Mövqe

Sumqayıtda sənədləşmə adı altında soyğun: Vətəndaşları aldadan sinif yoldaşları kimdir?

Sumqayıtda sənədləşmə adı altında soyğun: Vətəndaşları aldadan sinif yoldaşları kimdir? Sumqayıt şəhər sakini tərəfindən şikayət məktubu daxil olub.Şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Sumqayıtda iki sinif yoldaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində əhaliyə divan tutur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin hüquq şöbəsinin müdiri Asim Cəfərov və onun sinif yoldaşı olmuş Taleh adlı şəxs daşınmaz əmlakın sənədləşdirilməsi işində Sumqayıtda necə deyərlər, ”qaz vurub-qazan doldurmaqla” məşğuldurlar. Hətta bunun üçün onlar müvafiq sxem də tərtib ediblər. Taleh Sumqayıt şəhərinin 4-cü mikrorayonunda yerləşən Tarix Muzeyinin yaxınlığında özü üçün bir ofis açmış və “daşınmaz əmlakla bağlı hüquqi xidmət“ adı altında vətəndaşların “problemlərinin” həlli ilə məşğul olaraq daşınmaz əmlakın sənədləşdirilməsi üçün külli miqdarda rüşvət almaqla məşğuldur. Öz torpağını, həyət evini, yaxud kommesiya obyektini sənədləşdirmək istəyən şəxslər DƏDRX-nin yerli idarəsinə müraciət edərkən həmin şəxsləri hüquqşünas kimi Asim Cəfərov özü qarşılayır və müxtəlif bəhanələrlə sənədləşmədə süni maneələr yaradaraq “problemin həlli üçün” həmin vətəndaşlara Talehə müraciət etməyi tövsiyə edir. Çarəsiz qalan vətəndaş Talehə müraciət etdikdə isə sonuncu vətəndaşa müəyyən məbləğdə pul verilməli olduğunu bildirərək məsələnin yalnız bu yolla “həll edilə biləcəyini” bəyan edir. Hətta Asim və Taleh ikilisi daşınmaz əmlakla bağlı məhkəmə işlərini də inhisara almışdır.
Taleh Asimin onun yanına göndərdiyi vətəndaşların bir çoxuna məsələnin məhkəmə yolu ilə həll edilə biləcəyini bildirərək məhkəmə işlərinin həllini də öz üzərinə götürür, bu adla vətəndaşlardan külli miqdarda pul alaraq onları təkrarən Asimin yanına yollayaraq başqa hüquqşünasa müraciət etməməyi, yalnız Asimlə məsələnin həll edilməli olması şərtini qoyur. Vətəndaş bu şərti pozduqda, yaxud da daşınmaz əmlakla bağlı hər hansı şəxs məhkəməyə müraciət etdikdə isə dövriyəyə Asim girir və məhkəmədə işin ədalətli baxışına idarənin hər vəchlə maneələr yaratmağa başlayır. Hətta deyilənə görə Asim Cəfərov 2014-cü ilin sonlarında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin hüquq şöbəsinə müdir təyin edildikdən dərhal sonra öz planının icrasına başlayaraq idarənin adından tabe olduqları Əmlak Məsələləri Dövlət Komitəsinə xidməti məktubla müraciət etmiş və Sumqayıt şəhərində məhkəmələrin daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar əsassız qətnamələr çıxarıldığını bildirmişdir.
Halbuki, məktuba əlavə edilmiş məhkəmə qətnamələri qanuni qüvvəyə minərək DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən icra edilmiş və onlardan hər hansı şikayət məhkəməyə verilməmişdir. Təbii ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov da buna reaksiya verərək yuxarı məhkəmə qurumuna müvafiq məktub göndərərək öz şikayətini bildirmişdir. Nəticədə Sumqayıt şəhər Məhkəməsinin bir neçə hakimi ciddi şəkildə cəzalandırılmış və onlara xəbərdarlıq edilmişdir. Bundan istifadə edən Asim Cəfərov daşınmaz əmlak üzərində hüquqların tanınması ilə bağlı bütün məhkəmə işlərinə müdaxilə etməyə başlayaraq bütün məhkəmə işlərinin şəxsən onunla “razılaşdırılmalı olması kimi” bir qayda yaratmışdır.
Asimlə “razılaşdırılmayan” məhkəmə qətnamələrindən ya Asim işlədiyi idarənin adından dərhal yuxarı məhkəmələrə şikayətlər göndərir, yaxud da dövriyəyə Taleh girərək sənədin verilməsi üçün ağlasığmaz rüşvət tələb edir. Özü də “razılaşdırma” adı ilə bu ikili idarənin adı ilə pul tələb etməklə yanaşı, özləri üçün də ayrıca pul tələb edirlər. Bu yolla Asim və Taleh Əmlak Məsələləri Dövlət Komitəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin adından çıxış etməklə əslində şəxsi maddi maraqlarını təmin etməklə və Sumqayıt sakinlərinin başına oyun aşmaqla məşğuldurlar. Təəssüf ki,bu ikili öz maraqlarını təmin etmək üçün dövlət strukturlarının işinə kölgə salmaqla yanaşı, ayrı-ayrı vəzifə sahiblərinin adlarından da istifadə edirlər. Taleh özünü Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, Asim isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanovun yaxın adamları kimi təqdim etməklə özləri barəsində “toxunulmaz adam” rəyi yaratmışlar. Talehin özündən əvvəl “daşınmaz əmlakla bağlı hüquqi xidmət“ göstərən İlqar adlı şəxsi “vuraraq” uzaqlaşdırması, Asimin isə onun qanunsuz göstərişlərinə əməl etməyən idarənin iki hüquqşünasını sıxışdıraraq işdən çıxartdırması da, həm onların bu cür imicinin yaranmasına və daşınmaz əmlakın sənədləşməsi işlərində Asim-Taleh ikilisinin inhisarının bərqərar olmasına şərait yaratmışdır.
Hal-hazırda Sumqayıt şəhərində Asim-Taleh ikilisi ilə “razılaşdırılmadan” daşınmaz əmlakın sənədləşdirilməsi, yaxud da məhkəmə yolu ilə hüququn tanınması mümkünsüz hala gəlmişdir. Bu sahədə inhisarçılıq yaratmış bu ikli daşınmaz əmlaklara görə tariflər müəyyən edərək yuxarıya şatdırmaq adı altında vətəndaşlardan külli miqdarda rüşvət tələb edirlər. Məhz buna görə rüşvət verilən daşınmaz əmlaka görə sənəd verilir, rüşvət verilməyən eyni cür işin həlli isə mümkünsüz vəziyyətə gətirilir.
Daha bir fakt isə ondan ibarətdir ki, bu cütlük şəhərdə onlarla “razılaşdırılmadan” torpaq sənədləşdirilməsinin mümkünsüzlüyü görüntüsünü yaratmaqla vətəndaşların faktiki istifadəsində olan, lakin sənədləşdirilməmiş torpaq sahələrini olduqca ucuz qiymətə ayrı-ayrı şəsxlərin adına alır, daha sonra sənədləşdirərək baha qiymətə satırlar.
Ən acınacaqlısı isə ondadır ki, biri dövlət qulluqçusu, digəri isə makler olan bu ikili öz qanunsuz əməllərini Əmlak Məsələləri Dövlət Komitəsinin adı ilə pərdələməyə çalışır. Halbuki, əminik ki, nə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, nə də adı çəkilən qurumun digər rəsmilərinin Asim-Taleh İkilisinin bu əməllərinə hər hansı aidəyyəti yoxdur və bu barədə məlumatlı deyillər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
sumqayitxeber.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button