Maraqlı

Milyon, milyon, milyon… sərvəti olan azərbaycanlılar

Milyon, milyon, milyon... sərvəti olan azərbaycanlılarBir daha azərbaycanlı zənginlər haqda

* * *

Vətən mənə milyonçu desə, nə dərdim…

Pul haqqında dahilərin onlarla maraqlı deyimləri var. Məsələn, Bertold Averbax deyib ki, çox pul qazanmaq igidlik, onu saxlamaq müdriklik, məharətlə xərcləmək isə incəsənətdir. Qabriel Qarsiya Markes isə hesab edib ki, “pul-şeytanın əlamətidir”. Azərbaycan xalqının müdrik atalar sözündə də pulla bağlı deyəsən, ən çox işlədilən yalnız, bir deyim var: “Pul əl çirkidir”.

Pul əlbəttə ki, əldən-ələ keçəndə çirklənir, köhnəlir və sonda ya cırılır, ya da tədavüldən çıxarılır. Amma elə pullar da var ki, onları heç kimi görmür, cibdə gəzdirilmir, heç çirklənib köhnəlmir də… O pullar dəyəri milyonlarla ölçülən villalara, dəbdəbəli hotellərə, maşınlara, bahalı daş-qaşa yatırılır, pullarda bankdan-banka gəzir, çirklənmir, kirlənmir… Bax o azərbaycanlılar üçün pul heç də əl çirki deyil…

Söhbətin kimlərdən getdiyini anladınız: azərbaycanlı milyarderlərdən…

Azərbaycan xalqı üçün “özgənin pulunu saymaq” yaxşı iş sayılmır. Amma onlar bizdən uzaqda yaşasalar da, Allahın salamını verə bilməyəcək qədər əlçatmaz olsalar da, pullarının miqdarını hamı bilir. Birimiz köks ötürür, birimiz “xeyrə xərcləsinlər” deyir, o birimiz…məşhur sovet yazıçısının şeirini dəyişərək “baxın a, yana-yana qalın a, onlar azərbaycanlı milyarderdirlər” deyib qürrələnir də. Kim nə deyir-desin, azərbaycanlılar pul qazanmağı sevirlər, xərcləməyi lap sevirlər, Vətəndə xərcləməyə isə nədənsə, ürəkli deyirlər…Yəqin pulu burda qazanmayıblar deyə, “acıq çıxırlar”. Nə isə, giriş üçün kifayət edər, “keçək pullarını” saymağa…

“Qızıl üçlük”:

16,8 milyard…

Sərvəti milyardlarla ölçülən azərbaycanlıların böyük əksəriyyəti qonşumuz Rusiyada yaşayırlar. Bu, tarixi bir ənənəyə söykənir. Rus dilində “zdrasti”dən başqa bir söz bilməyən çox adam Rusiyadan pullu oğlan kimi qayıdıb. Amma qayıtmayanlar da var kı, onları pullu oğlan demək xətirlərinə dəyər.

“Forbes”in son məlumatına görə, Rusiyada yaşayan üç azərbaycanlı milyarderin ümumi sərvəti 16,8 milyard dollar təşkil edir. Bu “üçlük” Vahid Ələkbərov 13,6 (milyard dollar), Araz Ağalarov (1,8 milyard dollar) və Fərhad Əhmədovdan (1,4 milyard dollar) ibarətdir.
Vahid Ələkbərov uzun müddətdir Rusiyanın “LUKoil” Neft Şirkətinə rəhbərlik edir. Ruslar nədənsə, ona Vaqit deyir. V.Ələkbərov Bakıda anadan olsa da, atası əslən Cənubi Azərbaycandandır. Keçmiş AZİ məzunu olan V.Ələkbərovun Azərbaycandakı biznesi yalnız “LUKoil”in bir neçə YDM ilə məhdudlaşır. Son aylar o, Ukrayna və bir sıra Avropa ölkələrində, eləcə də Səudiyyə Ərəbistanında şirkətinə məxsus obyektləri satması ilə gündəmə gəlib. Amma maliyyə itkilərinə baxmayaraq, o, hələ də Rusiyada yaşayan ən zəngin azərbaycanlı iş adamıdır. Onu yeganə övladı atası Yusifin adını daşıyır. Hələ ötən il V. Ələkbərov bəyan etmişdi ki, özünün bütün səhmlərini yeganə oğlu Yusifə bir şərtlə vəsiyyət edib ki, bu səhmlər satıla və bölünə bilməz. Məqsəd isə şirkətin daha uzun illər stabilliyini təmin etməkdir…

1955-ci ildə Bakıda anadan olan Araz Ağalarov “Krokus İnternəşnl” şirkətlər qrupuna rəhbərlik edir ki, varidatı 1,5 milyard dollardır və o, son illər Rusiyada ən çox gəlir gətirən biznesmen kimi reytinq qazanıb. Bir müddət əvvəl Azərbaycandakı biznesi haqda suala milyarder belə cavab vermişdi: “Bizim qohumluq əlaqələrimiz var. Biznesim yoxdur, çünki orada biznes qursaydım, bu, mətbuatda mənfi qarşılanardı və belə çıxacaqdı ki, ortada himayəçilik var”.

Fərhad Əhmədov 1955-ci ildə Bakıda anadan olmasına baxmayaraq, əslən göyçaylıdır. F.Əhmədovun atası sovet dövründə Göyçay Konserv Zavodunun direktoru olub. F.Əhmədov Bakını yeniyetmə olarkən – 15 yaşında tərk edib, məktəbdə təhsilini yarımçıq qoyub və 1969-cu ildə Rusiyaya gedib. Hazırda varidatı 1,4 milyard dollar təşkil edir. 2009-cu ildə o, Azərbaycana da investisiya yatırmağa başlayıb. O, vaxtilə atasının rəhbərlik etdiyi zavodun bazasında Göyçayda yaradılan müəssisəni almaqla bu sahəyə də investisiya qoyub. Onun “Aznar” zavodunun yenidən qurulması üçün təqribən 32 milyon dollar investisiya qoyduğu bildirilir. Bu yaxınlarda məlum olub ki, dünyanın ən böyük ekspedisiya yaxtasının sahibi Roman Abramaviç (onun kim olduğunu deməyə ehtiyac varmı?) “Luna”nı (bu söz latın dilində də, rus dilində də eyni mənanı verir – Ay) Fərhad Əhmədova satıb. “Luna” dünyanın ekoloji cəhətdən ən təmiz gəmilərindən biridir. Yaxtada bütün tullantıların emal edilməsi üçün ən müasir avadanlıqlar quraşdırılıb. “Luna” həm də dünyanın ən təhlükəsiz yaxtalarındandır. Yaxtada praktiki olaraq bütün təhlükələrə – yanğından tutmuş dəniz quldurlarına qədər hər cür təhlükəyə qarşı müvafiq tədbirlərin görülməsi imkanları nəzərdə tutulub.

“AST Telman”ın sərvəti necə “sıfıra” düşdü?

Adı tez-tez müxtəlif borc qalmaqallarında gündəmə gələn Telman İsmayılov “bərkgedən” milyarderlər siyahısında “autsayder”dir. 2008-ci ilə kimi Telman İsmayılov ən nüfuzlu Moskva biznesmenlərindən olub. Onun AST qrupu qalmaqalla sökülən “Çerkizov” bazarını, “Voentor” binasını, Yeni Arbatda yerləşən “Praqa” restoranını və Moskva ətrafı 3 min hektara yaxın ərazini nəzarətində saxlayırdı. Lakin 2008-ci ildə hüquq-mühafizə orqanları “Çerkizov” bazarında 2 milyard dollar qiymətində qaçaqmal qeydə aldı. Ticarət sahəsini bağladılar, İsmayılov özü isə Türkiyəyə yerləşdi. Onun Antalyada tikdirdiyi “Mardan Palace” hoteli 1,4 milyard dollara başa gəlib. “Forbes” hazırda onun sərvətini cəmi 0,75 milyard dollar dəyərində qiymətləndirir.

1968-ci ildə Bakıda anadan olan “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov əslən Masallı rayonunun Miyankü kəndindədir. M.Mənsimovun adı Türkiyənin “Hürriyet” qəzetinin ölkə milyarderlərinin 22 nəfərlik son siyahısında var. “Palmali” Holdinqin rəhbərinin 1.3 milyard dollar sərvəti olduğu qeyd olunur və 18-ci sırada qərarlaşıb. Azərbaycanda qida sektoruna sərmayə qoyan Mübariz Mənsimovun biznesinə görə zaman-zaman rəqibləri tərəfindən ciddi təzyiqlərə məruz qaldığı da deyilir.

“Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti olan M.Mənsimov idmana da yaxından maraq göstərir.

Quba təkcə alması ilə deyil, həm də milyarderləri ilə tanınır

Qod Nisanov da gəncdir. O, 1972-ci ildə Qubada yəhudilər yaşayan Qırmızı qəsəbədə anadan olub. 42 yaşı var. Bakıda hüquq təhsili alıb. Var-dövlətini özü qazanıb. Rusiya vətəndaşıdır. Moskvada yaşayır. Evlidir, 3 uşağı var. “Forbes”in milyarderlər siyahısında 472-ci yerdədir.

Daha bir azərbaycanlı milyarderlər Zarah İliyev 1966-cı ildə Qubada doğulub, Qod Nisanovun kəndçisidir. 47 yaşlı Zarah İliyev Rusiya vətəndaşıdır. Moskvada yaşayır. Evlidir, 2 uşağı var. “Forbes”in milyarderlər siyahısında 430-cu yerdədir. Ötən il Zarah İliyevin qardaşı Yaroxum İliyevin Bakıdakı zavodu sökülüb.

Metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən “Gön-Dəri” zavodu İliyevlərin Azərbaycandakı əsas biznesi sayılırdı.

Bu yaxınlarda Zarah İliyev və Qod Nisanovun sahibi olduğu 5 ulduzlu “Radisson Royal Ukraine Hotel”i 2013-cü il üzrə Avropanın ən yaxşı biznes hoteli kimi beynəlxalq “World Travel Awards” mükafatı alıb. Jurnal bu mükafatın səviyyəsinə görə “Wall Street Journal” tərəfindən Oskar mükafatı ilə müqayisə edildiyini xatırladır və bildirir ki, hotel biznesində bu, ən yüksək mükafat sayılır.

Z.İliyev Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu, azərbaycanlı milyarder İlham Rəhimovla da biznes ortağıdır.

İlham Rəhimov 1951-ci ildə Tovuzda anadan olub.

Rusiya prezidentinin yaxın dostu kimi tanınan iş adamı İlham Rəhimov bu ilin aprelində “Forbes” jurnalının Rusiyanın 2014-cü il üzrə ən varlı biznesmenlərinin siyahısına düşüb. Onun 0,5 milyard dollar sərvətlə sıralamada 187-ci pillədə qərarlaşmışdı.
Terminal alan milyarder

Bakıda geniş biznes şəbəkəsi olan azərbaycanlı oliqarx İsgəndər Xəlilov çoxdan bu cür siyahılara düşmür, ya da çox ön mövqedə deyil. O, Azərbaycan vətəndaşı olsa da, Rusiya ilə sıx bağlıdır. Məsələn, bu ilin mayında o, Rostov vilayətində neft terminalı alıb. “Kurqanneftprodukt” ASC-yə məxsus olan Taqanroq Neft terminalı 1 milyard 600 milyon rubla (təxminən 50 milyon ABŞ dolları) “İSR Trans”a satılıb.

Məlumata görə, İsgəndər Xəlilov Rostov şəhərindəki “Redisson” hotelini də öz biznes şəbəkəsinə daxil edib.

Rusiyada milyarderlərin etnik tərkibi haqda da maraqlı statistika var. Siyahıda ilk pilləni rus əsilli milyarderlər tutublar. Onların ümumi sərvəti 165 milyard dollar təşkil edib. Siyahıda yəhudilər 2-ci (122,3 milyard dollar), ukraynalılar 3-cü (70,4 milyard dollar), tatarlar 4-cü (9,2 milyard dollar), ermənilər 5-ci (21 milyard dollar), dağ yəhudiləri isə 10,6 milyard dollar sərvətlə 6-cı pilləni tutublar. Siyahıdakı növbəti pillələri azərbaycanlılar, inquşlar, çeçenlər, avarlar və özbək milyarderlər tutublar.

Siyahıdakı etnik milyarderlərin ümumi sərvəti 481,15 milyard dollar təşkil edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button