Mövqe

Putin Ərdoğanı dollardan imtinaya razı saldı, nə baş verəcək? – Qubad İbadoğlunun şərhi

Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündəki razılaşmalardan biri də iki ölkə arasında  xarici ticarət dövriyyəsinin 2030-cu ilədək 100 milyard dollara çatdırmaq  və bu ildən rublla hesablaşmalar aparmaqdır. Görünən odur ki, Türkiyə Rusiya enerjisi üçün ödənişlərdə dollardan imtina etmək niyyətindədir. 

Maraqlıdır, bu qərar hansı nəticələr doğura bilər?

Mövzunu şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, Türkiyə iqtisadiyyatını tənəzzülə gedən Rusiya iqtisadiyyatına, türk lirəsini də rus rubluna bağlamaq yalnız qısa müddətli dövrdə effekt verə bilər:

“Orta və uzun müddətli dövrdə isə asılılığın daha da güclənməsinə görə Rusiya Türkiyəni də iqtisadi fəlakətə sürükləyə bilər. Belə ki, Rusiyanın dövlət statistika agentliyi Rosstatın ötən həftə açıqladığı yeni rəqəmlər bu ölkənin bəzi sektorlarının sanksiyalardan ağır zərbə aldığını göstərir. Xarici komponentlərdən ən çox asılı olan avtomobil istehsalı iyun ayında illik müqayisədə 89 faiz, kompüter və yarımkeçiricilərin istehsalı illik müqayisədə 40 faiz, paltaryuyan maşınların istehsalı isə təxminən 59 faiz azalıb. Enerji qiymətlərinin ucuzlaşması, rus istehlakçılarının alıcılıq qabliyyətinin aşağı düşməsi, məcmu tələbin məhdudlaşması Rusiya iqtisadiyyatının daha tez çökməsini şərtləndirə bilər. Odur ki, iki ölkə ticarət və investisiya əməkdaşlığının davamlı olacağı şübhə doğurur”.

Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin saldosu Rusiya üçün müsbət, Türkiyə üçün mənfidir:

“Bu ilin ilk 6 ayında bu fərq 24 milyad dollardan çox olub. Türkiyənin bu fərqlə rubl hesablaşmaları aparması onu əlavə rubl almaq üçün dollar və avro ilə valyuta xərcləməyə  məcbur edəcək. Bu halda isə bir tərəfdən  Rusiya ilə enerji ticarətində rublla hesablaşmalara dollara olan tələbatı artıracaq, digər tərəfdən isə Rusiya bazarında qazanılan rublun bu xərcin cüzi hissəsini ödəməsi yenə də dollara tələbatı saxlayacaq. Nəhayət, həm rublun və həm də lirənin məzənnələrinin dollarla müəyən olunması, rublun hazırda süni bahalanması, bir müddətdən sonra iqtisadi amillərin fonunda ucuzlaşması fonunda Türkiyənin Rusiya ilə ticarət hesablamalarında öncə idxalatçıların, sonra isə ixracatçıların məzənnə fərqindən itkilərini yaradacaq. Rublla hesablaşmaların Rusiya iqtisadiyyatında yaratdığı əlavə dəyər Türkiyə ilə müqayisədə çox olduğundan, bu razılaşma  Türkiyə ilə ticarətdə müsbət saldoya malik olan Rusiyanın mənafeyinə uyğundur”.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button