Mövqe

Putin: \”Mənim psixi vəziyyətimə şübhə edirlər?\”

Putin: "Mənim psixi vəziyyətimə şübhə edirlər?"Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də TASS agentliyinin xüsusi layihəsi olan “Birinci şəxs”ə geniş müsahibə verib.

Müsahibədən ayrı-ayrı epizodlar KİV-lərdə yayılıb. Bununla belə müsahibənin bu gün yayılan stenoqramında kifayət qədər maraqlı epizodlar var və belə demək olar ki, Putin hələ heç bir jurnalistlə bu cür açıq danışmamışdı.

Savash.org virtualaz.org-a istinadla müsahibədən daha geniş epizodları təqdim edir:

Putin səhhəti haqda: “Bunu görməyəcəklər!”

-Vladimir Vladimiroviç, səhhətiniz necədir?

-Putin: Bunu görməyəcəklər!

-Düşmənlər böhtan atır…

Putin: Hə? Birinci dəfədir eşidirəm. Və onlar nə deyirlər? Arzuladıqlarını həqiqət kimi qələmə verirlər?

-Təkrar etmək istəmirəm. Çünki indi ilk mənbə ilə üz-üzəyəm.

Putin: Qoy elə də fikirləşsinlər. Bu, onları arxayınlaşdıracaq. Sizinlə bizim isə ancaq xeyrimizə olacaq.

-Başa düşürsünüz, söhbət bayram təbrikindən getmir. Sizin fiziki, mənəvi, psixi vəziyyətinizdən bütün ölkənin sağlamlığı asılıdır. Məlum mənada…

Putin: Onlar mənim fiziki və ya psixi vəziyyətimi şübhə altına alırlar?

-Müxtəlif şeylər deyirlər.

Putin: Hər şey qaydasındadır, hər şey yaxşıdır… Bax elə siz idmanın hansı növü ilə məşğulsunuz?

-Çoxdandır heç bir növü ilə. Əgər belə demək mümkünsə, televiziya növü ilə.

Putin: Pisdir. Yox, televizorun qarşısında uzanmaq idman deyil… İş isə böyük ölçüdə enerji, qüvvə, hərəkət aktivliyi tələb edir.

-Bunu niyə soruşdunuz? Çünki özünüz…

Putin: …müntəzəm olaraq idmanla məşğul oluram.

-Gündəlik rejimdə?

Putin: Məhz elə. Mütləq şəkildə hər gün. Doğrudur, ezamiyyətlərdə imtina etmişəm. Uçuş məsafəsi uzun olanda və vaxt fərqi yarananda uyğunlaşdırmaq olmur…

Müxalifətə münasibət haqda: “Çox yaxşıdır”

-Sizin tərəfdarlarınızla yanaşı elələri də var ki, siyasətinizi, leksikonunuzu bəyənmir. Bunlara münasibətiniz necədir?

Putin: Çox yaxşı. Bilirsiniz, bir-birimizi necə gəldi çağıra bilərik. Bununla uzun müddətdir qarşılaşıram və hesab edirəm ki, hər şey mədəniyyətdən asılıdır, ümumi və siyasi mədəniyyətdən. Opponentlərlə mübarizə aparmaq olar, ancaq şəxsiyyətə keçmək, dalaşmaq və s. düzgün deyil. Bu, o deməkd deyil ki, öz mövqeyində israr etməyəsən. Bunu etmək lazımdır, ancaq həmişə demişəm, qanun çərçivəsində. Əgər bu sərhədləri keçsək, dağıntıya başlayacağıq. Sonra isə bizə qiymətli olanları bir yerə toplamaq, bərpa etmək çətin olacaq.

-Opponentlərinizi müttəfiqlərə çevirmək istəyirsiniz, yoxsa… qoy necə istəyirlərsə elə yaşasınlar?

Putin: Hamını müttəfiqə çevirmək mümkün deyil, heç buna can atmaq da gərək deyil. Əksinə, şübhə ilə yanaşanlar varsa, bu – yaxşıdır! Ancaq onlar özləri konstruktiv həll yollu göstərməlidir. Əgər biz belə opponentlərlə üzləşsək, bu yaxşıdır, faydalıdır. Lakin başqaları da var ki, “nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipi ilə yaşayırlar. Təəssüf ki, bu da qaçılmazdır.

Bilirsiniz, dövlət mühüm parametrlər üzrə zəifləməyə başlayan kimi dərhal mərkəzdənqaçma qüvvələri üzə çıxır. Bu, orqanizmdə baş verənlər kimidir. İmmunitet düşən kimi dərhal qrip. Axı onlar daxildə oturublar, hansısa bakteriyalar, viruslar həmişə orqanizmdə var. Ancaq orqanizm güclü olanda siz öz immunitetinizlə həmişə qripə qalib gələ bilərsiniz. İdmanla məşğul olmaq lazımdır!

-Bu məsələdə heç kim mübahisə etmir. Ancaq elə adamlar var ki, sizinlə nəsə başqa məsələdə razı deyillər. Axı bu heç də o demək deyil ki, onlar hökmən beşinci kalondur və ya düşməndir?

Putin: Yox, əlbəttə, yox. Ancaq bu, o demək deyil ki, Rusiyada oturub xarici maraqları təmin edən adamlar mövcud deyil. Belələri də var. Bunlar kimlərdir? Onlar daxili siyasi mübarizədə xarici ölkələrdən aldıqları pulları istifadə edirlər, bu pulları həvəslə götürürlər.

-Ancaq bunu etmək vətənimizin qayğısı sayəsində getdikcə çətinləşir. QHT-ləri xarici agent statusu verən qanunu xatırlatmaq, başqa ölkələrin vətəndaşlarının Rusiyada KİV sahibi olmasının qadağan edilməsini xatırlatmaq kifayətdir…

Putin: Yox. Zahirən ola bilsin ki, mürəkkəb görünür, ancaq xaricdən pul almaq əvvəlki kimi mümkün işdir. Kənar yollar həmişə tapılır ki, pulu necə alasan və tapşırılan işə xərcləyəsən. Əlbəttə, bu qanunlar xarici pulların Rusiyada daxili siyasi mübarizədə istifadə olunmasını çətinləşdirir. Ancaq bu qanunlardan yan keçmək mümkündür, diqqətlə izləmək lazımdır ki, belə hallar baş verməsin. Axı özünə hörmət edən dövlət yol verməz ki, xarici pullar ölkə daxilində siyasi mübarizə üçün istifadə edilsin. Birləşmiş Ştatlarda buna cəhd edin – dərhal dəmir barmaqlıqlar arxasına düşərsiniz. Orada dövlət strukturları bizdən daha sərtdir. Zahirən hər şey firavandır, demokratikdir, ancaq işlər belə məqama gedib çıxsa, heç bir şansınız yoxdur!

Bizdə isə xeyli liberaldır. Hər şey etmək olar! Bəli, demokratiyanın inkişafı istənilən başqa dövlət kimi Rusiya üçün də mühümdür. Lakin biz bunu başa düşməliyik: bu, demokratiya xatirinə demokratiya deyil. Bu, xalq üçün demokratiyadır, onun üçündür ki, xalq daha yaxşı yaşasın, ölkənin idarə edilməsi rıçaqlarına real çıxış imkanları olsun. Yol vermək olmaz ki, xarici dövlətlər bizi zəiflətsin, öz iradələrinə tabe etsinlər və daxildən parçalasınlar. Təzyiq etsinlər və biz məcbur olub Suriya planlarına razılıq verək, İranın nüvə proqramına dair onların istədiyini edək, öz müdafiə proqramlarımızı ləğv edək və s.

Vətəndaş cəmiyyətinin sıxışdırılması haqda: “Deməli, insanlarda nəsə çatmır…”

-Bəs bu, cəmiyyətdə nifrətin artmasına səbəb olmur?

Putin: Bu gün bunu görmürəm. Seçki kampaniyası dövründə belə şeylər hər yerdə olur, ancaq mənə elə gəlir ki, indi belə hal yoxdur.

-Lakin buna baxın, sosial şəbəkələr istənilən hadisəyə necə qəzəbli reaksiya verirlər. İstər Ukrayna hadisələri olsun, istər Nikita Mixalkovun filminin premyerası. İnsanlar o qədər aqressivdir ki, başqalarının fikirlərini dinləməyə o qədər hazır deyil ki, hətta ən kəskin temalar üzrə də internet səhifələrdə şərhlər səhifəsini bağlamaq lazım gəlir…

Putin: Bu, bizim daxili təhlükəsizliyin təmin olunmasına yönələn fəaliyyətimizlə, daxili siyasəti xarici təsirdən təmizləməyimizlə bağlı deyil.

-Mən vətəndaş cəmiyyətinin vəziyyəti haqda danışıram.

Putin: Mən də elə onu deyirəm. Söhbət ümumi mədəniyyətdən gedir. Deməli, insanlarda nəsə çatmır. Nədir, başqa ölkələrdə belə şeylər yoxdur? O zaman futbol fanatları arasında qanlı davalar, İtaliyada mühacirlərin düşərgəsinə basqın və digər bu kimi neqativ hadisələr də olmazdı. Və belıə hadisələr bizdə də baş verir, təəssüf ki. İşləmək lazımdır, çalışmaq lazımdır ki, insanlar münasibətlərini sivil şəkildə aydınlaşdırsınlar və mövqelərin mübarizəsini aparsınlar.

-Bilirsiniz, belə alınır ki, mənəvi iqlimdə çox şey məhz sizdən asılıdır.

Putin: Elə deyil.

-Elədir, Vladimir Vladimiroviç.

Putin: Yox, mənə elə gəlmir. Siz və həmkarlarınız üçün günahı kiminsə üstünə atmaq asandır. Özünüzə də baxın! KİV-lərdə informasiyalar necə təqdim edilir, siz milyonlarla insanın şüuruna necə təsir edirsiniz, bizdə mərkəzi televiziya ilə hansı proqramlar nümayiş olunur?

Biz elə ölkəyik ki, federal kanallar ancaq pul qazanmaq haqda, rekalm dəqiqəsinin qiyməti haqda düşünsünlər? Və bundan ötrü səhərdən axşamadək zay verilişləri fırlatsınlar? Biz heç dövlət kanallarının da redaksiya siyasətinə qarışmırıq. Liberallıq baxımından bu yaxşıdır, ancaq nəticəsi budur ki, ekranda gördüyümüzü görürük.

Mətbuatda tənqidlər haqda: “Hərdən Peskov hər cür zir-zibil gətirir”

-“Forbes” jurnalı artıq ikinci ildir ki, sizi dünyanın ən nüfuzlu lideri elan edir…

Putin: Bilirsiniz, bunun əhəmiyyəti daxili reytinqlərdən də azdır.

-Ancaq razılaşın ki, xoşunuza gəlir.

Putin: Yox, məsələ xoşa gəlməkdə deyil. Məsələ ondadır ki, dünya liderliyi dövlətin iqtisadi və hərbi imkanları ilə müəyyənləşir.

-Bu göstəricilərdə biz birinci deyilik…

Putin: Mən də elə onu deyirəm. Ola bilsin “Forbes” bunu xüsusi olaraq edir ki, mənim Barak Obama ilə münasibətlərimizi korlasın. Biz Birləşmiş Ştatlar prezidenti ilə tanışıq, demirəm ki, yaxın münasibətlərimiz var. Ancaq o, ağıllı adamdır, hər şeyi qiymətləndirə bilir. “Forbes”in qiymətləndirməsi ABŞ-da daxili siyasi mübarizədə istifadə oluna bilər, xüsusən də senata seçkilər ərəfəsində. Qoy özləri öz aralarında hər şeyi ayrıd etsinlər.

-Bax, budur müstəqil Amerika mətbuatı: prezidentdən necə yazır…

Putin: Necə yəni müstəqil, bir halda ki, Ağ Ev rəhbərinin siyasi opponentləri ilə əlbir işləyir? Orada heç bir müstəqillik yoxdur. Tam asılılıq və müəyyən qüvvələrə xidmət var. Lakin bu mənim təxminimdir…

-Heç bizdə bu da yoxdur.

Putin: Bizdə hər şey var. Əgər bizim mətbuatı oxusanız, yəqin ki, oxuyursunuz, görərsiniz ki, onlar mənim fəaliyyətimi hansı ifadələrlə qiymətləndirirlər, yaxud Rusiya hökumətinin işini. Tez-tez şəxsiyyətə hücuma keçirlər…

-Oxuyursunuz?

Putin: Hərdən Peskov hər cür zir-zibil gətirir.

-Bəs cavabınız nə olur?

Putin: Qulaq asın, kim bunu yazırsa istəyir ki, mən onlara cavab verəm. Bu, özünüreklamın ən yaxşı yoludur. Əgər ölkənin başında duran adama hücum etdisə və o, cavab verdisə, deməli, bu sanballı adamdır. Bütün bu fəndlər bizə yaxşı məlumdur! Ona görə də çalışıram ki, kiməsə baş qoşmayım və işlə məşğul olum. Əgər tənqiddə nəsə ağlabatan məqam varsa, qeyd götürürəm.

“Putinin dostları” anlayışı haqda: “80-ə yaxın dostum var…”

-İndi “Putinin dostları” anlayışını təkcə Rusiya siyasətində işlətmirlər, Dövlət Departamenti də bu söz birləşməsindən istifadə edir…

Putin: Nə ilə bağlı?

-ABŞ hesab edir ki, birinci sanksiya paketi məhz prezident Putini vurdu.

Putin: Başa düşürəm. Amerikalılar mənim üçün çox xoş və sistemli səhvə yol verdilər.

-Bunu dırnaqarası qəbul edək?

Putin: Yox, birbaşa mənada. Səhv nədən ibarətdir? Onlar bu yalan mülahizədən çıxış etdilər ki, mənim həmin siyahıya daxil olan şəxslərlə şəxsi biznes maraqlarım var. Ona görə də amerikalılar onlara zərbə vurmaqla həm də mənə zərbə vurmaq istəyirdilər. Bu isə tamamilə yalan idi.

Hesab edirəm ki, biz oliqarxiyaya əhəmiyyətli ölçüdə son qoya bilmişik. Axı bu nə deməkdir? Hakimiyyətə təsir edən pul. Rusiyada belə vəziyyət mövcud deyil, əminliklə deyirəm. Heç bir oliqarxik struktur hakimiyyətə, dövlətin qəbul etdiyi qərarlara təsir edə bilməz. Bunlar sizin eyham etdiyiniz şəxslərə də aiddir. Onların hamısı varlı adamlardır, çoxdan varlanıblar…

-Və müxtəlif yollarla.

Putin: Razıyam, ancaq əsasən leqal yollarla. Onlar heç nə oğurlamayıblar, heç nə özəlləşdirməyiblər, 90-cı illərdə olduğu kimi.

-Biz Rotenberqlər, Kovalçuklar, Timçenko haqda danışırıq?

Putin: Bəli. Bax elə Timçenko özü dövlət mülkiyyətindən nəsə alıb? Heç olmasa bir aktiv deyin. Heç nə!

-Mən başqa şey deyirəm.

Putin: Buyurun.

-Gennadi Timçenkonun açıqlamasından sitat. O deyir ki, ABŞ “Gunvor” neft treyderinə qarşı sanksiya tətbiq etməklə şəxsən Putinə zərbə vurmaq istəyir. “Əminəm ki, yüz faiz belədir” – o belə deyir.

Putin: Yaxşı ki, Gennadi Nikolayeviçdən sitat gətirirsiniz. Ola bilsin belədir. Lakin mən sizə dedim ki, ABŞ sistemli səhvə yol verir. ABŞ hesab edir ki, orada mənim hansısa maliyyə maraqlarım var, ancaq bərk yanılırlar.

-Vladimir Vladimiroviç, sizin haqqınızda deyirlər ki, “özününküləri” heç vaxt satmaz.

Putin: Bəli, çalışıram. Əgər özlərini yaxşı aparsalar və heç nəyi pozmasalar. Əgər qanunları pozmağa cəhd edirsə, artıq “bizimki” deyil.

Dostlardan danışırsınız. Onlardan nümayişkaranə şəkildə imtina etmirəm, ancaq hər şey təxminidir. Bu, o demək deyil ki, biz hər gün görüşürük, şampan və ya araq içirik.

-Ümumiyyətlə, nə içirsiniz?

Putin: Çay.

-İndi biz söhbətləşəndə nəsə içki gətirdilər. O nə idi?

Putin: Adi çaydır. İstəyirsiniz qonaq edim? Belə qapalı qabda gətirirlər ki, soyumasın.

Bundan əlavə mənim iş qrafikim də gərgindir, dostlarla tez-tez görüşməyə heç vaxt da yoxdur. Hətta qızlarımla ayda cəmi bir-iki dəfə görüşə bilirəm, üstəlik ona da vaxt tapmaq lazımdır.

-Onlar indi hansı ölkədədir?

Putin: Rusiyada, hansı ölkədə olacaqlar ki?!

-Burada?

Putin: Əlbəttə. Moskvada yaşayırlar. Evdə görüşürük…

Bəli, sizin dediyiniz adamlarla xoş münasibətlərim var. Çalışıram ki, universitetdə bir kursda oxuduğum tələbə yoldaşlarımla da əlaqə saxlayım.

-Onlar milyarder olmaya da bilər?

Putin: Heç də yox! Adi adamlardır. Əsasən hüquq-mühafizə orqanlarında, inzibati orqanlarda işləyirlər.

-Adlarını çəkək?

Putin: Axı onlar çoxdur, 80 nəfərdir! Ad çəksəm, kiminsə xoşuna gələcək, kiminsə əksinə. Axı bir hissəsi keçmiş Sovet İttifaqının başqa respublikalarında yaşayır, mənimlə təmaslarının olması onlara müəyyən təhdid yaradardı.

-Ukraynada da var?

Putin: Orada da var, Gürcüstanda da, başqa respublikalarda da.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button