Maraqlı

“Sifarişi kimdən almısan?” – Kremlin həyətində Stalinə atəş açan leytenant kimin qisasını almaq istəyib…

Tarix dövlət başçılarına sui-qəsd cəhdləri ilə zəngindir. Bu cəhdlərin fərqli səbəbləri olub – dövlət çevrilişi, ölkə başçısının siyasi kursuna etiraz, şəxsi qisas və s. O cümlədən SSRİ-yə 30 il rəhbərlik etmiş İosif Stalini aradan götürmək cəsarətində olanlar da tapılıb.

Həmin sui-qəsd hadisələrinin biri haqqında yazını təqdim edirik.

Məlum olduğu kimi SSRİ tarixinə “Böyük təmizlik” adı ilə düşən 1930-cu illərin ortalarından ali rütbəli hərbçilər də Stalinin hədəfinə düşüb. Onlardan biri də SSRİ-nin ilk 5 marşalından biri – Mixail Tuxaçevski olub ki, 1937-ci ildə o, məhkəmənin hökmü ilə vətənə xəyanətdə, terror aktlarının hazırlanmasında, hakimiyyəti devirərək ölkədə hərbi diktatura yaratmağa cəhddə ittiham olunaraq ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Məhz məhkəmə prosesinin gedişi zamanı İosif Stalin hakimlərə şifahi şəkildə xəbərdarlıq göndərib: “Heç bir güzəşt olmamalıdır”.

Proses sona çatdıqdan sonra məhkəmənin hökmü SSRİ Ali Məhkəməsinin zirzəmisində icra olunub. Marşal Tuxaçevski ölüm hökmünün icrasından öncə sonuncu şüarını səsləndirib: “Qırmızı orduya eşq olsun!”

Marşal Tuxaçevski orduda böyük nüfuza sahib olduğundan, onun ölüm hökmünə məhkum edilməsi ictimaiyyət və Silahlı qüvvələrin şəxsi heyəti tərəfindən birmənalı qarşılanmayıb. Hətta İosif Stalindən Tuxaçevskinin qisasını almaq fikrinə düşən zabitlər də tapılıb…

1938-ci ilin martın11-də Stalin adətinə uyğun olaraq günorta saatlarından sonra Kremlin həyətində gəzintiyə çıxıb və adətən belə gəzintilərdə mühafizəçilərlə yanaşı, onu həm də silahdaşları müşayiət ediblər. Gəzinti zamanı onlar fikir mübadiləsi, müzakirələr aparıblar.

Amma növbəti gəzintidə Kreml məmurları öz rəhbərləri ilə söhbətdən məhrum olublar. Belə ki, əynində “NKVD” forması olan bir gənc İşlər İdarəsinin yerləşdiyi korpusun qarşısından çıxaraq yenicə həyətə düşən Stalinin qarşısına çıxıb. Kitelinin iç cibində gizlətdiyi tapançını çıxarıb Stailinə tuşlayanda baş mühafizəçi Nikolay Vlasik öz bədəni ilə Stalini qapayaraq yerə uzandırıb. Atəş havaya açılıb. Digər mühafizəçilər bir göz qırpımında gənc oğlanı zərərsizləşdiriblər.

Maraqlıdır, Stalinə sui-qəsd edən gənc zabit kim olub? Onu bu addımı atmağa nə vadar edib?

“NKVD” formalı gənci yoxlayanda, məlum olub ki, o, Tula qarnizonunda yerləşən hərbi hissələrin birində xidmət edir, “NKVD”-yə heç bir aidiyyatı yoxdur. O da məlum olub ki, leytenant rütbəli Danilov böyük “peşəkarlıqla” özünə saxta “NKVD” vəsiqəsi düzəldib. Bununla yanaşı, o, surğuc möhürlü zərflər də hazırlayıb. “NKVD” formasını əldə edən Danilov Kremlə gələrək əlindəki zərflərin İşlər İdarəsinə veriləcəyini bildirib.

Gözlənilməyən bir təsadüf də gənc zabitin köməyinə çatıb. Buraxılış məntəqəsindəki kapitan Danilovun məktəb yoldaşı olub. Elə bəlkə də bu səbəbdən Danilov Kremlin ərazisinə silahla keçə bilib.

Stalini öldürmək planı üzərində iki aydan artıq düşünən Danilov əslində belə şansın ələ düşəcəyini heç ağlına da gətirməyib. Stalinlə təsadüfən üz-üzə gəlmək şansı isə Danilovun heç yuxusuna da girməyib.

Əslində o, bu işi kor-koranə etmək fikrində olub. Danilov belə düşünüb ki, o, İşlər İdarəsinə gedəcək, mümkün qədər bu idarədə vaxt qazana biləcək, variantlar müəyyənləşdirəcək və elə ilk imkanda Stalinə atəş açacaq. Ən azı isə Kremlin həyətindən Stalinin kabinetinin pəncərələrinə atəş açmaqla etirazını bildirəcək.

Stalinə Danilov haqqında bütün məlumatları məruzə etdikdən sonra o, leytenantı yanına çağırtdırıb. Təbii ki, leytenantla görüşmək Stalin üçün o qədər də maraqlı görüş sayılmayıb. Sadəcə, Stalin qəsdin arxasında kimin dayandığını müəyyənləşdirmək istəyib.

Nəhayət, gecədən xeyli keçmiş leytenantla marşal görüşüblər. Qəzəbi soyumuş Stalin mülayim tonda danışıb:

  • Cavan oğlan, siz leytenantsınız, mən isə marşalam. Leytenantın marşala atəş açması heş də yaxşı hal deyil. Yəqin bunu siz də anlayırsınız. Bəs sizi bu işə kim vadar edib? Sifarişi kimdən almısınız?

Hansı cəzaya məhkum olunacağını yaxşı bilən Danilov başını dik tutaraq Stalinə ötkəm cavab verib:

  • Yoldaş Stalin, mən kiminsə sifarişini yerinə yetirməmişəm. Bu mənim şəxsi təşəbbüsüm olub. Əgər leytenantın marşala atəş açması yaxşı hal deyilsə, marşalın marşalı güllələməsi də yaxşı hal deyil. Axı Tuxaçevski kimi bir sərkərdəni güllələtdiməyə sizi nə vadar etmişdi?

Stalin Danilovun aqressivliyini hiss edib və söhbətin davamını mənasız sayıb. Mühafizəçilər Danilovu aparıblar.

Qısa müddətdən sonra Danilovun məhkəməsi başlayıb. Məhkəmə leytenantı ən ağır cəzaya, güllələnməyə məhkum edib.

Məhkəmədə Danilova son söz veriləndə, o, sonuncu fikirlərini bir şüarla ifadə edib:

  • Marşal Tuxaçevskiyə eşq olsun!

Qeyd edək heç bu hadisə də Stalinin hərbçilərə qarşı repressiyasının qarşısını almayıb.

İlham Cəmiloğlu

Sfera.az

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button