Maraqlı

Brejnevin qızına verilən rüşvət onu güllələnmədən xilas etdi – Mariya Korşilova kim olub?

Dövlətə vurulan 3 milyon rubla yaxın ziyana görə məhkəmədə onu ən ağır cəza gözləsə də, hər şey bir zənglə həll olunub. Leonid Brejnev DTK sədri Andropova zəng vuraraq problemi bir cümlə ilə çözüb:

  • Mariya Korşilova məhkəmədə ittiham olunan kimi yox, şahid kimi iştirak etməlidir.

Maraqlıdır, Mariya Korşilova kim olub? Baş katib hansı maraqlarına görə onu güllələnmə hökmündən xilas edib?

Sovet dövründə ört-basdır edilən ən böyük cinayət işlərinin biri haqda yazını təqdim edirik.

Moskvada anadan olan Mariya Korşilova orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə sıravi satıcı kimi başlayıb. Qiyabi yolla Moskva Sənaye Universitetini bitirdikdən sonra o, fəaliyyətini Moskvanın Mərkəzi univermağında davam etdirib, əvvəlcə mühasib, sonra anbar müdiri işləyib, daha sonra isə həmin univermağa direktor təyin olunub.

Karşilova həm də aktiv kommunist kimi Moskva şəhər Partiya Komitəsinin tədbirlərində fəal iştirak edib və komitənin büro üzvü seçilib. Məhz bu ərəfədə də yuxarı dairələrlə sıx əlaqələr yaratmağa nail olub.

1963-cü ildə Moskvada qərb standartlarına cavab verən “Moskva” univermağı istifadəyə veriləndə Karşilovanın bacarıqlı mütəxəssis və fəal kommunist olması nəzərə alınaraq onu univermağa direktor təyin ediblər. Bu təyinatda Siyasi Büronun üzvü, SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevanın böyük rolu olub. Belə ki, Furtseva ilə Karşilovanın arasında yaxın dostluq münasibətləri olub.

Qeyd edək ki, “Moskva” univermağında mövcud dövrün ən son texnologiyaları tətbiq edilib. 23 min kvadrat metr sahəsi olan 7 mərtəbəli ticarət mərkəzində müştərilərə fərqli xidmətlər göstərilib. Univermaqda radio vasitəsi ilə məhsullar haqqında məlumat verilib, xüsusi televizor ekranların hər bir müştəri istədiyi məhsul haqqında görüntülü məlumat alıb, ticarət mərkəzinin bir neçə yerində səhnə podiumlarında geyimlər nümayiş etdirilib. Bütün bu yeniliklər univermağı ən qısa müddətdə populyarlaşdırıb, müştərilərinin sayını artırıb.

“Moskva” univermağı ümumdünya gənclər festivalının iştirakçısı olduğundan ticarət mərkəzinin mal və məhsullarla təminatına xüsusi diqqət yetirilib. Yerli sakinlərlə yanaşı Moskvaya gələn xarici qonaqlar da univermağı ziyarət etmək arzusunda olublar.

Korşilova peşəkar ticarətçi olmağı ilə bir neçə ay ərzində “Moskva” univermağını daha da məşhurlaşdırıb. 1960-cı illərdə xaricdə istehsal olunan geyimlər sovet adamları üçün əlçatmaz sayılanda, “Moskva” univermağında zaman-zaman insanların arzuladığı dəbli geyimlər əlçatan olub.

Öz işinin hərtərəfli bilicisi olan Korşilova ilk növbədə birincilərin ailələrini təmin edib, onlara qiymətli hədiyyələr verməkdə də xəsislik etməyib. Mərkəzi Komitədə, Moskva şəhər Partiya Komitəsində, SSRİ Ticarət Nazirliyində Mariya Korşilovanı çoxları tanıyıb. Məhz bu münasibətlər sayəsində Korşilova bir çox “güzəşt və imtiyazlara” sahib olub. SSRİ-yə daxil olan xarici malların bölgüsündə “Moskva” univermağı siyahıda birinci yerdə olub.

Ticarət sahəsində böyük səlahiyyətlərə sahib olan Mariya Korşilova daha böyük qazanc əldə etmək, daha da zənginləşmək üçün yalnız alqı-satqı ilə kifayətlənməyib. Həmin dövrdə kişi və qadın alt paltarları və idman geyimləri paytaxtın mağazalarında qıt olub. Bunu nəzərə alan Korşilova yeni “biznes”ni bu sahəyə istiqamətləndirib.

Korşilova xarici ölkələrdən idman geyimləri və alt paltarların tikilişi üçün istifadə olunan parçaların alınmasına nail olub. Həmin parçalar və xammal satışa çıxarılmayıb. O, biri univermağın zirzəmisində olmaqla 3 gizli tikiş sexi yaradıb. Güzəştli qiymətlə alınan həmin parçalardan bu sexlərdə alt paltarları və idman geyimləri tikilib. Sonrakı araşdırmalardan məlum olub ki, bu “biznes” təxminən 300-350 faiz gəlirlə işləyib. Məsələn, onun satdırdığı 60 rublluq idman geyiminin gizli işçi qüvvələrinin maaşı da daxil olmaqla maya dəyəri 15-20 rubl olub. Bu minvalla Mariya Korşilova Moskvanın ən varlı qadınlarından birinə çevrilib. Onda olan zinət əşyaları SSRİ-nin ən dəbli qadınlarını belə təəccübləndirib. Həmin vaxt hələ 30 yaşını təzə keçirmiş Qalina Brejneva Korşilovanın brilyantlarına həsəd aparıb.

Furtseva ilə yaxın dost münasibətində olan Mariya Korşilova ölkə miqyaslı mədəniyyət tədbirlərində istifadə olunan geyimləri, quraşdırılan sənhələrdə istifadə olunan parçaları, kargüzarlıq ləvazimatlarını, qonaqlara verilən hədiyyələri, suvenirləri və s. univermağın malları ilə təmin edib. O, bu əməliyyatlarda dövlət büdcəsindən on minlərlə rubl vəsaiti dəfələrlə öz şəxsi xəzinəsinə köçürüb. Sözsüz ki, Korşilova belə əməliyyatlar zamanı zəngin həyat tərzini sevən Furtsevanı da razı salıb.

Mariya Korşilovanın yaşam tərzi, qanunsuz əməlləri, gizli sex fəaliyyəti zaman-zaman şübhələr yaradıb. Brejnev hakimiyyətə gəldikdən sonra onun haqqında Mərkəzi Komitəyə anonim məktublar daxil olub. Həmçinin Qalina Brejneva da müəyyən dairələrdə Korşilovanın zənginliyindən tez-tez söhbət açıb. Nəhayət, 1967-ci ildə, Yuri Andropov DTK sədri təyin edildiyi il Mariya Korşilovanın fəaliyyətini araşdırmağa başlayıblar.

DTK-nın apardığı işdə 128 nəfər istintaqa cəlb olunub. Onlardan 42 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. 2 nəfər, gizli tikiş sexlərinə rəhbərlik edənlər isə ölüm cəzası alıblar.

İstintaqın yekunlarına görə Mariya Korşilovanı da ən ağır cəza gözləyib. Bu işdə ona Furtseva kömək edib. O, Korsilovada olan çox qiymətli və nadir sayılan brilyant daşı Qalina Brejnevaya hədiyyə edib. Daha sonra isə o, Kremldə keçirilən yeni il tədbirində Leonid Brejnevə yaxınlaşaraq  Mariya Karsilovanın uzun illər sovet ticarətindəki xidmətlərini nəzərə almasını xahiş edib və Qalina Brejnevaya verilən hədiyyəni də baş katibə xatırladıb.

Leonid Brejnev Mariya Korşilovanın 5 il ərzində dövlətə vurduğu 3 milyona yaxın rubla göz yumub. “Mərhəmətli” Brejnevin bu “insaflı” addımını anlamaq çətin deyil. Çünki onun qızına hədiyyə edilən brilyant daşın qiyməti də elə təxminən dövlətə vurulan ziyanın məbləğində olub.

Beləliklə, dövlətə külli miqdarda ziyan vuran dəstənin başçısı rüşvət, tanışlıq və Brejnevin tapşırığı hesabına azadlıqda qalıb.

İlham Cəmiloğlu

Sfera.az

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button