Mövqe

“Əgər Rusiya bu prosesdən tamamilə kənarda saxlanılsaydı…” – Politoloq

Müharibədən sonra Rusiya sülhməramlılarının Azərbaycana gəlişi ilə bağlı qərar birmənalı qarşılanmadı. Hətta bəzi analitiklər sülhməramlıların Azərbaycanın suverenliyini təhdid etdiyinə dair mülahizələr irəli sürdülər.  Onlar hesab edirdilər ki,  bu qüvvələr öz missiyalarından kənara çıxacaqlar. Bu gün isə üçtərəfli sazişin şərtlərinə uyğun olaraq daha bir rayonumuz Azərbaycana geri qaytarıldı. Maraqlıdır, Rusiya sülhməramlıları öz missiyalarını lazımi şəkildə yerinə yetirə bilirmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov qeyd edib ki, hərbi qələbəmizin şərtləndirdiyi siyasi tənzimləmə məsələlərinə qiymət verərkən obyektiv yanaşmaq lazımdır:

“Maksimalist düşüncələrdən uzaq olmalıyıq. Biz indiki tənzimlənməni bütün danışıqlar prosesində istəyirdik, amma Ermənistan buna razı olmurdu. Hərbi qələbəmiz isə indiki reallığı şərtləndirdi. Bu reallıq üçtərəfli bəyanatda öz əksini tapıb. Razılaşma bəndlər üzrə həyata keçirilir. 9 bənddən ibarət olan həmin bəyanatın müvafiq bəndlərindən biri Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlişi və bu məsələdə Türk hərbçilərin iştirakı ilə bağlıdır. Burada narahatlıq üçün heç bir əsas yoxdur. Hətta fikrimcə, regionda yerləşən dünyanın nəhəng dövlətlərindən biri, Minsk qrupunun həmsədri, həmçinin işğalçı dövlətə dünyadakı bütün dövlətlərdən daha çox təsir imkanına sahib olan Rusiya bu prosesdən tamamilə kənarda saxlanılsaydı, o zaman ehtiyatlı davranmaq lazım gələrdi. Rusiya gedib uzaq Suriyada dövlətçilik maraqlarını müdafiə edir, lazım gələndə bombalayır. İndi təsəvvür etsinlər ki, qulağının dibində iştirakçısı olduğu bir münaqişə tənzimlənir və orada Rusiyanın iştirakına icazə verilmir, belə olan halda Rusiya nələr edər?! Bunun özündə böyük geosiyasi təhlükəni ehtiva etdiyini düşünmək lazımdır.

Politoloq bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarında yerləşdirilməsinə narazı olan şəxslər Kremlin proseslərə təsir imkanlarından xəbərdar deyillər:

“Rusiya bu gün dünyada yeganə ölkədir ki, bir neçə dəqiqə sonra özü eyni aqibəti yaşayacağına baxmayaraq, öz nüvə silahı ilə ABŞ-ı məhv edə bilər. Bu gün dünyada hərb baxımından ilk sırada ABŞ, ikinci sırada isə Rusiya dayanır. Ona görə də Rusiya bu proseslərdə var. Özü də bəyanatın bəndlərinə uyğun şəkildə iştirak edir”.

Millət vəkili  Rusiya sülhməramlıların fəaliyyətində xüsusi diqqəti çəkən qanunsuzluq görmədiyini də vurğulayıb:

“Bir çox hallarda Rusiya sülhməramlılarının erməni hərbçiləri ilə toqquşmaları qeydə alınıb. Bu gün Ermənistanda anti-Rusiya dalğası son dərəcə güclənib və hətta Rusiyanın  Gümrüdəki 102-ci hərbi bazasının fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlar var. Ermənistanda Rusiyanı ittiham edirlər ki, indiki vəziyyətə Rusiyanın neytral mövqeyi səbəb olub. Laçın dəhlizinin təhlükəsizliyini də rus sülhməramlıları həyata keçirəcək. Bu, 5 il üçün nəzərdə tutulub. Bunun qarşılığında Azərbaycan prezidenti İlham Əliyev çox böyük prinsipiallıq göstərərək birbaşa bu məsələyə aid olmayan bir məqamı – Naxçıvanla Azərbaycan arasında kommunikasiyanın bərpasını, yəni avtomobil yolu və dəmiryolu xəttinin çəkilməsi məsələsini – 10 noyabr sənədinə saldırdı”.

Elman Nəsirov hesab edir ki,  Laçın dəhlizi məsələsində razılaşma olmasaydı, yəni oraya 5 il müddətinə rus sülhməramlıları gəlməsəydi, Naxçıvanla bağlantıdan da söhbət getməyəcəkdi:

“Bəzi şəxslər bir anlıq düşünsünlər ki, dünyanın bir çox yerlərində strateji maraqlarını güc yolu  ilə həyata keçirən bir dövlət tənzimləmə prosesindən kənarda qalardısa, ortaya hansı təhlükəli vəziyyət çıxardı?  Gözlərinin qabağına gətirsinlər ki, Cənubi Abxaziya və Asetiya hələ də Gürcüstana qayıtmayıb. Heç onun işartısı belə yoxdur. Moldovanın Dnestryanı problemində də heç bir irəliləyiş yoxdur. Çünki Rusiyanın oraya da çox böyük təsir imkanları var. Deməli, ölkə Prezidenti İlham Əliyev həm mahir diplomat, həm də böyük sərkərdə kimi bu müharibəni udub və indi biz onun nəticələrini görürük. Nəyi, nə zaman, necə etməyi Prezident hamıdan yaxşı bilir”.

“Əgər Rusiya bu prosesdən tamamilə kənarda saxlanılsaydı...” - Politoloq

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button