Mövqe

“Əli Kərimli Ermənistanın məğlubiyyətini özünün şəxsi məğlubiyyəti kimi qəbul edir” – Deputatdan AÇIQLAMA

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə bəzi xarici ermənipərəst qüvvələrlə yanaşı, daxildə olan vətən xainlərini də narahat edir. Belə ki, ermənipərəst qüvvələrin əlində alətə çevrilən AXCP sədri Əli Kərimli sosial şəbəkələr üzərindən qeyd edib ki, Azərbaycanın öz torpaqlarını 27 ildən sonra 3-5 dəfə zəif rəqibindən geri alması böyük uğur hesab edilə bilməz. Qeyd edək ki, AXCP sədrinin bu açıqlaması bir çoxlarının narazılığına və qəzəbinə səbəb olub.

Əli Kərimlinin əsasız fikri ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı: “Heç şübhəsiz ki, bu qələbənin ilk olaraq müəlifi Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz onun qurduğu strategiya nəticəsində Azərbaycan bu qələbəni tam təmin etdi. Əlbəttə, bu qələbə heç də asan başa gəlmədi. Çünki düşmən 30 ilə yaxındır özünə güclü istehkam qurub, bu müharibəyə hazırlaşırdı. Və Azərbaycan bu müharibədə qalib gəlmək üçün ilk olaraq iqtisadi və diplomatik potensialını gücləndirdi. Cənab prezidentin rəhbərliyi ilə 17 il ərzində diplomatiya sahəsində əldə etdiyimiz nailiyyətlər, o cümlədən ordu quruculuğu sahəsində atılan mühüm addımlar, Silahlı Qüvvələrimizin müasir texnika ilə təmin edilməsi, əsgər və zabitlərimizin peşəkarlığı, Vətənə olan bağlılığı, informasiya cəbhəsindəki üstünlüyümüz 44 günlük müharibənin tam bizim qələbəmizlə nəticələnməsinə gətirib çıxardı. Həmçinin, əsgər və zabitlərimiz Vətən müharibəsində böyük qəhrəmanlıq, şücaət göstərdilər. Və biz bu möhtəşəm qələbəni Ali Baş Komandana və igid əsgərlərimizə, peşəkar zabitlərimizə borcluyuq. Və sözsüz ki, bu möhtəşəm qələbə 2802 şəhidimizin, 1245 yaralımızın, 100-dən artıq itkin düşmüş əsgər və zabitimizin Vətənə olan sevgisinin nəticəsidir”.

Deputat təəssüflə qeyd edib ki, Azərbaycanın əldə etdiyi möhtəşəm qələbəni bəzi dairələr həzm edə bilmir: “Həmin dairələr əllərində alətə çevrilmiş “sapı özümüzdən olan baltalar”dan istifadə edərək, qələbəmizə kölgə salmağa çalışırlar. Ermənipərəst dairələrin əlində alətə çevrilənlərdən biri də AXCP və onun sədri Əli Kərimlidir. Bu günlərdə sosial şəbəkələrdə böyük narazılığa səbəb olan məsələ Əli Kərimlinin şanlı qələbəmizi həzm edə bilməməsi və səsləndirdiyi əsassız fikirlərdir. Görünür, Əli Kərimlinin ağaları ona tapşırıq verib ki, qələbəmizə maksimum dərəcədə kölgə salsın. Və məlumdur ki, Azərbaycan xalqı Əli Kərimlinin bu çıxışını sosial şəbəkələr üzərindən böyük nifrətlə qarşıladı. Əlbəttə, bu, belə də olmalı idi. Onun Koçaryanı, Sarkisyanı müdafiə etməsi və Azərbaycanın möhtəşəm qələbəsini kiçiltməyə çalışması xalqımızın böyük etirazına səbəb oldu. Çünki Əli Kərimli 1992-1993-cü illərdə hakimiyyətdə olarkən Azərbaycan torpaqlarının böyük bir hissəsini itirdi. O cümlədən onlar hakimiyyətə gəlmək üçün ermənilərlə razılıq əldə edərək, torpaqlarımızın işğal olunmasına göz yumdular. Əlbəttə, bu gün Əli Kərimlinin əlləri azərbaycanlıların qanına bulaşan Koçaryanı, Sarkisyanı müdafiə etməsi anlaşılandır. Görünür, Əli Kərimlinin tutduğu mövqe Koçaryan və Sarkisyanla üst-üstə düşür. Ona görə də onları müdafiə edir. Əli Kərimli bu açıqlaması ilə 2802 şəhidimizin ruhunu incidir, 1245 qazi olan əsgər və zabitimizin mənəviyyatına toxunmuş olur ki, bu da qəbulolunmazdır. Azərbaycan xalqı bu cür açıqlmalar verən və Vətənini satan şəxsləri lənətləyir. Çünki 44 günlük müharibədə ordumuz tarixi zəfərə imza atdı. Biz güclü liderimiz, Azərbaycan xalqının qəlbinə Milli Qəhrəman kimi həkk olunan Ali Baş Komandanımızın böyük zəhməti hesabına ərazi bütövlüyümüzü bərpa etdik. Və mən hesab edirəm ki, Əli Kərimli bu son açıqlaması ilə bir daha sübut etdi ki, Ermənistanın məğlubiyyətini özünün şəxsi məğlubiyyəti kimi qəbul edir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button