəyə davamlı, güllə keçirməyən şüşə ilə bağlanıb. Bu məsələ ilə bağlı el arasında belə bir ifadə də yaranıb: “Əgər Stalin Leninin yanında qalsaydı, heç kim cürət edib ona təcavüz etməzdi…”

SSRİ süquta uğradıqdan sonra Leninin nəşinin mavzoleydən çıxarılması dəfələrlə müzakirə mövzusuna çevrilib. Amma hələ ki, SSRİ-nin qurucusuna dağılmış SSRİ-də iki metr yer tapılmır ki, torpağa basdırılsın.

İlham Cəmiloğlu

Sfera.az

 

 

 

 

Bənzər Yazılar

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button