Maraqlı

Övladları Kraliça II Elizabetlə bağlı xatirələrini bölüşdülər: “Birdən gördük ki…”

Kraliça II Elizabetin övladları onun ölümündən sonra maraqlı xatirələrini bölüşüblər.

Bu barədə Britaniyanın “BBC” telekanalı proqram yayımlayıb. Kral Çarlz anası ilə bağlı 1953-cü ildə tacqoyma mərasimindən əvvəlki xatirəsini bölüşüb:

“Həmin zaman 3 yaşım var idi. Vanna otağında idim, birdən anam içəri girdi və  mərasimdən öncə tacı qoymaq üçün hazırlıqlar görməyə başladı. Belə gözəl anları heç vaxt unutmayacağam. Anamla istənilən mövzuda danışa bilərdim. Bu mənim ən çox darıxdığım şeylərdən biri olacaq”.

Kraliçanın yeganə qızı Anna anası ilə birlikdə ictimai yerlərdə keçirdiyi məqamların özəl olduğunu deyib: “Biz o anlarda çox şey yaşayırdıq və yəqin ki, bu, anamın ən çox həzz aldığı zamanlar idi. Çünki ictimai yerlərdə onun sevdiyi hər şey var idi: kənd, atlar, itlər, sərbəst gəzmək və bir az da xalqın gözündən uzaqlaşmaq”.

Kraliçanın kiçik oğlu Şahzadə Edvard film istehsalı tarixində bəlkə də “ən təəccüblü an” kimi təsvir etdiyi xatirəsindən danışıb. Söhbət Kraliça II Elizabetin 2012-ci il London Olimpiya Oyunları üçün stadiona gəlişindən əvvəl yayımlanan videodan gedir.

Belə ki, videoda kraliça Elizabet Bukingem sarayında məşhur məxfi agent “Ceyms Bond” obrazını beş dəfə canlandıran aktyor Daniel Kreyqlə görüşür. O, itləri ilə gəzdikdən sonra vertolyota minərək Olimpiya Stadionuna gedir. 58 yaşlı Şahzadə Edvard həmin anları belə təsvir edib:

“Daniel Kreyq “James Bond” obrazı ilə Bukingem Sarayına girəndə hər kəs kraliçanı kimin oynayacağı ilə maraqlanırdı. Birdən gördük ki, kraliçanı əslində özü canlandırır. İnsanlar həmin zaman təəccüb içində idilər. Anam isə film yayımlanmamışdan əvvəl bunu heç kimlə paylaşmamışdı, ekipajdan kənar heç kimin bundan xəbəri yox idi”.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button