İki icra başçısının adlarının hallandığı yarım milyon dollarlıq dələduzluq – TƏFƏRRÜAT
Xəzər Aslanov və İsmayıl Vəliyev iş adamı Əbülfəz Əliyevin pullarını geri qaytarmaqdan imtina ediblər
Neftçalanın icra başçısı İsmayıl Vəliyev və Xızının icra başçısı Xəzər Aslanovun adı ciddi qalmaqala qarışıb. Həmin qalmaqal isə iş adamı Əbülfəz Əliyevin yarım milyon dollar pulunun mənimsənilməsi ilə bağlıdır.
Bu barədə məlumat verən Ə.Əliyev bildirib ki, vaxtıyla hüquq-mühafizə orqanlarında çalışıb. Onun sözlərinə görə, Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanın icra başcısı İsmayıl Vəliyevin isə qaynı olan, vaxtilə FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Rövşən Aslanov onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:
\”Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi».
Zərərçəkən JAM.AZ-a verdiyi açıqlamasında deyib ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib.
Ə.Əliyev qeyd edib ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.