Maraqlı

“Uzun Paul” kimdir? – II Elizabetin evlənməyən sadiq köməkçisi haqda GİZLİNLƏR

Kraliça II Elizabetin ölümündən sonra onunla bağlı bir sıra məqamlar hələ də gündəmdən düşmür.

Bu dəfə 44 il boyunca kraliçanın yanından ayrılmayan, boyu 1 metr 95 santimetrə yaxınlaşan adam müzakirə obyekti olub. Söhbət II Elizabetin ən sadiq  köməkçisi Paul Vaybrudan gedir. O, bütün daxili böhranlardan, ailədəki fırtınalardan, işçilərlə saray əhlinin xırda çəkişmələrindən keçərək, heç vaxt qalmaqala getməyib – qısacası, hər şeydən “yarasız” xilas olub. Onun 19 yaşından bəri xidmət etdiyi kral ailəsində yalnız dostlarının olduğu, düşməninin olmadığı deyilir.

Bəs, Paul kim idi?

Bu şəxs Şahzadə Harridən gələn kədərli zənglər üçün telefonu kraliçaya ötürən, ona sevimli televiziya şoularının vaxtlarını xatırladan, içkini tərgidən kraliçaya alma suyu verən biri olub. Bank menecerinin oğlu olan Paul bir il əvvəl Bukingem Sarayında kraliçanın ən uzun müddət xidmət edən köməkçisi müəyyən edilib, gümüş və qızıl medallarla təltif olunub, o cümlədən sədaqətli xidmətə görə mükafatlandırılıb.

II Elizabetin “Uzun Paul” deyə çağırdığı bu adamın təmir xərclərini şəxsən özü ödədiyi, rahat şəkildə təchiz olunmuş yaşayış sahəsi var idi. 2006-cı ildə kraliçanın 80 yaşı tamam olanda o, “Windsor” sarayında daha çox vaxt keçirmək qərarına gəlib və ora köçməyi xahiş edib. Bu barədə “Kraliça ona evi öz zövqünə uyğun bəzəməyi və hesabı ona göndərməyi tapşırdı. O, Paulun rahat olmasını istəyirdi”, –  deyə bir mənbə deyib.

Gələn il 64 yaşı tamam olacaq Paul bütün iş həyatını kraliçaya həsr edib. Bir çox digər xidmətçilərdən fərqli olaraq, Paul hər zaman Elizabetin yanında dəyişməz olaraq qalıb. Filmlərin birində London Olimpiadası ilə bağlı səhnədə kraliça və “Ceyms Bond”u müşayiət edən şəxs də Paul idi. O, həmçinin 1982-ci ildə baş verən ən bədnam insidentlərdən birində də əsas rol oynayıb. Həmin tarixdə naməlum bir şəxs saraya girib yatmış kraliçanın yataq otağına daxil olmuşdu. Həyəcan təbili çalınanda Paul ora gəlmiş, soyuqqanlılıqla sözügedən şəxsi eşikağasının anbarına salmış,  polis gələnə qədər onu saxlamışdı.

Zarafat yoldaşı, sirr dostu…

Kraliça və Paulun birgə olduğu vaxtlarda tez-tez gülüş sədaları eşidilib. II Elizabet ən ədəbsiz zarafatlarını hər zaman onunla bölüşüb. Məsələn, kraliça 1986-cı ilin aprelində, keçmiş amerikalı macəraçı Uollis Simpsonun dəfn mərasimində yağan güclü yağışa baxanda, açıq məzarın su ilə dolacağından narahat olub. O, Paula və başqa köməkçiyə üz tutaraq “əgər qəbirdən suyu birtəhər boşaltmasaq, onu dənizdə basdırmalı olacağıq” deyib. Kraliçanın kədərli anında etdiyi zarafat heç vaxt unudulmayıb. Ancaq bütün bu xidmət illəri qurbansız da ola bilməzdi.

“Uzun Paul” bütün həyatı boyu subay qalıb, çünki o, vəzifəsi ilə evli idi. Paulun “uzun” ləqəbindən başqa, digər adı da olub. Hər kəs onu “kraliçanın sirlərini qoruyan” şəxs kimi tanıyıb. Demək olar ki, heç kim Paulun bu sirləri açacağına şübhə etməyib. O, həmişə təmkinli və təvazökar olub – kraliçanın şəxsi köməkçisi Ancela Kellidən fərqli olaraq, xatirələrini üç kitaba sığışdıracaq biri deyildi. Qeyd edək ki, sözügedən kitablardan ikisi artıq işıq üzü görüb, üçüncüsü isə tezliklə dərc olunacaq.

Anonim mənbə “Daily Mail”ə verdiyi açıqlamada Paul haqqında bu ifadələrdən istifadə edib: “O bilirdi ki, özəl sektorda istənilən işlə məşğul ola və daha çox qazana bilər. Lakin bu, heç ağlından da keçmirdi. Onun yeri kraliçanın yanında idi. Paul hər şeyi bilsə də, heç kimə heç nə danışmırdı”.

Qeyd edək ki, Paulun anası Jean bir il əvvəl 88 yaşında vəfat edib, atası Derrik isə hörmətli şəxs kimi tanınıb.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button