Mövqe

“Eldar Həsənov yıxılıb və görüşə əlil arabasında gətirilib”

Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun səhhəti ağırlaşıb.

“SAVAŞ” xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat paylaşıb. Vəkil qeyd edib ki, ötən gün səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirib və üzü üstə yerə yıxılıb. C. Cavadovun sözlərinə görə, tibbi yardım göstərilsə də, başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər:

“Həmin gün saat 11:30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətiriblər. Özünün bildirdiyinə görə, həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər”.

Vəkil Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladığını da əlavə edib.

Xatırladaq ki, sabiq səfir Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında bu ilin iyulun 13-də bağırsaq keçməzliyindən əziyyət çəkdiyinə görə əməliyyat olunub.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button