Maraqlı

Stalinlə fotosu qəzet manşetlərindən düşməyən qızcığazın kədərli hekayəsi – Gelyanın atası niyə güllələndi?

Bəzən adi bir təsadüf dəqiqələr ərzində insanı bütün dünyada məşhurlaşdırır. 7 yaşlı Engelsina Markizova da Kremldə keçirilən tədbirdə Stalinlə 5-10 dəqiqəlik görüşdən sonra dünyanın ən tanınmış məktəblisinə çevrilib. Təkcə SSRİ-də deyil, bir sıra xarici ölkələrin mətbuatında da onun şəkilləri qəzetlərin manşetində tirajlanıb…

Valideynləri onun adını Fridrix Engelsin şərəfinə qoyublar – Engelsina. Qısaca isə onu Gelya deyə çağırıblar. Engelsina 1928-ci ildə Ulan-Ude şəhərində anadan olub. Atası Buryat-Monqol Muxtar Sovet Sosialist Respublikasının torpaq komissarı (naziri) vəzifəsində işləyib. O, eyni zamanda muxtar respublikanın ikinci katibi vəzifəsini də daşıyıb. Engelsinanın 7 yaşı olanda anası Moskvada tibb institutunda təhsil alıb və o, anası ilə birlikdə həmin ərəfədə Moskvada yaşayıb.

1936-cı ilin yanvarında Kremldə muxtar respublikanın fəalları ilə görüş planlaşdırılıb. Bu tədbirlə bağlı 67 nəfər nümayəndə heyəti Moskvaya gəlib. O cümlədən Engelsinanın atası Ardan Markizov da nümayəndə heyətinin tərkibində olub. Moskvaya düşən kimi ilk növbədə ailəsi ilə görüşən nazir gəlişinin məqsədini bildirəndə, balaca Gelya atasından təkidlə onu da Stalinin görüşünə aparmağı xahiş edib.

Qızının xahişini anası da dəstəkləyib. Ardan Markizov nümayəndə heyətinin rəhbəri, muxtar respublikanın birinci katibi Mixey Yerbanova zəng edərək Gelyanın xahişini ona çatdırıb. Birinci katib təşəbbüsü bəyənib, bildirib ki, görüşün daha səmimi keçməsi üçün balaca Gelya Stalinə gül dəstəsi hədiyyə edər.

Isvestia-Gelya.jpg (98 KB)

Valideynləri Gelyaya təzə paltar alıblar, tədbir günü isə iki gül dəstəsi hazırlatdırıblar. Atası qızını təlimatlandırıb, gül dəstələrindən birini Stalinə, digərini isə Kliment Voroşilova verməsini tapşırıb.
Tədbirin girişində Stalin nümayəndə heyətini salamlayıb. Sonra muxtar respublikanın ayrı-ayrı sahələrinə cavabdehlik daşıyanlar hesabat xarakterli məruzələr ediblər. Kolxozçular adından çıxış edən Arjutova tribunadan endikdən sonra Gelya rəyasət heyətinə tərəf addımlamağa başlayıb. Mərkəzi Komitənin katibi Andrey Andreyev onu yolun yarısında saxlayıb:

– Hara gedirsən, ora getmək olmaz.

– Mən Stalinin yanına gedirəm, ona gül verməliyəm.

Andreyevə işarə ediblər ki, qızı buraxsın.

Gelya inamla Stalinə yaxınlaşıb. Stalin balaca qızı mehribanlıqla salamlayıb və hər iki gül dəstəsini ondan alıb. Voroşilov görüşə müdaxilə edərək bildirib ki, məktəbli qızın deməyə sözü var. Gelya bu təklifdən çaşmayıb və üzünü Stalinə tutub: “Yoldaş Stalin, bu güllər sizə buryat-monqol uşaqlarından hədiyyədir…”

Yerdən səslər eşidilib: “Rəhbəri qucaqla və öp”.

4Gelya.jpg (109 KB)

Gelyanı bu “təklif” də çaşdırmayıb, o, Stalinin boynunu qucaqlayaraq yanağından öpüb.

Rəsmi hissədən sonra nümayəndə heyətinin üzvləri orden və medallarla təltif olunublar. Amma balaca Gelya da yaddan şıxmayıb. Vyaçeslav Molotov Gelyanı rəyasət heyətinə çağırıb. Stalin ondan soruşub:

– Hansı hədiyyəni istəyirsən, saat, yoxsa patefon?

– İkisini də.

Stalin qırmızı qutuda qızıl saatı Gelyaya təqdim edib:

– Xoşuna gəlir?

Gelya bu dəfə də şıltaqlığından geri qalmayıb:

– Xoşuma gəlir, bəs patefon verməyəcəksiniz?

Erbanov_Markizova.jpg (93 KB)

Bu sual-cavab zalda alqışlarla müşayiət olunub. Gelya isə xahişini davam etdirib:

– Atamı çağırım, patefonu ona verin, mənim gücüm çatmayacaq.

Buna qədər isə Gelyanın atasına patefon hədiyyə edilib. Ardan Markizov ikinci dəfə səhnəyə qalxaraq Stalindən ikinci patefonu qəbul edib.

Səhərisi gün bütün mətbuat Stalinlə Gelyanın şəkillərini qəzetlərin birinci səhifəsinə yerləşdirib.

“Xoşbəxt uşaqlığımız üçün yoldaş Stalinə minnətdarıq” günün əsas şüarına çevrilib.

Sonralar bu şəkil yuz minlərlə tirajla çap olunaraq SSRİ-nin ən ucqar məkanlarında belə təhsil və mədəniyyət ocaqlarında göz önünə asılıb.

Gelya öz vətəninə əsl qəhrəman kimi qayıdıb. Muxtar respublikanın mötəbər tədbirlərində onu fəxri kürsülərdə əylədiriblər. SSRİ-nin bütün nöqtələrindən ona saysız-hesabsız məktublar ünvanlanıb. Amma onun ulduzlu günləri çox da uzun sürməyib.

7Gelya.jpg (75 KB)

Həmin görüşdən təxminən ilyarım sonra Gelyanın atası “NKVD” tərəfindən həbs olunub. Onu antisovet fəaliyyətdə, casusluqda ittiham ediblər. İstintaq dövründə anasının köməyi ilə Gelya Stalinə məktub yazıb, birgə olan şəklini də zərfə qoyaraq Stalinə göndərib. Məktuba heç bir reaksiya verilməyib. Ardan Markizov 1938-ci ilin iyul ayında “xalq düşməni” kimi güllələnib.

“Xalq düşməni”nin ailəsi kimi Ardan Markizovun həyat yoldaşı, qızı Gelya və oğlu ilə birgə Qazaxıstana sürgünə göndərilib. Sürgün dövründə Gelyanın anası həkim kimi fəaliyyət göstərib və bu ərəfədə Gelya öz həyatında ikinci faciəni yaşayıb. Gecə növbələrinin birində onun anasının meyidi aşkarlanıb. Rəsmi versiyaya görə, Dominiki Markizova intihar edib. Amma sonrakı araşdırmalardan məlum olub ki, onu qətlə yetiriblər.

Hər iki valideynini itirdikdən sonra Gelya və qardaşı Moskvada xalasıgildə məskunlaşıblar. Ailə onları rəsmi övladlığa götürüb. Gelya orta təhsilini başa vurub, 1948-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin şərqşünaslıq bölməsinə qəbul olunub. Təsadüf elə gətirib ki, Gelya və Stalinin qızı Svetlana eyni fakültədə təhsil alıblar. Svetlana onun kim olduğunu bilib. Amma tələbə qızlar bir-birinə yaxınlıq verməyiblər. Sonralar bu haqda Gelya yazıb:

“Mən onun Stalinin qızı olduğunu, o da mənim kim olduğumu bilirdi. Amma biz bir-birimizə yaxınlaşmaq istəmirdik, rəfiqəlik etməyə can atmırdıq. Atalarımız düşmən olduğu halda, biz necə rəfiqə ola bilərdik?”

Gelya universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə məktəbdə müəllim kimi başlayıb, daha sonra universitetdə çalışıb. Xruşovun hakimiyyəti illərində atası bəraət (ölümündən sonra) alıb. Gelya bir müddət fəaliyyətini Xarici İşlər Nazirliyində davam etdirib, dissertasiya müdafiə edərək elmlər namizədi dərəcəsini alıb. Daha sonra Lenin adına kitabxanada aparıcı mütəxəssis kimi şərqşünaslıq bölməsinə rəhbərlik edib.

 

2704575325.jpg (69 KB)

İllər ötsə də Engelsina Markizova Stalinlə olan görüşünü heç vaxt unutmayıb və ömrünün son günlərinə qədər Stalinlə olan şəkillərini mənzilinin divarlarından çıxarmayıb.

2004-cü ildə rejissor Anatoli Alay “Stalin və Gelya” adlı sənədli filmin çəkilişinə başlayıb. Gelyanın səhhətində problemlər yarandığından çəkilişlər bir müddət saxlanılıb. Gelya Türkiyəyə istirahətə yollanıb, çəkilişlərin istirahətdən sonra davam etdiriləcəyi planlaşdırılıb. Amma Stalinin sevimli məktəblisi Türkiyədən geri qayıtmayıb. O, 11 may 2004-cü ildə, 75 yaşında Antalyada ürəktutmasından vəfat edib. “Stalin və Gelya” filmi isə qəhrəmanların iştirakı olmadan sona çatdırılıb.

İlham Cəmiloğlu, Musavat.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button