Mövqe

Deputat məscidi yandıran qardaşlara görə istintaq orqanlarına çağırış etdi: “Onlarla işiniz olmasın…”

“El arasında məscidə “Allahın evi” adı verilsə də Allahla ən az əlaqəsi olan yer də bir çox hallarda məscidlərdir”.

Bunu deputat Fazil Mustafa ötən gün  Azərbaycanda qardaşların iki məscidi yandırmasına münasibət bildirərkən deyib.

Millət vəkili məscidlərin cəhalət yuvası, dedi-qodu yerinə çevrildiyindən təəssüflə danışıb:

“Allahın adı ilə din lotuları üçün nəzir, sədəqə yığılmaz. Məscidlər mollaların savadsız, cahil insanları din adına aldatdığı yer ola bilməz, ayrı-ayrı məzhəblərdən olan müsəlmanların azan, namaz üstündə münaqişə yaşadığı məkan ola bilməz.

Dünən yolüstü namaz üçün Bibiheybət məscidinə girdim, orada ona yaxın qadının ortadakı qəbirin “reşotka”sına başını sürtüb ağladığını gördüm. Danabaş kəndi indi daha da böyüyüb Danabaş şəhərinə çevrilib. Həm də 21-ci yüzildə kütləvi şəkildə yanlış dinin danabaşlaşdırdığı insan kütləsi çoxalıb.

Əslində ölkəmizdə məscidlərin hamısı yandırılıb, tüstüsünü görmürsünüz. Allahın adından başqa Allaha aid çox az şeylər taparsınız burada. İndi məscidə nəzarət edən iki qardaş həm də cəmiyyət, kənd içində dindar sayılırlar. İnsanların illərdir, din adına verdikləri nəzirlərlə, sədəqələrlə imkan sahibinə çevrilmiş dindarlardır”.

F.Mustafanın sözlərinə görə, dindarı məscidi yandırmağa adi iş kimi baxırsa, dini ibadətin də bir vərdişdən, bir statusdan, bir saxtakarlıqdan qaynaqlandığını rahatca söyləmək olar:

“Burada eyni zamanda məscidin yanmağının fəzilətindən də danışmaq mümkündür. Həm də o halda danışmaq mümkündür ki, yanmış məsciddə bitlər, fitnələr  təmizlənsin, ibadətlər səmimiləşsin. Əməlindən bixəbər olduğunuz ölülərin qəbrinə, qəbrinin “reşotka”sına başınızı sürtmək yerinə, gedib Fəxri Xiyabanda Mirzə Cəlilin məzarının sinə daşına başınızı söykəyib bir neçə dəqiqəliyə qulaq verin. Elə faydalı sözlər eşidəcəksiniz ki, içiniz alışıb yanacaq. İstintaq orqanlarına tövsiyyəm odur ki, o qardaşlarla işləri olmasın. Məscidlərin ikisi də özləri yanıb. Azərbaycan adlanan məmləkətdə bu qədər insanın içində, beynində yaşatdığı cahilliyə, nadanlığa, xurafata məscid dözər?”.

Xatırladaq ki, iyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində Fuad və Şahbaz Nəbiyev qardaşları eyni anda iki məscid yandırıb.

Günay Rəsulqızı

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button