Maraqlı

Dahilərin intiharı…

Dahilərin intiharı...
Özünü qazla boğan, çaya atan, odlu silahla öldürən, hətta soyuqda donduran tanınmışlar olub…

Son aylar Bakıda davamlı intihar cəhdləri bu mövzunu xeyli aktuallaşdırıb. Xatırladaq ki, bir neçə vətəndaş metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı asma körpüyə çıxıb intihara cəhd edirlər. FHN-nin xilasedicilərinin və polis əməkdaşlarının müdaxiləsindən sonra intiharın qarşısı alınır. Artıq aidiyyatı qurumlar sözügedən körpünün ətrafında polis postu yaradıb.

***

15 il öncə intihara cəhd edən adının çəkilməsini istəməyən həmkarımın dediklərindən:
“Həyatda elə anlar gəlir ki, elə fərz edirsən ki, ömrünün sonunadək həll edə bilmədiyin problem səninlə birgə olacaq. Beynində yalnız bir şey düşünürsən: belə yaşamaqdansa ölmək daha yaxşıdır. Çox şükür, həkimlərin səyi nəticəsində mən bu gün həyatdayam. Hərəkətimi də müdafiə etmək fikrim yoxdur. Ancaq intihar etmək istəyən insanı başa düşmək, onun bu addımı atmağa nə səbəb olduğunu dərindən aydınlaşdırmaq lazımdır. Xüsusən də yaxınları, qohumları onun yanında olub qayğı göstərməli, təskinlik verməlidir. Beləcə o, özünü tək hiss etməz və əminəm fikrindən daşınar”.

İntihar edən şəxsin düşüncə və həyat bilgisinin az olması, ağılsız olduğunu düşünmək düzgün deyil. Tarixdən də məlumdur ki, zaman-zaman bütün dünyada tanınan bir çox dahilər, incəsənət və siyasət adamları intiharla həyatlarına son qoyub.

Beləliklə, intiharla həyatdan köçmüş dahilərin bir neçəsini oxuculara təqdim edirik:

İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatçısı Harri Martinson 72 yaşında intihar edərək dünyasını dəyişib. Həssas Martinson öz haqqındakı tənqidlərə dözə bilməyib, bu isə onun psixoloji durumunda fəsadlar yaradıb. Bu səbəbdən müalicə aldığı Stokholmun Karolinska xəstəxanasında qayçı ilə özünə qəsd edib. Martinson intihar edən üçüncü Nobel laureatı idi.

“Qoca və dəniz” əsəri ilə dünyada tanınan daha bir Nobel mükafatçısı Ernest Heminguey da intihar edib. O, 62 yaşında ov tüfəngi ilə özünü öldürüb.

Müasir İran ədəbiyyatının öncüllərindən sayılan Sadiq Hidayət qəribə şəkildə intihar edib. O, çətinliyə düşənlər üçün kədərlənən, gözəlliyə aşıq olan yazıçı kimi tanınırdı. Hələ 25 yaşı olarkən bilinməyən səbəbdən Parisdəki Marne çayına atılaraq intihara cəhd etmişdi. Lakin körpünün altında sevişən cütlük bunu görən kimi cəld tərpənərək yazıçını xilas edə bilmişdilər. 23 ildən sonra isə intihar cəhdi yenidən baş verdi.

Şahidlərin sözlərinə görə, S.Hidayət mənzildə bilərəkdən qaz piltəsini açıq qoyub. Ertəsi gün onu yoluxmağa gələn dostu yazıçını mətbəxdə ölü vəziyyətində tapıb. O, ölümündən əvvəl çox səliqəli və təmiz geyinib, üzünü təraş edib. Ölərkən onun cibində xeyli miqdarda pul da olub. Bir fakt da maraqlıdır ki, o, Bethovenin və Çaykovskinin əsərlərini dinləməyi sevirmiş. Hər iki bəstəkar dəfələrlə intihara cəhdlər edib.

Vena klassiklərinin üçüncüsü sayılan L.V.Bethoven kar olduğunu anlayınca özünə qəsd etmək istəyir. Və bir neçə dəfə özünü çaya atmaq istəyərkən yaxınları onun həyatını xilas edirlər.

Rus klassik musiqisinin dahilərindən sayılan P.İ.Çaykovski də intihara cəhd edənlərin siyahısındadır. Bəstəkarın həyatı ilə yaxından tanış olduqda görürük ki, o, çox həssas xarakterə malik olub. Onun haqqında maraqlı rəvayət də var. Məşhur “Yevgeni Onegin” əsərini yazarkən tələbəsi tərəfindən ona eşq məktubu yazılır. Bəstəkar əsərdəki Tatyananın Oneginə yazdığı məktubu xatırlayır. Və sanki, Onegin olmamaq üçün qızın sevgisinə cavab verir. Bir az keçməmiş onlar evlənirlər. Lakin bu evlilik onun həyatını cəhənnəmə döndərir.

Deyilənə görə, buna səbəb onun cinsi oriyentasiyasında olan fərqlilik olub. İki ildən sonra başlayan məhkəmə, boşanma olayları bəstəkara pis təsir edir və dəfələrlə özünü çaya ataraq intihar etmək istəyir.

Dünya şöhrətli yazıçılardan olan Cek Londonun ölümü bu günəcən mübahisəli olaraq qalır. Ömrünün sonlarına yaxın onun depressiya keçirdiyi hər kəsə məlum idi. Üstəlik yazıçı yüksək dozalı morfindən istifadə edirdi. Onun ölüm tarixçəsində yuxu sindromu qeyd edilirdi. Lakin dövrünün şahidləri onun intihar etdiyini güman edirlər.

Rus yazıçısı Sergey Yesenin Leninqradda intihar edir. Onun dostu, şair-dramaturq, teatr və kino aktyoru Vladimir Mayakovski bundan çox təsirlənir. “Əlvida, dost, əlvida ” şeirini, deyilənə görə, damarını kəsərək öz qanıyla yazır. Bir müddət bunun təsirində olan Mayakovski də 5 il sonra odlu silahla özünə qəsd edir. Ölümündən əvvəl məktub yazaraq ailəsini Sovet hökumətinə əmanət etdiyini bildirib.

Əsərləri bu günəcən səhnələrdə ifa edilən, dahi alman bəstəkarı Robert Şuman da dəfələrlə intihara cəhd edərək özünü evinin yaxınlığındakı çaya atmaq istəyib. Lakin xanımı və dostlarının sayıqlığı nəticəsində bəstəkar sağ qala bilir. Şuman bir qədər xarakter baxımından digərlərindən fərqlənirdi. Bir çoxları onun psixi pozğunluqları olduğunu deyirdi. Əsərlərində bu cəhəti görmək olur. Şumanın axırıncı intihar cəhdi faciə ilə bitir. O, çaya atıldığı vaxt heç kimin xəbəri olmadığından bəstəkar boğulub ölür.

Bəziləri Lev Tolstoyun da intihar etdiyini bildirirlər. Hər kəsə məlumdur ki, yazıçı ömrünün sonlarınam yaxın Marksizm ideologiyasından təsirlənərək bütün mal-mülkünü, torpaq sahələrini kəndlilərə, kasıblara paylayıb. Bu səbəbdən yazıçının ailəsində böyük qalmaqallar yaranır. Dünya şöhrətli yazıçı çovğunlu qış günüdə ailəsindən küsərək evini tərk edir. Üç gündən sonra 82 yaşlı Lev Tolstoy donmuş vəziyyətdə tapılır. Həkimlər ona sətəlcəm diaqnozu qoyurlar.

***

İkinci dünya müharibəsini başlatmaqla bütün dünyanı sarsıdan, milyonlarla insanın ölümünə səbəb olan Adolf Hitler də həyatına intihar etməklə son qoyur. O, 1945-ci ilin 30 aprelində xanımı Eva Braunla birlikdə bunkerlərin birində özünə qəsd edir. Birinci xanımını, sonra isə özünü güllə ilə öldürür. Sonuncu istəyi isə hər ikisinin cəsədlərinin yandırılması olub.
Bu ilin avqust ayında məşhur Hollivud aktyoru Robin Uilyamsın intiharı isə bütün sevənlərini sarsıtdı. 300-dən çox kinofilmə çəkilən aktyor əsasən komik obrazlarla ekranlara gəlirdi. Onun niyə bu addımı atdığı hələ də məlum olmayıb. Həkimlər onun boğulma nəticəsində dünyasını dəyişdiyini desələr də bir çox faktlar bunu təkzib edir.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button