Mövqe

Bəs, uşaqlar koronavirusdan ölmürdü? – Pediatr Sumqayıtdakı məktəbli ölümündən danışdı

9-cu sinif şagirdinin koronavirusa yoluxaraq ağırlaşması və dünyasını dəyişməsi müəyən suallar yaradır. Belə ki, sözügedən virus infeksiyasının yayılmağa başladığı ilk vaxtlardan mütəxəssislər uşaqların xəstəliyi yüngül keçirdiyini, əksər hallarda isə ümumiyyətlə simptomların hiss edilmədiyini bildirdi.

Bəs, 14-15 yaşlı sağlam yeniyetmənin koronavirusdan ölməsinə səbəb nə ola bilər? Hansı hallarda uşaqlarda koronavirusa yoluxmada ağırlaşma müşahidə edilə bilər?

Mövzu ilə bağlı sfera.az-a danışan pediatr Sevda Novruzova sağlam uşaqların da koronavirusdan ölmə ehtimalının olduğunu deyib:

“Məktəblinin koronavirusdan ölməsi təəccüblü deyil. Çünki hər hansı bir virus infeksiyasının, o cümlədən qripin də ağırlaşması ölümlə nəticələnə bilər. Koronavirus infeksiyasında da vəziyyət belədir. Valideynlər vaxtında həkimə müraciət edib, uşaq üçün lazımı müalicə tədbirlərini görməyəndə vəziyyət belə ola bilir. Dərslər ənənəvi formada başladıqdan sonra uşaqlarda müxtəlif növ kəskin respirator viruslar müşahidə olunur. Çünki məktəblilər bir-biri ilə yaxın təmasda olur, bu da yoluxmanı artırır”.

Pediatr uşaqların koronavirus əleyhinə  vaksinasiyaya cəlb olunmasına da toxunub:

“Bəzən valideynlər uşaqlar virusa yoluxduqdan sonra xəstəliyi ciddiyə almır. Düşünürlər ki, tempratur düşər, adi xəstəlikdir, ötər və s. Lakin xəstəliyin üstünə vaxtında düşmək lazımdır ki, ağırlaşma olmasın. Sağlam uşaq da koronavirusa yoluxub, ağırlaşa bilər. Hazırda uşaqların peyvənd olunması ilə bağlı təkliflər var. Valideynlər mənfi halların yaşanmaması üçün uşaqları peyvəndləmə prosesinə cəlb etsə, yaxşı olar”.

Əzizə Zeynal

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button