Mövqe

Ermənistanın diversant qrupu yolları minalamağa cəhd edibmiş – XİN məlumat yaydı

“Azərbaycan Redpublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər. Həmin qruplar aşkar edilmiş, onların bir hissəsi qaçmış, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılmışlar”.

Savash.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Ermənistan tərəfindən bir müddətdir iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.

Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.

Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.

Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır”, – nazirlikdən qeyd olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button